17 gün sonra ya müharibə başlayacaq, ya da...

17 gün sonra ya müharibə başlayacaq, ya da...

13 İyun 2016 10:04
Bəyəndim (0) Bəyənmədim (0)

Kremlin Qarabağ dilemması - Azərbaycanı necə qazanmalı; Rusiyanın münaqişənin həllində açar rolundan sui-istifadə limiti bitir; Kreml fürsəti yenə də qaçırsa, nəinki konfliktə, bütövlükdə bölgəyə nəzarəti itirə bilər; Putinin müşavirinin "Köçkünlər ilin sonuna geri qayıdacaq" vədi sual altında...

Ümidlər indi də iyunun sonuna nəzərdə tutulan Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşünə bağlanıb. Moskva növbəti belə bir görüşü də, söz yox ki, asanca təşkil etmək imkanındadır. Bu günədək baş tutan 20-dən çox belə təmasın çoxu məhz Kremlin moderatorluğu ilə reallaşıb. Ancaq əfsuslar olsun ki, onların heç biri Qarabağ probleminin həllində dönüş nöqtəsi ola bilməyib.

Səbəb aydındır: ona görə dönüş baş verməyib ki, Kreml bunca unikal vasitəçilik imkanlarına, heç kəsdə olmayan çözüm şanslarına rəğmən, obrazlı desək, "sabun bişirmək istəməyib". Bu görüşləri müstəsna olaraq, münaqişənin həllində öz dominant rolunu Qərbə, Azərbaycan və Ermənistana nümayiş etdirib cari maraqlarını təmin eləmək naminə təşkil edib. Yəni "əzələ nümayişi" niyyəti güdüb.

Bu dəfə də nəticə eyni olacaqmı, Kreml yenə Azərbaycan və Ermənistanı öz orbitində saxlamağa yönəlik ənənəvi taktikasına sadiq qalıb formal bir görüş təşkil eləməklə işini bitmiş hesab edəcəkmi? Prezidentlərin qarşıdakı görüşü ərəfəsində əsas sual budur. Məhz bu sualın cavabından Qarabağ münaqişəsi zonasında vəziyyətin hansı səmtə - böyük sülh sazişi, yoxsa böyük müharibə istiqamətində inkişaf edəcəyi xeyli dərəcədə bəlli olacaq.

***

Prezidentlərin budəfəki görüşü ilə ilgili gözləntini bütün əvvəlkilərdən fərqləndirən başlıca cəhət də budur - apreldəki 4 günlük müharibənin diktə elədiyi yeni reallıq, yeni status-kvo. Yeri gəlmişkən, prezident Vladimir Putinin müşaviri, politoloq Sergey Markov ən əvvəl bu reallıqdan çıxış edərək demişdi ki, sülh prosesi "Kazan formulu"əsasında gedəcək və köçkünlər hətta bu ilin sonuna geri qayıda bilərlər.

Markovun dediyi proses başlayıbmı, gedirmi, yoxsa hər şey 2 apreldən öncəki axarına qayıdıb və Vyana görüşü də gözdən pərdə asmaq üçün qurulmuş bir fars olub? Bunu yəqin ki, prezidentlərin növbəti üçtərəfli danışıqlarından sonra biləcəyik. Bir şeyi əminliklə söyləmək mümkündür ki, Moskvanın konfliktin həllində dominant (açar) rolundan sui-istifadə limiti başa çatmaqdadır. Çünki indi məhz o dönəmdir ki, heç də həmişə pis sülh müharibədən yaxşı deyil.

Kreml dəhlizlərində yəqin ki, bütün bunların yaxşı fərqindədirlər. Fərqindədirlər ki, Azərbaycanı bundan sonra da quru və boş vədlərlə yol vermək zamanı keçib. BMT Təhlükəsizlik Şurasının Qarabağa dair qətnamələrini reallaşdırmaq, necə deyərlər, saatları nəhayət, Bakı vaxtına qurmaq zamanı çatıb.

Yəni əslində Rusiyanın özü də indi dilemma qarşısındadır. Əgər Moskva budəfəki unikal fürsəti də qaçırsa, böyük ehtimalla, Qarabağla, Azərbaycanla birgə bütövlükdə bölgəni və bölgəyə nəzarəti itirə bilər. Qarabağı qaytarıb Azərbaycanı qazanmaq vaxtı deyilmi?

***

Bəs, Rusiya üzləşdiyi dilemmanı necə çözəcək? Siyasi müşahidəçilərin bu xüsusda rəyləri maraqlı və diqqətçəkicidir.

Məsələn, sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynliyə görə, Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin qarşıdakı görüşü ilə bağlı bəzi razılaşma sənədləri, böyük sülh sazişinin ilkin variantları artıq Rusiya tərəfindən hazırlanır və bunun da əsasında Kazan prinsipləri dayanır (Axar.az). O, 5 rayon məsələsinin hələ də aktual olduğunu, bunun dəfələrlə Rusiya prezidenti və xarici işlər naziri səviyyəsində gündəmə gətirildiyini qeyd edib.

