Ermənistan cəbhəsindən ən son kəşfiyyat nəticələri

Ermənistan cəbhəsindən ən son kəşfiyyat nəticələri

4 İyul 2011 11:29
1 734
Bəyəndim (0) Bəyənmədim (0)
Azərbaycan Respublikasına xidmət edirəm!

HAZIR OL - HƏMİŞƏ HAZIRAM!

Müharibəyə cəlb olunan ölkənin vətəndaşları kimi hər birimiz partizan olmalıyıq. Belə ki, düşmən üzərinə qətiyyətli hücuma keçməzdən əvvəl kəşfiyyat məlumatları toplamalı, onun zəif yerlərini müəyyən etməliyik. Bu məqsədlə biz növbəti dəfə düşmənin arxasına sızmalı olduq. Sözsüz ki, hələlik virtual aləmdə.

Azərbaycanın sıravi əsgərləri kimi əldə etdiyimiz məlumatları bütün şəxsi heyətə hesabat veririk.

ERMƏNİSAYAĞI ŞOU

Bildiyiniz kimi, ötən il noyabr ayının əvvəllərində Ermənistan prezidenti Serj Sarkisyanın rəhbərliyi ilə işğal olunmuş Ağdam ərazisində hərbi-təlim keçirilmişdi. Gözlənilməz təlimin yaranma səbəbi hər kəsə, hətta ermənilərin özlərinə də məlumdur. Onlar Azərbaycan prezidenti cənab İlham Əliyevin son zamanlar cəbhə zonasına intensiv səfərlərindən, cəsarətli çıxışlarından qorxuya düşərək bu addımı atmağa məcbur olmuşdular. Belə ki, danışıqlar prosesini süni şəkildə uzatmağa çalışan, hər zaman destruktiv mövqe tutan Ermənistan rəhbərliyi Azərbaycanın və onun rəhbərliyinin səbir kasasını dolduracağından ehtiyat edirdi. Odur ki, "daldan atılan daş" misalı ilə dünya ictimaiyyətinə meydan oxumağa çalışdı. Lakin daldan atılan daş bu dəfə topuğa deyil, bumeranq effekti ilə Ermənistan rəhbərliyinin öz başına dəydi. Əvvəlcədən qeyd edək ki, Serj Sarkisyan hərbi-təlimdən dərhal sonra təzadlı, heç bir məntiqə sığmayan bir bəyanatla çıxış etdi: "... Bizi məcbur etsələr, zərbəmiz dağıdıcı və həlledici olacaq... Biz güzəştlərə hazır olduğumuzu rəsmən bildiririk. Əgər Dağlıq Qarabağın qəti statusu, daha doğrusu, Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyi məsələsi həll olunarsa, biz problemin həllinə getməyə hazırıq."

Bu isə o deməkdir ki, erməni rəhbəri qorxudan həm hədə-qorxu gəlməyə çalışır, həm də güzəştə getməyə hazır olduğunu bildirir. Diqqət yetirdinizsə, o, Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizlik məsələsinin təmin olunacağı təqdirdə hər bir güzəştə getməyə hazır olduğunu bildirdi, yəni əvvəlkindən fərqli olaraq Dağlıq Qarabağın Azərbaycandan qoparılması məsələsini önə çəkmədi. Deməli, Ermənistan prezidenti Azərbaycanın hərbi gücünü, siyasi uğurlarını, bu fonda erməni cəmiyyətində və ordusunda hökm sürən acınacaqlı vəziyyəti yaxşı bilir. Məhz bu səbəbdən silahlı qarşıdurmadan çəkinir.

Fikrimizcə, əlavə şərhə ehtiyac yoxdur. Təkcə onu deyə bilərik ki, Serj Sarkisyanın bu bəyanatı, ümumiyyətlə şou xarakterli hərbi-təlim tədbiri onu bir daha həm beynəlxalq aləmdə, həm də öz ölkəsində məsxərə obyektinə çevirdi.

