VİDEO-Ermənilər kütləvi şəkildə dinlərini dəyişirlər

VİDEO-Ermənilər kütləvi şəkildə dinlərini dəyişirlər

19 Avqust 2011 17:33
Bəyəndim (0) Bəyənmədim (0)
Erməni cəmiyyətinin böyük hissəsi ya sektantdır, ya da ateist

Ermənistan dövləti tənəzzülə uğradıqca cəmiyyət nicatı müxtəlif yollarda axtarmağa başlayıb. Kimi ölkəni tərk edir, kimi cinayətə əl atır, kimi müxtəlif maddi ödənişlər müqabilində sektalara və ya əcnəbi təşkilatlara üzv olur. Təbii ki, bu hal bizdə də müşahidə olunur. Lakin qonşu ölkədəki qədər təhlükəli miqyaslaradək yüksəlməyib. Artıq Ermənistan ziyalıları, dini xadimləri bu ölkədə dinini və ya məzhəbini dəyişənlərin sayının yüz minlərə çatdığını bildirir, bunun qarşısını almaq üçün dövlət və hökumət rəhbərləri, parlament üzvləri, hüquq-mühafizə orqanları qarşısında tələb qoyurlar.

Xəbər verdiyimiz kimi, bu günlərdə Ermənistan mətbuatına sızan video süjet cəmiyyəti əməlli-başlı silkələmişdi. Gümrü şəhərində lentə alınan kadrlarda "Həyatın sözü" adlı dini sektada baş verən dəhşətli hadisələr yer alırdı. Daha dəqiq desək, "dini rəhbər" çoxsaylı insanlar arasında para-psixoloji əməliyyatlar aparır, onları trans vəziyyətinə çatdıraraq döşəməyə yıxırdı. Bu isə digər tamaşaçılara müqəddəs dini ayin kimi təqdim olunurdu.

Faktı araşdıran Ermənistanın diaspora naziri Qranuş Akopyan həyəcanını gizlədə bilmədi. O, jurnalistlər qarşısında çıxışında dedi: "Biz digər xalqlara, cəmiyyətlərə erməniliyi təbliğ etmək əvəzinə bəzi düşmən qüvvələr bizə mənşəyi bəlli olmayan dəyərləri təlqin edirlər. Onların məqsədi erməni cəmiyyətinin şüurunu öldürmək, erməniləri öz soy-kökündən, milli-mənəvi dəyərlərindən qoparmaqdır. Vəziyyət olduqca kritikdir. Bu gün ermənilərin yarıdan çoxu ya dinini, məzhəbini dəyişib, ya da dini inkar etmək dərəcəsinə gəlib çatıb. Ən qədim tarixə malik olan Qriqoryan dəyərləri yüz illər boyu Bizans Osmanlı, İslam, Sovet istilasına tab gətirsə də, nədənsə son illərdə tənəzzülə uğrayır, özü də heç bir səbəb olmadan. Mən iqtisadi çətinliyi səbəb kimi qəbul edə bilmərəm. Çünki erməni xalqı qədim, müdrik, eyni zamanda dözümlü xalqdır. Ermənistandakı vəziyyət son dərəcə acınacaqlıdır. Dövlət, hökumət, hüquq-mühafizə orqanları tərəfindən təcili tədbir görülməsə, müqəddəs "Eçmiədzin" məsələyə qarışmasa, yaxın onilliklər ərzində erməni gəncliyi dinini tamamilə dəyişəcək və ya ateist olacaq. Bu isə erməniliyin süqutu deməkdir."

Son söz əvəzi: Kim nə deyirsə desin, dünyada İlahi ədalət prinsipi mövcuddur

Natiq Qocaman

O.M.