ARAŞDIRMA-Millətinə layiq terrorist qəhrəman

ARAŞDIRMA-Millətinə layiq terrorist qəhrəman

4 Yanvar 2012 19:19
4 536
Bəyəndim (0) Bəyənmədim (0)
Qiyamət günü hər kəs öz əməlinə görə cavab verməli olacaq

AD GÜNÜ

Ötən il 25 noyabr günü ermənilər dünyanın ən qorxulu terroristlərindən birinin doğum gününü qeyd etdilər. Nə qədər qəribə səslənsə də, bu, Ermənistan Respublikasının milli qəhrəmanı Avo Monte Melkonyan idi. Ümumiyyətlə, qonşu ölkənin 15 milli qəhrəmanından ikisi dünyaca məşhur terrorist olub. Bugünkü məqalədə onlardan biri haqda - dünya ictimaiyyəti tərəfindən təhlükəli terrorist sayılan Avo Monte Melkonyan barədə məlumat verəcəyik. Əvvəlcədən qeyd edək ki, məhz bu şəxs erməni ideologiyasının ən çox təbliğ etdiyi, bütə çevirməyə çalışdığı insandır. Qəribədir ki, rəsmi Ermənistan beynəlxalq terroristi xalq qəhrəmanı kimi qiymətləndirir. Onun ləkəli adını bu gün İrəvanda bir universitet, bir məktəb, bir körpü, bir xeyriyyə fondu və bir hərbi hissə daşıyır. Bu isə Ermənistan dövlətinin terrora və terrorçulara verdiyi ən yüksək qiymətin göstəricisidir. Bununla belə, həqiqətin gözünə dik baxa bilən sadə ermənilər adıçəkilən terroristin doğum gününə laqeyd yanaşdılar. Həmin gün İrəvanda demək olar ki, heç bir anım mərasimi keçirilmədi. Dağlıq Qarabağın Martuni şəhərində isə bir neçə nəfər terroristin heykəli önünə çiçək qoymaqla kifayətləndi. Göründüyü kimi, həqiqətdən az-çox xəbəri olan vətəndaşlar bu insanın terrorist xislətinə nəinki rəğbət bəsləyirlər, bəlkə də nifrət edirlər! Belə ki, məhz Avo Monte və onun kimi əcnəbi təxribatçılar erməni xalqını qonşuları ilə düşmənə çevirməyi bacardılar.

TERRORİSTİN HƏYAT YOLU

Avo Monte Melkonyan 1957-ci ilin 23 noyabr günü ABŞ-ın Kaliforniya ştatının Visaliya şəhərində dünyaya gəlib. 1978-ci ildə Livana köçərək vətəndaş müharibəsində fəal iştirak edib. Daha sonra Türkiyədə PKK terror təşkilatının tərkibində dinc kəndlilərin qətlini təşkil edib. 1980-ci ilin yazında terrorçu ASALA erməni terror təşkilatına daxil olaraq hərbi təlim alıb. O, Roma, Afina və digər Avropa şəhərlərində dinc vətəndaşlara qarşı təşkil olunan terror əməliyyatlarında birbaşa və ya dolayısı ilə iştirak edib. Onun rəhbərliyi ilə Livanda və Yəməndə terroristlərin hazırlanması üzrə hərbi bazalar yaradılıb. Avo Monte Melkonyan 1981-ci ilin 24 sentyabr günü "Van əməliyyatı" adlı terror hadisəsini təşkil edənlərdən biri olub. O, saxta sənədlərlə ikinci dəfə Fransaya soxularaq 1983-cü ildə Parisdəki Orli hava limanında "Türk Hava Yolları" şirkətinin kassaları qarşısında partlayış təşkil edib. Nəticədə, 5 nəfər mülki vətəndaş həlak olub, 55 nəfər müxtəlif dərəcəli bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Terrorist Fransada həbsə alınsa da, vaxtından əvvəl azadlığa çıxa bilib. Lakin Cənubi Yəmənə sürgün edilsə də, 90-cı illərdə gizli yollarla Ermənistana, oradan da Dağlıq Qarabağa gəlib. Dinc azərbaycanlı əhalisinə qarşı vuruşaraq Qaradağlı və Xocalıda yüzlərlə günahsız insanın qətlinə səbəb olub. Daha sonra Martuni batalyonunun komandiri kimi Laçının, Kəlbəcərin və Ağdamın bir neçə kəndinin işğalında şəxsən iştirak edib.

