Azərbaycanın Rusiyadakı səfirliyi “lenta.ru” saytınun Bako Saakyanla müsahibəsinə sərt reaksiya verib

Azərbaycanın Rusiyadakı səfirliyi “lenta.ru” saytınun Bako Saakyanla müsahibəsinə sərt reaksiya verib

22 İyul 2016 11:38
Bəyəndim (0) Bəyənmədim (0)

2016-cı ilin iyulun 20-də Rusiyanın "lenta.ru" saytında işğal olunmuş Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyanla müsahibə dərc edilib.

Azərbaycanın Rusiyadakı səfirliyinin məlumatında bildirilir ki, diplomatik nümayəndəlik bununla əlaqədar Rusiyanın "KİV haqqında" 46-cı maddəsini ("Cavab hüququ") rəhbər tutaraq "lenta.ru"nun redaksiyasına müraciət edərək səfirliyin mövqeyinin dərc olunmasını xahiş edib.

Buna cavab olaraq "lenta.ru" qeyd olunan qanunun müvafiq maddəsini kobud şəkildə pozaraq səfirliyin mövqeyini işıqlandırmayacağını bildirib. Bundan başqa, redaksiya Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə müsahibə üçün şərt irəli sürüb. Səfir hazırda Rusiyanın da üzvü olduğu və tərkibində müstəsna rol oynadığı ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında münaqişənin dinc yolla nizamlanması üzrə intensiv danışıqların aparıldığı bir zamanda həmin müsahibənin təxribat olduğunu və saytın suallarına cavab verməyin məqsədəuyğun olmadığını hesab edir.

Yaranmış vəziyyəti nəzərə alaraq səfirlik qeyd olunan müsahibə ilə bağlı şərhinin dərc olunmasını vacib sayır.

Səfirliyin məlumatında son aylar ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçilik səylərinin aktivləşdiyi qeyd olunub: "Beynəlxalq ictimaiyyətin səyləri çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə ciddi iş görülür və Rusiya bu prosesdə müstəsna rol oynayır. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri (Rusiya, ABŞ, Fransa) də daxil olmaqla,BMT-yə üzv olan bütün dövlətlər Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyır, qondarma "DQR"i tanımır və danışıqlar prosesində irəliləyişə nail olmağa çağırırlar. Beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənən mürəkkəb dialoq məhz bu formatda inkişaf edir. Bu şəraitdə hər bir ehtiyatsız fikrin onsuz da mürəkkəb informasiya fonunu gərginləşdirə biləcəyi bir şəraitdə B. Saakyanın böhtanlarını yaymaq nəyə gərəkdir? Ən əsası isə odur ki, həmin böhtan xarakterli iddialar Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınması ilə bağlı Rusiyanın mövqeyinə ziddir və yaranmış vəziyyətdən çıxış yolunun tapılması istiqamətindəki səyləri heçə endirə bilər. Azərbaycan danışıqlar prosesi dövründə BMTNizamnaməsinə, beynəlxalq hüququn başlıca normaları və prinsiplərinə əsaslanan yanaşmasını həmişə açıq-aydın və dəqiq təqdim edib. Azərbaycan həmişə aydın, yekun məqsədə yönəlmiş məzmunlu danışıqlar vasitəsilə problemin sülh yolu ilə nizamlanmasının tərəfdarı olub. Azərbaycan ərazilərinin işğalına son qoyulmalı və Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi çərçivəsində erməni və azərbaycanlı icmalarının təhlükəsiz yanaşı yaşamalarını təmin edə biləcək və geniş muxtariyyət hüquqlarına malik müəyyən rejim formalaşdırılmalıdır. Ermənistan tərəfinin Azərbaycanın ərazi bütövlüyünü şübhə altına qoymaq, onun ərazilərində ikinci erməni dövləti yaratmaq və ya torpaqlarımızın bir hissəsini ilhaq etmək cəhdləri iflasa məhkumdur. Azərbaycan xalqı heç vaxt belə cəhdlərlə razılaşmayacaq. O, öz qətiyyətini 1990-cı illərin əvvəllərindəki ağır şəraitində sübuta yetirdi. Azərbaycan bu gün yaxşı hazırlıqlı orduya və geniş imkanlara malik olduğu vaxtda öz suveren hüquqlarını qorumaq əzmindədir. Bu, dəfələrlə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən bəyan edilmiş, xalqımızın dəyişməz iradəsinə və beynəlxalq hüququn normalarına əsaslanmış mövqedir. Rusiya mətbuatında bu tip müsahibələrin dərc olunması tez bir zamanda həll edilməsi tələb olunan münaqişənin nizamlanmasında vasitəçilik işində Rusiyanın müstəsna rolunun reallaşdırılmasına süni maneələr yaratmaq məqsədi güdür. Təəssüf ki, dövri olaraq bir sıra media orqanları bu tip materialların retranslyasiyasına cəlb olunurlar". (apa)

Mediainfo.az