VİDEO-Qarabağ erməniləri müharibəyə hazırlaşırlar

VİDEO-Qarabağ erməniləri müharibəyə hazırlaşırlar

22 Sentyabr 2011 16:33
Bəyəndim (0) Bəyənmədim (0)
Biz isə hələ də münaqişə ətrafında danışıqlara hazırlaşırıq

Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın 20 faiz ərazisi işğal olunub, 1 milyondan artıq vətəndaş öz yurdundan didərgin düşüb. Heç zaman ermənilərə və ya Ermənistana məxsus olmayan bu ərazilər 20 ildən artıqdır ki, müzakirələr mövzusuna çevrilib. Acınacaqlısı odur ki, danışıqlar prosesində yerli əhalinin iradəsi nəzərə alınmır. Hətta bəzi hallarda Azərbaycanın haqlı mövqeyi də yersiz tənqidlərə və təzyiqlərə məruz qalır. Bu zaman təbii suallar yaranır: "Biz kimlərlə və nə üçün danışırıq? Doğrudanmı qarşı tərəf kompromisə hazırdır?" Axı ermənilər dəfələrlə müxtəlif tribunalardan bəyan ediblər ki, işğal etdikləri torpaqları azad etmək fikrində deyillər. İndi isə Qarabağın erməni əhalisi bu fikri açıq-aydın səsləndirməyə başlayıb.

Ermənistanın "Susmayacağıq" gənclər hərəkatı Dağlıq Qarabağın erməni əhalisinin sülh prosesi haqda fikirlərini əks etdirən video süjet hazırlayıb. Respondentlər sülh danışıqlarının faydasız olduğunu, Dağlıq Qarabağın Azərbaycanın tərkibində olması ilə razılaşmayacaqlarını bildiriblər. Onlar bu yolda silahlı müqavimətə hazır olduqlarını da bildiriblər. Süjet Ermənistanda akkreditasiya olunmuş Minsk qrupu ölkələrinin - ABŞ, R.F və Fransanın səfirlərinə çatdırılıb.

Süjet müəllifləri onu da "təəssüflə" qeyd edirlər ki, ermənilərin taleyini dünya ictimaiyyəti həll edir. Qəribədir ki, məktubun sonunda bu cümlələr yazılıb: "Lakin doğma torpaqların və azadlığın taleyinə sahib olmaq hüququ yalnız xalqa məxsusdur. Ondan başqa heç kimə."

Artıq dünya da ermənilərin mövqeyi ilə tanışdır. Bununla belə, biz yenə də əcnəbi nağıllara inanmaq istəyirik. Nağıllar isə uşaqlar üçün yazılır. Bizim müstəqilliyin artıq 20 yaşı var. Nağıllara inansaq belə, gəlin hamılıqla bir həqiqəti dərk edək: "3 başlı əjdahanın (Ermənistan, separatçılar, diaspora) başı kəsilməmiş xeyir şərə qalib gələ bilməz!"

Natiq Qocaman

O.M.