
Erməni analar Serj Sarkisyana etimadsızlıq göstərdilər
Ermənistan cəmiyyətində bataqlıq sindromu davam edir. Cəmiyyət hərəkət etdikcə, vəziyyətdən çıxmağa çalışdıqca daha da dərinə batır. Heç təsadüfi deyil ki, ölkədə emiqrasiyanın miqyası faciəvi həddə qədər yüksəlib. Növbəti məqalələrdə bu mövzuya ətraflı toxunacağıq. İndi isə Ermənistan cəmiyyətinin digər faciəsindən bəhs edəcəyik. Daha doğrusu, qonşu ölkənin ordusunda baş verən neqativ hallardan, başqa sözlə desək, müxtəlif səbəblərdən ölmüş əsgərlərə qarşı biganəlikdən danışacağıq.
Bu günlərdə Ermənistan mətbuatında yer almış "Ermənistan ordusunda öldürülmüş hərbçilərin valideynlərinin E.R prezidenti Serj Sarkisyana açıq məktubu" başlıqlı məqalə diqqətimizi cəlb etdi. Məqalənin adından göründüyü kimi, valideynlər övladlarının qanının batırılması ilə razılaşmır, ölkə rəhbərliyindən cinayət faktlarına aydınlıq gətirilməsini tələb edir. Məktubda yazılır: "Cənab prezident, siz, 2011-ci ilin 27 yanvar günü görüşümüz zamanı özünüzü qanunun və Konstitusiyanın keşikçisi kimi göstərmiş, övladlarımızın ölümü ilə nəticələnən cinayətlərin açılmasına nəzarət edəcəyinizi söz vermişdiniz. O görüşdən təxminən 7 ay keçir, ancaq 5 cinayət işindən heç biri açılmayıb və qatillər cəzalarını almayıb. Baş prokuror etiraf edir ki, onun tabeliyində çalışan müstəntiqlər, prokuror köməkçiləri, hərbi prokurorlar mövcud cinayət işlərinin araşdırılmasında ciddi səhvlərə və ya cinayət əməllərinə yol veriblər. Bununla belə, o, günahkarlara qarşı sanksiyalar tətbiq etməkdən və ya onları da məsuliyyətə cəlb etməkdən imtina edir. Cənab prezident, siz faktiki olaraq bizim etimadımızı doğrultmadınız, vədinizə əməl etmədiniz, vəzifə öhdəliklərinizi yerinə yetirmədiniz. Təəssüflə əmin olduğumuzu qeyd etməliyik ki, bu cür qanunsuzluq və etinasızlıq şəraitində erməni ordusunda hərbçilərin qətlə yetirilməsi halları indən belə də davam edəcək. İmza: Anait Mıkırtıçyan, Robert Mirzoyan, Suren Ohancanyan, Nana Muradyan, Asmik Ovannisyan."
Son söz əvəzi:
Xatırladaq ki, adıçəkilən şikayətçilər övladları müəmmalı şəraitdə qətlə yetirilmiş yüzlərlə hərbçi valideynlərindən bir neçəsidir. Belə ki, təkcə bu ilin 6 ayı ərzində Ermənistanda və Dağlıq Qarabağda 219 fiziki təzyiq və qətl hadisəsi qeydə alınmışdır ki, onlardan cəmi 12-si barədə cinayət işi açılmışdır və mövcud cinayət işlərinin heç biri məntiqi həllini tapmamışdır. Məhz bu və digər neqativ hallara görə Ermənistan əhalisi orduda xidmət etməkdən boyun qaçırır. Vətəndaşların kütləvi şəkildə ölkədən emiqrasiya etmələrinin bir səbəbi də orduda hökm sürən cinayətkar şəraitdir.
Natiq Qocaman
O.M.