Prezident Milli Qəhrəman Çingiz Qurbanovun ailəsi ilə bağlı tapşırıqlar verib

Prezident Milli Qəhrəman Çingiz Qurbanovun ailəsi ilə bağlı tapşırıqlar verib

15 Fevral 2017 14:34
188

Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə Milli Qəhrəman Çingiz Qurbanovun ailəsi Bakıda mənzillə təmin olunub.

Apa-nın xəbərinə görə, dövlət başçısı Ç. Qurbanovun ailəsinin sosial təminatının gücləndirilməsi, həmçinin Bakıda üçotaqlı mənzillə təmin olunması və həmin mənzildə təmir işlərinin həyata keçirilməsi ilə bağlı dövlət orqanlarına göstəriş verib. Milli Qəhrəmanın ailəsinə Qusar rayonunda ayrılmış torpaq sahəsində də fərdi yaşayış evi tikiləcək.

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Çingiz Salman oğlu Qurbanov 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub.

Ç.Qurbanovun cəsədi Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb. Bakıda təntənəli vida mərasimi keçirildikdən sonra şəhid Ç.Qurbanov fevralın 6-da doğulduğu Qusar rayonunda dəfn edilib.

Fevralın 7-də Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Qurbanova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilməsi barədə Sərəncam imzalayıb.

Dövlət başçısı fevralın 9-da Milli Qəhrəman Çingiz Qurbanovun ailəsini qəbul edib.

Mediainfo.az