VİDEO-Ermənistanda dini abidələr məhv olur

VİDEO-Ermənistanda dini abidələr məhv olur

19 Avqust 2011 16:16
Bəyəndim (0) Bəyənmədim (0)
Müqəddəs dəyərləri unutmuş erməni cəmiyyəti buna göz yumur

Partizanlıq hər birimizin borcudur!

Torpaqlarının 20 faizi işğal altında olan, vətəndaşlarının 1 milyondan çoxu qaçqın və məcburi köçkün həyatı yaşayan cəmiyyətin üzvləri kimi hər birimiz düşmənimizi yaxından tanımalıyıq. Onun zəif yerlərini müəyyən edərək qəti hücuma hazır olmalıyıq. Odur ki, yenidən virtual aləmdə düşmənin arxa cəbhəsinə keçərək, araşdırma apardıq. Partizan rubrikasının bugünkü mövzusu erməni cəmiyyətində tarixi, dini və milli-mənəvi dəyərlərin acınacaqlı vəziyyətidir.

Hər bir millətin gücü onun mənəviyyatındadır. Mənəviyyatı olmayan və ya alçaldılan cəmiyyət məhvə məhkumdur. Ermənistan mənəviyyatı da müasir dövrdə ciddi problemlər yaşamaqdadır. Milli-mənəvi, tarixi, o cümlədən dini dəyərlər, dövlətin və cəmiyyətin gözü önündə məhv olur. Daha dəqiq desək, erməni cəmiyyəti dindən, tarixi dəyərlərdən üz döndərməyə başlayıb. Bu fikir kimlərisə qıcıqlandırmasın. Onsuz da tarixin bütün mərhələlərində ermənilər üçün əsas məsələ İlahi məhəbbət deyil, millətçilik olmuşdur. Müəyyən mənada bunu Tanrıya və müqəddəs dəyərlərə qarşı çıxmaq kimi də qiymətləndirmək olar.

Uçuq-sökük mənəviyyat

Ermənistanda kilsələr uçuq-sökük vəziyyətdədir. Bunu təsadüf adlandırmaq sadəlövhlük olardı. Belə ki, ölkə səfalət içərisindədir. İnsanlar yaşamaq uğrunda mübarizə aparırlar. Ermənistan Respublikası problemlər məngənəsində sıxılır. Məhz bu səbəbdən mərkəzi kilsə, həmçinin hökumət nümayəndələri mövcud problemə biganədirlər. Vətəndaşlar da təşəbbüs göstərmirlər. Tarixi abidələr isə göz önündə yox olmaq təhlükəsi ilə üz-üzə qalıb. Heç bir tədbir görmür. Bu ölkənin "Susmayacağıq" adlı gənclər hərəkatı məsələnin aktuallığını nəzərə alaraq cəmiyyətin diqqətini cəlb etmək üçün problemi qabartmağa çalışır. Lakin yeganə nəticə nəticəsizlik olaraq qalır. Dövlət və hökumət nümayəndələri, səlahiyyətlilər, kilsə rəhbərliyi, həmçinin cəmiyyət problemin həlli yolunda heç bir real addım atmır. Dövlət maliyyə vəsaiti ayırmır, mərkəzi kilsə məsuliyyəti öz boynundan atır, xeyriyyəçilər isə pul vermirlər. O ki qaldı sadə vətəndaşlara, onların da başı gündəlik qayğılara qarışıb. Dərindən düşünsək, görərik ki, Ermənistanın bugünkü reallığı tarixi zərurətdir. Ən azı ona görə ki, indiki Ermənistan ərazisində yerləşən tarixi abidələr yerli alban tayfalarına məxsus olub. Bunu tikililərin memarlıq üslubundan da görmək olar. Sivri uclu minarələr klassik alban memarlıq üslubuna xas olan elementlərdəndir. Alban kilsələrinin damlarından asılmış erməni xaçqarları tikililərin öz yaşından qat-qat azdır və ümumi memarlıq kompleksinə uyğun gəlmir. Deməli, ermənilər instinktiv şəkildə hiss edirlər ki, bu kilsələr onlara aid deyil.

