Qarabağ ermənilərinin ali baş komandanı axtarışdadır

Qarabağ ermənilərinin ali baş komandanı axtarışdadır

25 Fevral 2012 11:47
Bəyəndim (0) Bəyənmədim (0)
Xocalı soyqırımının təşkilatçılarından olan Samvel Babayan azərbaycanlı qadının əli ilə müflis olduqdan sonra Ermənistanda maliyyə fırıldaqları ilə məşğul olurmuş

Ermənistanın "Joxovurd" qəzetinin etibarlı mənbələrə istinadən verdiyi məlumata görə, Dağlıq Qarabağ separatçılarının sabiq ali baş komandanı (Xocalı soyqırımının təşkilatçılarından olan) Samvel Babayan Ermənistanda axtarışda olduğundan uzun müddətdir qaçaq həyatı yaşayır. Hazırda o, Moskvanın "Radisson Royal Moscow Hotel" mehmanxanasının deluxe nömrəsində qalır. Sabiq ordu komandanı Ermənistanda külli miqdarda maliyyə fırıldaqlarında günahlandırılır və bu ölkə tərəfindən beynəlxalq axtarışa verilib. Samvel Babayanın ailə üzvləri onun harada gizlənməsindən xəbərsizdirlər.

Xatırladaq ki, Dağlıq Qarabağ müharibəsi zamanı separatçı erməni hərbi qüvvələrinə başçılıq etmiş Samvel Babayan bir müdət əvvəl Ermənistandan qaçıb. Belə ki, ona məxsus olan "Kardan sistem" MMC-nin işləri məhkəmədədir. Şirkət külli miqdarda borca düşüb. Ermənistanın Hetq.am saytının məlumatına görə, "Kardan sistem" MMC-ni İran vətəndaşları Əli Qavami Piruzi və Şəhla Xosrocərdi adlı şəxslər təsis ediblər. Hal-hazırda onlar şirkətin səhmlərinə malik deyillər. Şirkətin müdiri vəzifəsində çalışan digər İran vətəndaşı isə hazırda axtarışdadır.

"Kardan sistem" MMC artıq bir neçə ildir inşaat taxtalarının Ermənistana idxalı ilə məşğuldur. Samvel Babayana bu imkanı uzaq qohumu və yaxın dostu olan sabiq Ermənistan prezidenti Robert Koçaryan yaratmışdı. Bu şirkət həmçinin ölkədəki gübrə importuna nəzarət edirdi.

2010-cu ilin əvvəllərindən etibarən Samvel Babayanın biznesi zərərlə işləməyə başladı. Müxtəlif mənbələr bildirirlər ki, İran tərəfi onunla müqaviləsinin müddətini uzatmaqdan imtina etdi. Bəziləri isə iddia edirlər ki, iranlılar, yəni şirkətin ilk təsisçiləri bilərəkdən onun biznesini çökəltdilər. Beləcə, sabiq ordu komandanı borca düşdü.

Samvel Babayan vəziyyətdən çıxmaq üçün 16 mülkünü girov qoyaraq Ermənistan banklarından 2 milyon dollara qədər kredit götürdü.

İflas məsələləri üzrə dövlət idarəsinin rəhbəri Qrant Qambaryan mövcud məsələyə toxunarkən qeyd edib ki, şirkətin möhürü, sənədləri və müdiri axtarışa verilib: "Mən Samvel Babayanın "Kardan sistem" MMC-nin həqiqi sahibi olduğunu bilirəm. Lakin sənədlər əlimdə olmadığı üçün bunu nə təsdiq, nə də inkar etmək imkanım yoxdur. Bir şey məlumdur ki, müəssisənin külli miqdarda borcu var və indiki şəraitdə onu ödəmək qeyri-real görünür".

Qeyd: Erməni mənbələrinin iddialarını əsas götürərək "Kardan sistem" MMC-nin iranlı təsisçiləri barədə araşdırma apardıq. Məlum oldu ki, məlumatda adı keçən Şəhla Xosrocərdi məşhur Xosrocərdilər nəslinə mənsub olan, hazırda Tehranda yaşayan etnik azərbaycanlıdır.

İlahi ədalət prinsipi növbəti dəfə bərqərar oldu. Bir zamanlar günahsız azərbaycanlıları qətlə yetirənlərə başçılıq edən şəxs azərbaycanlı qadının əli ilə müflis oldu və vətən hesab etdiyi ölkədən qaçmaq məcburiyyətində qaldı. Çünki günahsız Xocalı qurbanlarının ahı yerdə qala bilməzdi!

Natiq Qocaman

O.M.