“Meşələrdə silahlı ekstremist dəstələr var” – Generaldan açıqlama

“Meşələrdə silahlı ekstremist dəstələr var” – Generaldan açıqlama

15 Mart 2021 14:45
Bəyəndim (6) Bəyənmədim (0)

Azərbaycan Ordusu bu gündən 10 min nəfərədək şəxsi heyətin iştirakı ilə əməliyyat-taktiki təlimlərə başlayıb. Budəfəki təlimlərə 100-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub.

Oxuməni.az-ın verdiyi xəbərə görə, yayılan rəsmi məlumatlarda qeyd olunur ki, təlimlər Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilir. Özü də bu təlimlər Azərbaycan Ordusunda qoşun (qüvvə) növlərinin cəlb edilməsi ilə baş tutacaq. Möhtəşəm qələbədən sonra ilk dəfə baş tutan təlimlərə dronların cəlb edilməsi də ilkdir. Daha bir ilk isə anti-terror əməliyyatları ilə bağlıdır. Yəni, hərb tariximizdə ilk dəfə olaraq milli ordumuzun şəxsi heyəti anti-terror əməliyyatları üzrə tapşırıqları icra edəcək. Adətən anti-terror əməliyyatları xüsusi xidmət və hüquq-mühafizə orqanlarının silahlı kontingentinin iştirakı ilə baş tutur. Dronların bu təlimlərə cəlb edilməsi də Qarabağda yeni anti-terror əməliyyatlarının başlaması ilə bağlı müəyyən impulslar verir. Qars təlimlərindən sonra ordumuzun say-seçmə tərkiblə təlimlər keçirməsi əslində nəyin hazırlığıdır?

Azərbaycan Ordusunun ehtiyatda olan general-leytenantı Yaşar Aydəmirov Publika.az-a açıqlamasında söyləyib ki, müharibədən sonra bu cür taktiki təlimlər labüddür: “Çünki pilotsuz uçuş aparatları, motodor və morodorların istifadəsində müəyyən texniki yeniliklər var. Eyni zamanda, müharibədən sonra qazanılmış müəyyən təcrübə bu yeniliklər fonunda daha da inkişaf etdirilməlidir. Yeniliklər fonunda müharibədə qazanılan təcrübələr daha da təkmilləşdirilməlidir. Bu cür təlimlər həm də digər qoşun növlərinin özünü təsdiqləməsi üçün keçirilir. Yəni, təlimlərdə digər qoşun növlərinin iştirakı ilə keçiriləcək təlimlərlə daha hansı nəticələr qazanmaq olar. Təlimə qoşulan qüvvələrdə ştatlarda hansı dəyişikliklər edilməlidir. Bunlar araşdırılacaq. Əldə edilmiş nəticələri daha da irəliyə aparmaq üçün bu kimi təlimlər mütləqdir”.

General Y.Aydəmirov qeyd edib ki, ermənilər oturan yerlərdə, meşələrdə müəyyən silahlı ekstremist dəstələr var. Biz hər bir vəziyyətə hazır olmalıyıq: “Elə etməliyik ki, onlar özləri əllərini qaldırıb qalan yaşayış məntəqələrini qaytarsınlar. Onlar son dövrlər sarsaq-sarsaq müşavirələr keçirirlər. Deyirlər ki, vaxtilə Azərbaycandan gedən ermənilərə Xocavənddə evlər tikəcəyik. Bundan başqa, keçmiş qondarma rejimin “bayrağını” götürüb Xankəndinin ortasından keçirlər. Yəqin bu kimi əməlləri birdəfəlik susdurmaq üçün bu işlər hazırlanır. Dəfələrə mediada, mətbuatda da gedib ki, ermənilər bir neçə dəfə Azərbaycanın xəbəri olmadan mülki insanların əlinə silah verərək Ermənistandan Qarabağa göndərir. Bu kimi hallara nəzarət etmək üçün addımlar atıla bilər”.

Generalın sözlərinə görə, Zəngəzur dəhlizinin açılmasını tezləşdirmək üçün də müəyyən məsələlər izlənilməlidir: “Bugünkü vəziyyət elədir ki, hələ də Azərbaycan ərazisində terrorçular qalır. Qanunsuz hərbi birləşmələri susdurub yerinə oturtmaq üçün hər an hər şeyə hazır olmalıyıq. Anti-terror əməliyyatlarını ancaq Azərbaycan Ordusu və digər güc strukturlarının xüsusi təyinatlıları birgə keçirə bilər”.

Görünən odur ki, bu gündən başlayan təlimlər heç də sıradan deyil. Çox güman ki, 10 minlik qoşunun təlimlərdə tökdüyü tər üzümüzə gələn aylarda Qarabağda baş tuta biləcək anti-terror əməliyyatlarında zəfərlə nəticələnəcək.

Oxuməni.az