CAVABSIZ SUALLAR

Ermənistanın "Zhamanak.com" informasiya agentliyi "Etiraf şizofreniyası" analitik məqaləsində yazır: "... Əgər bir ölkənin Ali Baş Komandanı "kamuflyaj" geyinib real hərbi mövqelərdə həqiqi hərbi xidmət çəkən ordu hissələrini təftiş edirsə, mətbuat bu cür səfərləri geniş işıqlandırırsa, bu zaman gurultulu bəyanatlar verilirsə, həmin ölkənin vətəndaşlarında bir neçə sual yaranmaya bilməz. Onlardan ən vacibi budur - niyə?.. Gözlənilmədən Ermənistandan kənara çıxıb "kamuflyaj" geyinmək və virtual hədə-qorxulara cavab vermək nəyə lazım idi?.. Milli məclisin Respublikaçılar, Miras və Daşnaksyutun partiyalarından olan bir çox deputatların bəyanatlarına görə, belə demək mümkündürsə, bizdə "Dağlıq Qarabağ respublikasının (qısaca: DQR) tanınması" prosesi gedir. Bu məntiqə əsasən, DQR-in daxili həyatından kənarda durmaq, DQR-ə öz komandirləri, müdafiə naziri və ali baş komandanı rəhbərliyində təlimlər keçirməyə imkan vermək lazım idi. Bundan başqa, müəyyən addımları DQR özü atmalı idi. Gələcəyi üçün məsuliyyəti öz üzərinə götürməli, Yerevandan "ağıllı" göstərişlərə ümid bəsləməməli idi. Bəyan etməli idi ki, rəsmi Yerevana DQR xalqının maraqlarını təmsil etmək hüququ verilməyib və dünya ictimaiyyəti rəsmi Stepanakertlə iş görməlidir... Başqa bir məntiq. Əgər Qarabağa gediblərsə, "kamuflyaj" geyiblərsə, bəyanat veriblərsə, indiyədək danışıqları ikitərəfli formatda davam etdirirlərsə, deyilənlərə bunlar əlavə olunmalı idı ki, Ermənistan Qarabağ əhalisinin gələcək təhlükəsizliyi üçün məsuliyyət daşıyır. Bu zaman DQR-in müstəqilliyinin tanınması siyasəti haqda söz-söhbətlərə son qoymalı, "işğal olunmuş ərazilər" sözləri qarşısında utanmamalı, gərginləşməməli idilər... Əslində, mümkün olmayanı eləməyə çalışırlar. Qarabağda yerli-yersiz görünmək, sonra dünyaya Qarabağın danışıqlarda tərəf olmadığı üçün şikayət etmək, daxildə isə müstəqilliyin tanınmasını demək mümkün deyil. Yəqin mümkün olmayanı eləmək mümkün imiş. Necə ki, hakimiyyət artıq 12 ildir bununla məşğul olur. Lakin bunu sonsuzadək etmək qeyri-mümkündür! Bu günə olan nəticə acınacaqlıdır! Dağlıq Qarabağ siyasi subyekt kimi mövcud deyil, Ermənistan isə subyekt olaraq özünü tamamilə itirmək yolundadır."

Göründüyü kimi, hətta Ermənistan cəmiyyəti də, bu ölkənin mətbuatı da son dövrün hərbi-təlimini uğursuz, təslimçi siyasətin davamı kimi qiymətləndirir.