SOYUQLUQ

Onu da qeyd edək ki, erməni mənbələrinin məlumatına görə, terrorist 1992-ci ilin yazında bir müddət qeyri-müəyyən səbəblərdən Dağlıq Qarabağı tərk etmişdi. Son dövrlərin araşdırmalarından görünür ki, məhz yerli əhali ilə fikirlərinin üst-üstə düşməməyi onu bu addımı atmağa məcbur etmişdi. Hadisələrə bu prizmadan yanaşsaq, müasir zamanda bəzi sağlam düşüncəli ermənilərin bu terroristə qarşı soyuq münasibətinin səbəbini anlaya bilərik.

Hadisələri qabaqlayaraq qeyd edək ki, Avo Monte Melkonyan 1993-cü ilin iyun ayında Xocavənd rayonunun Muğanlı kəndində azərbaycanlılardan ibarət kəşfiyyat-diversiya qrupunun pusqusuna düşərək məhv edilib. İbad Hüseynovun rəhbərlik etdiyi əməliyyatda iştirak etmiş Elçin Qəhrəmanov xatirələrində yazır: "2001-ci ildə Rusiya Federasiyasının Həştərxan şəhərində olarkən keçmiş erməni döyüşçüsü ilə təsadüfi tanışlığım olduqca maraqlı söhbətə səbəb oldu. Mən eşitmişdim ki, bu şəhərdə Xocavənddən olan bir erməni "Artsax" adlı kafe işlədir. Qərara aldım ki, həmin kafeyə gedib illər boyu bizə qarşı vuruşan ermənilərlə söhbət edim. Etiraf edim ki, hətta mənim kim olduğumu, kafeyə nə üçün gəldiyimi, məqsədimi öyrəndikdən sonra o, mənimlə söhbət etməyə məmnuniyyətlə razılıq verdi. Sadə bir məqsədim var idi, Qarabağ dövrünün ötən günlərini müzakirə etmək. Təbii ki, aramızda səmimi, mehriban münasibət yarandı. Ən azı ona görə ki, biz indi başqa bir ölkənin ərazisində idik. Hər adamın səmimiyyətə ehtiyacı var. Bəzən düşmənin də fikrini eşitmək maraqlı olur. Söhbət zamanı mən ona Avo Monte Melkonyanın ölümü barədə suallar verdim. Həmsöhbətim qeyd etdi ki, Avonun nə zaman, hansı şəraitdə və necə öldüyünü yaxşı xatırlayır. Onun sözlərinə görə, Qarabağ erməniləri öz xoşları ilə vuruşmurdular. "Avo kimi özünü fədai adlandıran terroristlər onları silaha sarılmağa məcbur edirdilər. Belə gəlmələrin öz cəza dəstələri olurdu. Yerli ermənilər sizə qarşı vuruşmağa məcbur idilər", - deyə erməni həmsöhbətim ürək ağrısı ilə qeyd etdi. Erməninin sonrakı sözləri məni daha da təəccübləndirdi. O, ətrafdakı ermənilərdən çəkinmədən deyirdi: "Avo öz axmaq fikirləri ilə bizi bezdirmişdi. Olduqca qəddar idi. Onun ölümünü biz sevinclə qarşıladıq. Hətta buna görə bəzi ermənilər sizə minnətdar idilər. Avonun meyitini biz 3 gündən sonra tapsaq da, başını tapa bilmədik. Martunidən olan ermənilər bunu təsdiq edə bilərlər." Mən erməniyə bildirdim ki, Avonu məhz biz öldürmüşük. Ona aid şəxsi bloknotu, fotoşəkilləri, qələmi, qol saatını, avtomatı da biz götürmüşük. Onun cansız bədənini isə Muğanlı kənd orta məktəbinin bağçasında gizlətmişik. Doğrusu, erməni mənim bu sözlərimə heç bir reaksiya vermədi. Çünki həqiqəti mənim qədər bilməsə də, Avonun 3 gün axtarışlardan sonra tapılan başsız bədənini görmüşdü.

Səhəri gün ermənilər məni həmin kafeyə dəvət etdilər. Bu görüşümüz də son dərəcə səmimi şəraitdə baş tutdu. Onlar çəkinmədən deyirdilər: "Məgər biz vuruşmuşduq ki, əzizlərimizi, yaxınlarımızı itirək, sonra isə bir parça çörək qazanmaq üçün Rusiyaya səpələnək?"