Dünya tarixini səhifələyərkən

Ümumiyyətlə, yarandıqları dövrdən bəri alban kilsəsinin mərkəzi Yerusəlim, erməni kilsəsinin mərkəzi isə Bizans sayılmışdır. Bu da tarix boyu kilsələr arasında barışmaz mövqelərin hökm sürməsinə səbəb olmuşdur. Tarixə bir fakt da məlumdur ki, albanlar (qeyd: Şimali Azərbaycan əhalisinin bir hissəsi) xristianlığı ermənilərdən xeyli əvvəl qəbul etmişlər. Belə ki, qədim erməni katolikosu Avraam albanlara ünvanladığı məktubunda yazırdı: "Yunan təqviminin 43-cü ilində albanların xristianlığı qəbul etməklə maariflənməsindən 270 il sonra ermənilər də maarifləndilər."

Yarandığı andan bəri erməni kilsəsi daim alban kilsəsini özünə tabe etmək üçün çalışırdı. Zaman-zaman silahlı həmlələr təşkil olunur, bəzən fırıldaqçılığa əl atılırdı. Sonda, daha doğrusu, 1836-cı ildə Rusiya çarının qərarı ilə, nəhayət ki, Alban kilsəsi müstəqil qurum kimi ləğv olundu və erməni kilsəsinə tabe edildi. Bu tarixə qədər olan hadisələr də onu deməyə əsas verir ki, ermənilər hər zaman albanlara düşmən olmuşlar və onları ilhaq etmək üçün müxtəlif vasitələrdən istifadə etmişlər. XIII əsrdə Gəncədə yaşamış, mənşəcə alban olan tarixçi Kirakos Gəncəli yazırdı: "Albaniya əhalisinin hamısı ermənicə bilmir və öz ana dilində danışır. Yalnız alban zadəganlarının çoxu erməni dilini bilir və bu dildə danışır."

Alban kilsəsinə tarixən düşmən kəsilən erməni kilsəsi ərəb istilası dövründə öz çirkin məqsədlərinə daha çox yaxınlaşmış oldu. Belə ki, 705-ci ildə erməni katolikosu İlya xəlifə Əbd əl Malikə yalandan xəbər çatdırdı ki, albanlar Bizansla gizli əlaqəyə girərək Xilafətə qarşı çıxmaq istəyirlər. Katolikosun məktubunda yazılırdı: "Albaniyanın Paltav (qeyd: indiki Bərdə) taxtında əyləşmiş katolikosu yunan imperatoru ilə sazişə girib, öz dualarında imperatoru xatırlayır və ölkəni onun dininə inanmağa, imperatorun himayəsi altına keçməyə məcbur edir." Xəlifənin fərmanı ilə alban katolikosu erməni İlyaya tabe edildi. Məhz bu dövrdən etibarən ermənilər Qafqaz Albaniyasının ərazilərinə və alban məbədlərinə ayaq açmağa başladılar. Qısa müddət ərzində alban əlifbası (qeyd: türkdilli əlifba), kitabları, ayinləri erməni dilinə tərcümə olundu və orijinallar məhv edildi. Bu proses ona gətirib çıxardı ki, albanlar və ermənilər arasında olan dil, məzhəb fərqləri unuduldu və tarixçilər onları eyniləşdirməyə başladılar.

Son söz əvəzi:

Yeri-göyü xəlq etmiş Tanrı hər kəs üçün birdir. O, insanları bərabər yaratmışdır. Lakin bəzi insanlar var ki, Onun iradəsinin əksinə çıxaraq şeytana xidmət edirlər. Yəni müharibələr törədir, qan tökür, istilalar edir, saxtakarlığı həqiqət kimi qələmə verirlər. Həmin o şeytan xislətli insanlar müqəddəs dəyərləri tapdaladıqları kimi müqəddəs məkanlara da düşmən kəsiliblər. Tanrının qəzəbi isə çox ağır olur. Bu baxımdan müasir Ermənistandakı vəziyyəti anlamaq olar. Biz cəmiyyət olaraq heç kəsə pislik arzulamırıq. Sadəcə onu deyirik ki, Tanrı hər kəsi islah etsin!

Natiq Qocaman

O.M.