Serj Sarkisyan kürəkənini vəzifədən qovdu

Serj Sarkisyan kürəkənini vəzifədən qovdu

4 Noyabr 2011 14:02
Bəyəndim (0) Bəyənmədim (0)
Mikael Minasyan qayınatasına prezident olmaq istədiyini dəfələrlə bildirmişdi

Ermənistanın "Aykakan Jamanak" qəzeti yazır ki, dünən istefalar paradında gözlənilməz hadisə baş verdi. Serj Sarkisyanın fərmanı ilə Prezident Administrasiyası rəhbərinin müavini, eyni zamanda prezidentin kürəkəni olan Mikael Minasyan (Mişik) vəzifədən uzaqlaşdırıldı. Analitiklərin fikrincə, o, faktiki olaraq ölkəni idarə edirdi və kadr siyasətində qayınatasına təsir göstərirdi. Belə ki, İrəvan merinin və prezident aparatı rəhbərinin işdən çıxarılması onun təklifi ilə baş vermişdi.

Bir müddət əvvəl Wikileaks-də belə bir məlumat yayılmışdı ki, Serj Sarkisyan ölkədə at oynadan oliqarxların fəaliyyətini məhdudlaşdırmalı, normal biznesmenlərə şərait yaratmalı idi. Lakin sonradan o, kürəkəninin xatırlatmalarına baxmayaraq, ABŞ diplomatlarına verdiyi vədə əməl etmədi. İndiki halda kürəkənin istefaya göndərilməsi prezidentin bir növ mafioz oliqarxlara töhfəsi sayıla bilər.

Ermənistanın "Qraparak" qəzetinin məlumatına görə, yeni fərmanın ən əsas səbəbi odur ki, kürəkən özünü Serj Sarkisyanın sələfi kimi hiss edirdi. O, qayınatasına Ermənistanın növbəti prezidenti olmaq istədiyini dəfələrlə demişdi.

Ermənistandakı son kadr dəyişikliyini cinayət aləminin "razborka"larına bənzətmək olar. Çünki bu ölkə kriminal qaydalarla idarə olunur və sakinləri dustaq həyatı yaşayır...

Sərvər Aslanov

O.M.