Fikrimizcə, Elçin Qəhrəmanovun illər sonra döyüşdə iştirak etmiş ermənilərlə söhbəti bir çox həqiqətləri üzə çıxardı. Məlum oldu ki, hətta bəzi ermənilər terrorist Avo Monte Melkonyanın və onun simasında digər əcnəbi ermənilərin qəddarlığından narazı idilər. Doğrudur, Azərbaycanın işğal olunmuş ərazilərində hər bir erməninin mənəvi günahı var, amma bir şeyi etiraf etməliyik ki, 90-cı illərin əvvəllərində hadisələr nəzarət altına alınsaydı, beynəlxalq terroristlər Dağlıq Qarabağa ayaq aça və yerli erməni əhalisini silaha sarılmağa məcbur edə bilməzdilər. Bu baxımdan Avo Monte Melkonyanın doğma qardaşı Markar Melkonyanın qələmə aldığı memuarda bir fikir diqqətimizi cəlb etdi. O yazırdı: "yerli ermənilər Qaradağlı və Xocalıya qarşı hücuma narazı idilər."

AĞLI-QARALI İLAN

Biz nə qədər danışsaq da, ermənilər torpaqlarımızı işğal edib dinc əhalimizi amansızcasına qətlə yetiriblər. Bu həmlələrdə minlərlə günahsız vətəndaşımızın qanı tökülüb. On minlərlə insanımız şikəst olub, yüz minlərlə vətəndaşımız fiziki-mənəvi zədə alıb, bir milyondan artıq əhali öz ata-baba yurdunda məcburi köçkünə çevrilib. Bütün bunlara baxmayaraq, ermənilər bizim qanımızla saxta salnamələr yazıblar. Uydurma ideologiyalar ətrafında cinayətkarları qəhrəmana çeviriblər. Yalan, qan-qarğış, talan üzərində iblisləri mələyə çevirməyə çalışıblar. Lakin zaman keçdikcə həqiqət öz yerini tapmağa başladı. O cümlədən terrorist Avo Monte Melkonyanın ölümü barədə uydurulmuş mifə son qoyuldu. Məlum oldu ki, o, Ağdamın Mərzili kəndində gedən döyüşlərdə "qəhrəmancasına" həlak olmayıb, Xocavənd rayonunun Muğanlı kəndində 22 yaşlı azərbaycanlı oğlu İbad Hüseynovun qarşısında diz çökərək məhv edilib. Bunu terroristin üzərindən götürülən şəxsi əşyalar, onun dəfni zamanı başının bədəninə tənziflə bağlanması faktı və şahidlərin ifadələri sübuta yetirir. Hətta bir çox ermənilər də bu uydurma qəhrəmanın taleyindən xəbərdardırlar. Onlar yaxşı bilirlər ki, Avo Monte Melkonyan İbad Hüseynovla təkbətək görüşdə tərk-silah edilib və zərərsizləşdirilib. Ancaq buna baxmayaraq, nankor qonşularımız saxta qəhrəmanlıq salnamələri yaratmaq üçün həmişəki kimi yalana əl atırlar. Çünki heç bir dövrdə bu qul xislətli xalqın qəhrəmanları olmayıb və belə getsə, olmayacaq da. Ən yaxşı halda onlar günahsız insanların qanını tökmüş terroristlərə qəhrəman deyə bilərlər. Bu isə insani dəyərlər baxımından ən azı mənəviyyatsızlıq kimi qiymətləndirilməlidir.

SON SÖZ ƏVƏZİ:

Ermənistanın milli qəhrəmanı, dünyaca məşhur terrorist Avo Monte Melkonyanın insanlıq qarşısında yeganə bir xidməti olub. O, ölümü ilə minlərlə insanın həyatda qalmasına şərait yaradıb. Daha dəqiq desək, yaşasaydı, hələ neçə-neçə günahsız insanı qətlə yetirəcək, gözüyaşlı qoyacaqdı. Onun ölümü bəşəriyyətin yaşamasına səbəb olub. Gördüyünüz kimi, xeyirlə-şərin əbədi mübarizəsində bu dəfə də xeyir şərə qalib gəldi. Necə ki, mələk cildinə girmiş şeytan xislətli ermənilər əvvəl-axır öz layiqli cəzalarını alacaqlar. Biz bütöv bir xalqa pislik arzulamırıq. Əsla. Haqqa tapınanlar və ya zamanında tövbə edib doğru yola qayıdanlar xeyir qapısından keçə biləcəklər. Yerdə qalanlar isə axıtdıqları göz yaşlarına, tökdükləri qana və ya bu şəraiti yaratdıqlarına görə Ulu Tanrı qarşısında cavab verməli olacaqlar! Avo Monte Melkonyanlar da, onları qəhrəman edən xəstə düşüncəli insanlar da öz əməllərinin nəticəsini görəcəklər!

Natiq Qocaman

O.M.

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.