VİDEO-Ermənistan hökuməti Avropa məhkəməsinə verilib

VİDEO-Ermənistan hökuməti Avropa məhkəməsinə verilib

17 Aprel 2011 20:03
Bəyəndim (0) Bəyənmədim (0)
Bu ölkədə mətbuat azadlığı yoxdur

Ermənistan Respublikasının 3 təşkilatı hökumətə qarşı iddia ərizəsi ilə Avropanın İnsan Haqları məhkəməsinə müraciət edib. Strasburqda təcili surətdə hər 3 üç şikayətə baxmaq qərara alınıb.

Onlardan biri haqda Rusiyanın PİK kanalı İrəvanda jurnalist təhqiqatı aparmışdır.

Dünən televiziya süjeti ilə ictimaiyyətə çatdırılan nəticələr olduqca maraqlıdır. Belə ki, söhbət qonşu ölkədə ən çox satılan "Aykakan Jamanak" (tərcüməsi: respublika xəbərləri) adlı gündəlik qəzetin baş redaktoru Nikol Paşinyandan gedir.

Paşinyan hələ 2008-ci ilin prezident seçkilərində radikal müxalifətçi Levon Ter Petrosyanın fəal silahdaşı sayılırdı. Odur ki, qanlı 1 mart hadisələrinin birbaşa iştirakçısı olmuşdu. Qırğının səhəri günü o, vətəndaşları dövlətin güc strukturlarına qarşı barrikadalar qurmağa səsləyənlərdən biri idi.

Məhz buna görə də Paşinyan 1 ildən artıq bir müddətdə yerli hüquq-mühafizə orqanlarından gizlənməli oldu. Lakin sonradan könüllü surətdə təslim oldu. Məhkəmənin qərarı ilə "Kütləvi iğtişaşların təşkili" maddəsi ilə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına layiq görüldü.

Bir müddət keçmiş əfv fərmanına düşən redaktorun cəzası yarıbayarı endirildi.

Müttəhimin vəkili bu haqda jurnalistlə söhbətində deyib: "Biz əminik ki, Avropa məhkəməsi məsələni detallarla araşdırdıqdan sonra bizim təqdim etdiyimiz faktları nəzərə alacaq və biz Ermənistan məhkəmələrindəki münasibətlə rastlaşmayacağıq. Ermənistanda məhkəmələrin müstəqillik və tərəfsizlik problemi var."

Ölkənin iqtidarda olan Respublikaçılar partiyasının mətbuat katibi Eduard Şarmazanov isə məsələnin siyasi motivlərini inkar edərək bildirib: "Qoy hər bir detal hüquqi aspektdə araşdırılsın və qanunlarla həll olunsun."

Dövlət rəsmisi Ermənistan cinayət məcəlləsində və məhkəmələrində islahatların aparıldığını deməklə bir növ opponentinin fikrini təsdiq etmiş oldu.

"Aykakan Jamanak" qəzetinin nümayəndəsi Ayk Gevorkyan isə çıxışında qeyd etdi ki, məlum hadisələrdən sonra qəzet baş redaktorsuz nəşr olunur... Heç nəyə baxmayaraq nəşr olunmaqda davam edəcək.

Əgər Avropa məhkəməsi Paşınyana bəraət qazandırmazsa, o, yalnız 2013-cü ilin mayında azadlığa çıxa biləcək. Bu isə yaxın aylarda bəlli olacaq.

Xatırladaq ki, bundan əvvəl Ermənistanın ən böyük tiraja malik qatı müxalifət qəzeti sayılan "Çorrord İnşxanatyun" (tərcüməsi: 4-cü hakimiyyət) bağlanmış, adını dəyişdirməklə fəaliyyətini bərpa edə bilmişdi.

Atalar demişkən, ilanın ağına da lənət, qarasına da. Atalarımızın bir sözünü də yada salmaq yerinə düşərdi: "İlan ulduz görməsə, canını tapşırmaz!"

Natiq Qocayev (Qocaman)