ANAMA mütəxəssisləri tərəfindən dekabr ayında 80 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib

ANAMA mütəxəssisləri tərəfindən dekabr ayında 80 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib

1 Yanvar 15:45
252
Bəyəndim (1) Bəyənmədim (0)

Ötən ilin dekabr ayında Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri tərəfindən Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Cəbrayıl, Füzuli, Xızı, Lənkəran, Tərtər, Tovuz rayonları, Bakı və Gəncə şəhərləri ərazisində 1291 944 kvadratmetr (129,19 ha) ərazi yoxlanılıb, 77 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd piyada əleyhinə mina və 1 ədəd tank əleyhinə mina (cəmi: 80 ədəd) aşkar edilərək zərərsizləşdirilib.

ANAMA-dan Oxumeni.az-a bildiriblər ki, əməliyyatlarda 459 nəfər əməliyyat heyəti, 125 inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.

Dekabr ayı ərzində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 1, Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən 7, Dövlət Sərhəd Xidmətindən 4, rayon polis şöbələrindən 2 və rayon icra hakimiyyətindən 1 müraciət daxil olub (cəmi: 15 çağırış).

Müraciətlər əsasında 14 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Abşeron, Ağstafa, Füzuli, Xızı, Lənkəran, Tərtər, Tovuz rayonları, Bakı və Gəncə şəhərləri ərazisində 6 381 kvadratmetr ərazi yoxlanılıb, 22 ədəd partlamamış hərbi sursat (PHS) və 1 ədəd tank əleyhinə mina (cəmi: 23 ədəd) aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

Agentlik tərəfindən 2019-cu il ərzində 9 059 900 kvadratmetr (906 ha) ərazi yoxlanılıb, 4 637 ədəd partlamamış hərbi sursat (PHS), 32 ədəd piyada əleyhinə mina və 32 ədəd tank əleyhinə mina (cəmi: 4 701 ədəd) aşkar edilərək zərərsizləşdirilib.

Ümumiyyətlə, agentliyin 21 ildən artıq fəaliyyəti ərzində 541 229 088 kvadratmetr (54 122,91 ha) ərazi təmizlənib, 805 856 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.

2019-cu ilin dekabr ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az