"Artıq etimad mühiti yaratmaq və bütövlükdə sülhyaratma prosesinə təkan vermək, status-kvonu dəyişmək üçün 5 rayonun geri qaytarılması yönündə danışıqlara başlamaq olar. Sonrakı danışıqların təməlini qoyacaq bu görüş daha ciddi və fərqlidir. Çünki Putin başa düşür ki, bu məsələdə dil tapılmasa, Azərbaycanı itirə bilər. Onun niyyəti Azərbaycanı Avrasiya İttifaqında görmək və Bakı ilə daha geniş inteqrasiyaya getməkdir. İnteqrasiyanın ilkin əlamətləri Şimal-Cənub dəmiryolu dəhlizidir. Bu, Rusiya iqtisadiyyatını canlandıracaq və dünya bazarı ilə əlaqələndirəcək ən mühüm nəqliyyat arteriyasıdır"- politoloq bildirib.

Onun sözlərinə görə, üstəlik, Rusiya son zamanlar təbii qazın bir hissəsini TANAP vasitəsilə Avropa bazarlarına çıxarmağı planlaşdırır: "Eyni proseduru İranla da həyata keçirmək mümkündür. Bu yerdə Azərbaycan, Rusiya və İran rəhbərlərinin üçtərəfli görüşü bölgədəki hadisələrə çox ciddi təsir göstərəcək. Azərbaycan burada əlavə siyasi dividendlər qazanacaq".

Politoloq hesab edir ki, iyunun sonunda nəzərdə tutulan görüşdə Rusiyanın iradəsindən çox şey asılıdır və ən azı, 5 rayonun taleyini həll etmək mümkünləşə bilər: "Əgər belə demək mümkünsə, Rusiya ilə ciddi bazarlıq gedir. Bunun mərkəzində Azərbaycan torpaqlarının qaytarılması müqabilində Rusiya ilə daha sıx inteqrasiya dayanır. Moskva anlayır ki, bu dəfə də addım atmasa, Cənubi Qafqazdakı prosesləri idarə etmək artıq Rusiyanın iradəsindən xeyli kənarda qala bilər. Görünür, bunu proqnozlaşdıran Rusiya mümkün yollar axtarır. Güman edirəm ki, növbəti görüşdə mütləq nəticə olmalıdır".

"Sankt-Peterburq görüşü baş tutsa, Azərbaycan Rusiyadan Ermənistanı sülhə məcbur etməyi tələb edəcək".

Bu sözləri isə deputat Asim Mollazadə deyib. Onun fikrincə, Rusiya öz siyasətindən istifadə edərək Ermənistanı Azərbaycan ərazilərindən çıxmağa və rayonlarımızın azad edilməsinə məcbur etməlidir: "Bu, sülh istiqamətində ən ciddi addım ola, əsas danışıqlar prosesinə təkan verə bilər. Hazırda isə Ermənistan heç bir beynəlxalq təşkilat tərəfindən təzyiqlə üzləşmədiyindən danışıqlarda ciddi addımlar atmır. Rusiya Minsk Qrupunun həmsədri kimi münaqişənin tezliklə həllində məsuliyyət daşıyır. Azərbaycanın istəyi beynəlxalq hüquq normalarının bərqərar olmasıdır. Sankt-Peterburq görüşü baş tutsa, Azərbaycan Rusiyadan Ermənistanı sülhə məcbur etməyi tələb edəcək. Rusiya bu görüşü təşkil etməklə belə bir təşəbbüsü üzərinə götürürsə, deməli, mütləq uğurlu bir nəticə olmalıdır. Putin ilk növbədə məhz BMT-nin qətnamələrinin icrasını ortaya qoymalıdır. Söhbət 5 yox, işğal altında olan 7 rayonun qaytarılmasından gedir. Vaxt daralır, Ermənistan bu qərarları icra etməsə, bölgədə çox ciddi problemlər yarana bilər".

***

Əlavə edək ki, rəsmi Bakı görüş xətrinə görüşlərə lüzum görmədiyini bu günlər bir daha bəyan edib və belə təmaslardan əsas gözləntisini ortaya qoyub: bu görüşlər təmas xəttində nəzarət mexanizmlərinin gücləndirilməsi ilə paralel nəhayət, Azərbaycanın işğal altındakı ərazilərinin azad olunmağa başlaması üçün stimul yaratmalıdır. Əks təqdirdə, bu səviyyəli görüşləri bir daha təşkil eləmək tam mümkünsüz hala gələcək - paralel surətdə müharibə ehtimalı artacaq.

Beləliklə, uzağı, 17 günə aydınlaşacaq ki, Qarabağ fəallığı nəyə yönəlib - böyük sülh sazişinə, yoxsa böyük müharibə ssenarisinin reallaşmasına? Cəmi 17 kritik gün...

Mediainfo.az