Nazir: “Aprel döyüşlərində Azərbaycan təyinatlı məmulatlardan geniş istifadə edilib”

Nazir: “Aprel döyüşlərində Azərbaycan təyinatlı məmulatlardan geniş istifadə edilib”

20 İyul 2016 15:40
Bəyəndim (0) Bəyənmədim (0)

Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 2016-cı ilin birinci yarımilinin yekunlarına həsr edilmiş səyyar kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən Apa -ya verilən məlumata görə, nazir Yavər Camalovun sədrliyi ilə keçirilən iclasda nazirliyin birlik və müəssisələrinin istehsal, maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər geniş müzakirə edilib. Yavər Camalov ordu quruculuğunda aparılan əsaslı islahatlardan və Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən mühüm işlərdən danışıb. Qeyd edib ki, bu gün Azərbaycan Ordusu ən güclü ordular sırasındadır: "Azərbaycan Ordusu aprel ayında təmas xəttində əldə etdiyi uğurlarla - vaxtilə düşmən tərəfinin nəzarətinə keçmiş bir neçə yüksəkliyin geri qaytarılması ilə bunu bir daha sübut etdi".

Yavər Camalov aprel döyüşlərində Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində yaradılan və istehsal olunan bir sıra müdafiə təyinatlı məmulatdan geniş istifadə olunduğunu, düşmənin canlı qüvvəsinin və döyüş texnikalarının məhv edilməsində bu məhsulların mühüm rol oynadığını vurğulayıb.

Kollegiyada bildirilib ki, Müdafiə Sənayesi Nazirliyi ilk yarım ili uğurlu nəticələrlə başa vurub. Hesabat dövründə nazirliyin müəssisələrində 2016-cı il üçün nəzərdə tutulan tədbirlərin icrası davam etdirilib, respublikanın güc strukturlarının sifarişləri əsasında bağlanmış müqavilələr üzrə müdafiə təyinatlı məmulatlar istehsal olunaraq sifarişçilərə təhvil verilib. Eləcə də, mülki məmulat istehsalının genişləndirilməsi davam etdirilib. Birinci yarımillikdə istehsal olunan məmulatların 80 faizini müdafiə və xüsusi, 20 faizini isə mülki təyinatlı məmulatlar təşkil edib. Mülki təyinatlı məhsulların istehsalı üzrə proqnoza 110 faiz əməl edilib. 2016-cı ilin istehsal proqramına uyğun olaraq hesabat dövründə nazirliyin müəssisələrində yaradılma üzrə 115 mövzunu və 198 mərhələni əhatə edən elmi-tədqiqat və təcrübi-konstruktor işləri davam etdirilib.

Müdafiə təyinatlı məmulatların yaradılması sahəsində nazirliyin elm müəssisələrinin potensialından istifadə etməklə elmi-tədqiqat və təcrübi-konstruktor işləri uğurla həyata keçirilib. Nazirliyin Elmi-Tədqiqat İnstitutunda (ETİ) cari ildə 15 mövzu, o cümlədən dövlət sifarişi xətti ilə 14 mövzu üzrə elmi-tədqiqat və təcrübi-konstruktor işləri davam etdirilib. Eləcə də, Milli Aerokosmik Agentliyində (MAKA) Silahlı Qüvvələrin sifarişləri əsasında müxtəlif sahələri əhatə edən 33 mövzu üzrə elmi-tədqiqat işləri aparılıb.

Kollegiyada qeyd olunub ki, Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan məmulatlar cari ilin aprel ayında Malayziyanın Kuala-Lumpur şəhərində keçirilən "DSA-2016" XV Asiya müdafiə xidmətləri sərgisində uğurla nümayiş olunub.

Mediainfo.az