İrəvandakı silahlı qrupun liderinin vəziyyəti ağırdır

İrəvandakı silahlı qrupun liderinin vəziyyəti ağırdır

27 İyul 2016 10:34
Bəyəndim (0) Bəyənmədim (0)

İrəvanda post-patrul alayının binasını iyulun 17-də ələ keçirmiş silahlı qrupun lideri Pavel Manukyanın və onun oğlunun vəziyyəti ağırdır.

"Erebuni" tibb mərkəzinin icraçı direktoru Mikael Manukyanın sözlərinə görə, yaralılar gecə saat 01.00 radələrində xəstəxanaya gətiriliblər: "Pavel Manukyan və oğlu ayaq, baldır, bud nahiyələrindən güllə yaraları alıb. Həmçinin onlarda qəlpəli sınıqların olduğu müəyyən edilib".

Reanimasiya şöbəsinin rəhbəri Arutyun Manqoyan isə Pavel və Aram Manukyanların süni nəfəs aparatına qoşulduqlarını bildirib.

"Xəstələrin səhhəti ilə bağlı nə isə demək hələ tezdir, azı 48 saat gözləmək gərəkdir", - deyə həkim bildirib.

O, əlavə edib ki, atışma zamanı bud nahiyəsindən yaralanmış polis zabitini vəziyyəti orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, ötən gecə İrəvanda polis alayının binasını ələ keçirmiş silahlı qrupun iki üzvü polisə təslim olub.

Bu barədə Ermənistan polisinin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan bildirib. Onun sözlərinə görə, təslim olan silahlılar Qaqik Yegiazaryan və Aram Akopyandır.

"Polis alayı binasının həyətində atışma baş verib. Nəticədə polis zabiti və silahlı qrupun üzvləri Pavel Manukyan və onun oğlu Aram yaralanıblar. Yaralılar xəstəxanaya aparılıb", - deyə Aşot Aqaronyan bildirib.

Hazırda atışma dayandırılıb. Silahlı qrupun üzvlərinin təslim olunması istiqamətində danışıqlar davam etdirilir.

Mediainfo.az