Ermənistanda qəbiristanlıqlar kütləvi şəkildə talan olunur

Ermənistanda qəbiristanlıqlar kütləvi şəkildə talan olunur

26 Avqust 2011 17:37
Bəyəndim (0) Bəyənmədim (0)
Dövlət və cəmiyyət bu problemin qarşısını almaqda acizdir

Qalib olmaq istəyirsənsə, düşmənini hər zaman göz önündə saxla.

(Corc Sevil Halifaks)

Bəli, bizdən asılı olmayan səbəblərdən artıq 23 ildir Ermənistan Azərbaycana düşmən kəsilib. 20 faiz torpaqlarımız işğal olunub, 1 milyondan artıq həmvətənimiz ata-baba yurdundan didərgin düşüb, 100 minlərlə günahsız insan şəhid olub və ya fiziki, mənəvi cəhətdən şikəst edilib. Odur ki, biz həqiqətdən üzümüzü çevirib problemləri görməyə bilmərik. İndiki şəraitdə hər birimiz düşmənimizi tanımalı, son həmlə ərəfəsində partizanlıq etməliyik. Bunun üçünsə Ermənistan cəmiyyətini daim diqqət mərkəzində saxlamalı, bu ölkədə baş verən hadisələri yaxından izləməliyik.

Ermənistanda kök salmış problemlər haqda "Partizan" rubrikasında çox yazmışıq. Bu gün isə erməni cəmiyyətinin acınacaqlı vəziyyətini əks etdirən dəhşətli bir hadisədən söz açacağıq. Daha doğrusu, qonşu ölkədə adi hala çevrilmiş qəbiristanlıq oğruluğundan bəhs edəcəyik. Əvvəlcədən qeyd edək ki, bu cür hallara ölkəmizdə də rast gəlinir. Lakin onlarla fərqimiz ondan ibarətdir ki, erməni oğruları adi mismardan tutmuş qırıq daş parçasınadək hər bir şeyə meyl salırlar. Ən acınacaqlısı isə odur ki, bu cür hallar cəmiyyətin kasıb təbəqəsi tərəfindən qınanmır. Əksinə, yaşamaq üçün yeganə çıxış yolu sayılır. Kasıblar isə Ermənistan cəmiyyətində müqayisə olunmaz dərəcədə çoxluqdadır.

Ermənistanın Hetq.am saytının "Darvazanı möhkəm qaynaq et" başlıqlı məqaləsində yazılır: "... Oğruları daha çox metal əşyalar maraqlandırır. Onlar bununla kifayətlənmirlər. Əlvan metallardan əlavə büstləri, daşları, rəngli vazaları, hətta qırıq daş parçalarını da aparırlar. Oğurlanmış əşyaları əsasən metalların qəbulu məntəqələrinə təhvil verirlər. Bəzən oğurluq halları planlı şəkildə və ya sifarişlə bir qrup insan tərəfindən həyata keçirilir. Buna nəzarət və ya müdaxilə etmək mexanizmi isə yoxdur. Oğurluq əşyalar necə qəbul olunur, bilinmir. Təkcə o dəqiqdir ki, hər biri əvvəlcədən emal olunaraq tanınmaz hala salındıqdan sonra qəbul məntəqəsinə təhvil verilir. "Əhaliyə xüsusi xidmət" bələdiyyə təşkilatının mühəndisi Razmik Arutunyan bu barədə ürək ağrısı ilə danışır: "1988-ci ilə qədər bu cür halların baş verdiyini xatırlamıram. Amma indi insanlar ağıllarını, abırlarını və vicdanlarını itiriblər. Əksər hallarda oğurluğa çətin sosial vəziyyətlə bəraət qazandırmağa çalışırlar. Bu, kütləvi hal alıb. Qəbiristanlığın nə günahı var? Məzarlıq əsrlər boyu müqəddəs məkan sayılıb. Orada bizim ulularımız yatır. Şəxsi mənafe naminə bunu unutmaq ayıbdır və cinayətdir.""

Son söz əvəzi:

Həmişəkindən fərqli olaraq bu dəfə məqaləni "Erməni kimdir" sualının cavabı ilə bitirmirik. Dini və mənəvi dəyərlərini satan bir millətin kim olduğu onsuz da hamıya bəllidir. Odur ki, fikrimizi xaçpərəstlərin müqəddəs kitabından ibrətamiz bir misalla yekunlaşdırırıq.

Fırtına qoparan qasırğaya tuş gələcək...

(Müqəddəs İncil. Peyğəmbər Huşə 8,7 ayə)

Natiq Qocaman

O.M.