VİDEO-Yavan çörəyə qənaət edən erməni ailəsi

VİDEO-Yavan çörəyə qənaət edən erməni ailəsi

5 Avqust 2011 12:48
Bəyəndim (0) Bəyənmədim (0)
Süpürgəçi olmaq erməni ananın ən böyük arzusudur

Məqalənin başlığına istehza ilə yanaşanlar əvvəlcə bu süjeti izləsinlər.

Ermənistanda səfalət baş alıb gedir. İnsanlar gün-gündən daha da kasıblaşırlar. Rəsmi məlumatlara görə, bu gün Ermənistan əhalisinin 35 faizi kasıbçılıq həddində yaşayır. Təbii ki, reallıq daha da acınacaqlıdır. Bu hal vətəndaşların ölkədən kütləvi şəkildə axınını qaçılmaz edir.

Əlbəttə ki, biz sadə insanların faciəsinə sevinmirik. Ancaq torpaqlarının 20 faizi işğal olunmuş, əhalisinin hər 8 nəfərindən 1-i qaçqın və məcburi köçkün olan bir cəmiyyətin üzvləri kimi partizanlıq etməyə borcluyuq. Başqa sözlə desək, məqsədimiz virtual aləmdə düşmənin arxa cəbhəsinə keçərək, real vəziyyət haqda məlumat toplamaqdır. Çünki İkinci Qarabağ müharibəsinə hazır olmaq üçün biz ilk növbədə düşmənimizi yaxşı tanımalı, onun zəif tərəflərini müəyyən etməliyik.

O ki qaldı Birinci Qarabağ döyüşlərinə, ilk baxışdan ermənilər qalib kimi görünsələr də, əslində məğlub durumdadırlar. Əgər müharibədən əvvəl Ermənistanın və Dağlıq Qarabağın erməni əhalisinin sayı 3.5 milyon idisə, indi bu rəqəm 2 milyondan da azdır və azalma tendensiyası davam edir. 23 il ərzində əhalinin artımını da nəzərə alsaq, Ermənistanın fəlakətli vəziyyətdə olduğunu görə bilərik. Deməli, aktiv döyüşlər bərpa olunacağı halda Ermənistanın itirəcəkləri daha da çox olacaq...

Heç təsadüfi deyil ki, qonşu ölkənin mətbuatı artan işsizlik, səfalət, aclıq barədə həyəcan təbili çalmaqdadır. Hər gün konkret faktlarla müxtəlif ailələrdəki acınacaqlı vəziyyət haqda məlumat verilir. Bu gün də istisna deyil. Belə ki, Ermənistanın Hetq.am saytı Gümrü şəhərində yaşayan bir ailənin timsalında erməni cəmiyyətinin faciəsini növbəti dəfə qabartmağa çalışdı. Məqalədə yazılır:

"Mən (qeyd: erməni müxbir) Gümrüdə olarkən eyni küçədən iki dəfə keçən zaman 2 qadın diqqətimi cəlb etdi. Onlarla tanış olarkən öyrəndim ki, ananın adı Saakanuş Xaçatryan, qızının adı isə Şuşanikdir. Hər gün onlar evlərinin taxta darvazasını aralayaraq küçədən ötüb keçənlərə tamaşa edirlər. Bununla da elektrik enerjisinə qənaət etmiş olurlar. Evdə işığı yalnız o halda yandırırlar ki, yatmağa gedə bilsinlər. Əgər Şuşanik artıq yatağına çatıbsa, anası divara toxuna-toxuna çarpayıya doğru addımlayır. Nadir hallarda, daha doğrusu, ac olarkən yuxuları ərşə çəkildiyi vaxtlarda onlar evdəki ağ-qara televizoru işə salaraq yatanadək baxmalı olurlar. Qonşu uşaqları hərdən rişxəndlə Saakanuşdan "sizdə işıq yanmır ki?" deyə soruşurlar. O isə özünü sındırmayaraq deyir: "İşıq var, amma biz televizora qaranlıqda baxmağı xoşlayırıq." Ümumiyyətlə, ana-bala axşamlar işığa qənaət etdikləri kimi səhərlər çörəyə qənaət etməyə çalışırlar. Mümkün qədər az yeyirlər ki, qonşuluqdakı mağazaya borc yığılmasın. Çünki borcu ödəməyə imkanları yoxdur. Saakanuş əlinə düşən istənilən işlə məşğul olur, təki acından ölməsinlər. Gözəl həyatı onlar xəyallarında belə canlandırmırlar. Saakanuşun dediyinə görə, tale onun üzünə gülsə və o, süpürgəçi işinə düzələ bilsə, dünyanın ən xoşbəxt adamı olacaq. Bu barədə söz düşəndə o, göz yaşları içərisində dedi: "Mənə çox şey lazım deyil, istənilən işin müqabilində ayda cəmi 40-50 min dram (qeyd: təxminən 95-120 manat) gəlirim olsa, heç olmasa çörək almağa pulumuz olar, adam kimi yaşayarıq. Qızımı mağazada satıcı işinə qoya bilərəm. Amma o, çox ciddi, ağıllı, düzgün qızdır, qorxuram onu aldadarlar, başına oyun açarlar." Saakanuş zəlzələ zamanı ərini və 10 yaşlı qızını itirib. Böyük qızı isə ərdədir.

Mən (qeyd: erməni müxbir) getməyə hazırlaşarkən Saakanuş dedi: "yazarsınız ki, vəziyyətləri çox ağırdır. Mən istəmirəm bizə pulla kömək etsinlər. Bizə iş tapsınlar ki, özümüzü adam kimi hiss eləyə bilək. Yoxsa bu həyatdan bezmişik.""

Təbii ki, bəzi oxucular məni subyektiv olmaqda ittiham edəcəklər, deyəcəklər ki, bizdə də kasıblar var. Bəli, mən bu fikirlə tamamilə razıyam. Ancaq məsələ bundadır ki, bizdə yavan çörəyə möhtac olanlar yoxdur. Başqa sözlə, bizdə kasıb var, amma səfalət içərisində yaşayan yoxdur.

İndi isə gəlin klassik bir şüara çevrilmiş "erməni kimdir" sualının cavabını tapaq. Erməni ilk növbədə əhalisinə biganə qalan dövlət məmurları və rəhbərləridir. Qəddar qonşulardır. Anasını və bacısını taleyin ixtiyarına buraxıb getmiş, onlarla maraqlanmayan övladdır. Ac insana ərzaq verməyən, kimsəsiz bir qızı zərbə altında qoya biləcək mağaza müdiridir. Nəhayət, Ermənistan Respublikasının diaspor naziri Qranuş Akopyanın sözü ilə desək: "Bizim üçün erməni o şəxsdir ki, özünü erməni hiss etsin. Dil, din, yaranma mənbəyi vacib deyil, vacib olan hissiyyatdır. "Erməni kimdir" sualı dəfələrlə müxtəlif ölkələrin tribunalarından səslənib, ona görə də açıqlama vermək gərək idi".

Biz isə öz növbəmizdə qeyd etməliyik ki, millətindən, dinindən, sosial mənsubiyyətindən asılı olmayaraq bu tip insanlar dünyanın hər yerində erməni sayılmalıdır...

Natiq Qocaman

O.M.