DİVARA SIXILAN SİÇAN

Erməni jurnalistlərinin qələmə aldıqları "Beynəlxalq ssenari və ya qafqazsayağı şantaj" başlıqlı məqalədə Ermənistanın bugünkü siyasi-hərbi vəziyyəti təhlil olunur. Məqalədə yazılır: "... Serj Sarkisyan nümayişkaranə şəkildə "hərbi çevrəyə" daxil olur. O zaman ki, Müdafiə naziri və Baş qərargah rəisi arasında dərin fikir ayrılığının olması və prezidentin vəziyyətə lazımı qədər nəzarət edə bilməməsi haqda sürətlə söz-söhbətlər yayılır... Beynəlxalq təzyiq altında olan Ermənistan rəhbərləri çoxillik danışıqlar prosesində verdikləri vədləri dərhal yerinə yetirmək tələbi altında yeganə çıxış yolunu seçməli olacaqlar ki, bu da ərazilərin bir qismini geri qaytarmaq və cəmiyyəti müharibə ilə şantaj etməklə güzəştə getməyə razı salmaqdır. Hadisələrin bu cür inkişafını Ermənistan rəhbərlərinin daim təzyiq altında olmaları zəruri edir. Erməni cinayətkar dəstələrinin müxtəlif ölkələrdə ifşa olunması, onların Ermənistan rəhbərliyi ilə əlaqədə olmaları haqda söylənilən açıq-aydın fikirlər buna bariz nümunədir. Belə bir şəraitdə, Qarabağ problemi mövcud olan zaman... rəhbərlik böyük bir dalana dirənib. İstisna deyil ki, Ermənistan rəhbərliyi dalandan çıxmaq üçün hərbi təxribatlar eləməyi gözdən keçirir. Və ya onlar bu yolla bölgədə qeyri-stabil vəziyyətin yarana biləcəyi haqda beynəlxalq ictimaiyyətə mesaj göndərmək istəyir. Beynəlxalq ictimaiyyət xoşagəlməz hadisələr olmasın deyə, təzyiqi bir qədər azalda bilər. Belə ki, ümumən regional maraqların stabilliyi onlar üçün Ermənistanın taleyindən daha önəmlidir."

Artıq ermənilər də mövcud vəziyyətin onların xeyrinə olmadığını etiraf etmək məcburiyyətində qalmışlar. Belə ki, erməni ordusu şou xarakterli təlimlərə, rəhbərlərin sərsəm bəyanatlarına baxmayaraq, olduqca acınacaqlı haldadır və ikinci Qarabağ müharibəsinə hazır deyil. Bunu zaman-zaman erməni mətbuatı da ürək ağrısı ilə etiraf etməli olur.

ERMƏNİ ORDUSUNDA REAL VƏZİYYƏT

Erməni mətbuat orqanlarının "Erməni ordusunda vəziyyət" mövzusunda qələmə aldıqları məqalələrdə yazılır: "... Daxili siyasətdə antidemokratik rejim, korrupsiya, kasıbçılıq, sosial ədalətsizlik və qonşu ölkələrlə çoxillik gərgin münasibət bu ölkənin siyasi kursunun prioritetinə çevrilmişdir. Ümumiyyətlə, Ermənistan heç zaman tam müstəqil olmamışdır və böyük ölkələrin əlində alət rolunu oynamışdır... Əgər bütün vasitələr ordunun inkişafına sərf olunsaydı, 43 minlik erməni ordusu regionda ən güclü ordu olmalı idi. Hərçənd, bu yaxınlarda dünya mətbuatı analoqu olmayan biabırçı bir faktı - Ermənistanın müdafiə naziri Seyran Ohanyanın striptiz klub açmaq faktını işıqlandırdı. Görünür, Qarabağ müharibəsinin "qəhrəmanı" olduğu ilə öyünən axsaq nazirin ağlı və mənəviyyatı onun fiziki qüsuru ilə eynilik təşkil edir və bu halda qazanılmış çirkli pulları başqa bir biznes növünə qoymağa imkan yaratmır... Erməni ordusunun daxilində baş verən hadisələrə nəzər saldıqda, nazirliyin başında duran insanın ağlasığmaz hərəkətləri adamı təəccübləndirmir... Qeyri-hökumət təşkilatlarının hesablamalarına görə, ötən il erməni ordusunda 2000-ə qədər hadisə baş vermişdir. Daha dəqiq desək, 100 fərarilik, 200 özbaşına hərbi hissəsini tərketmə, 50 intihar cəhdi, 500-dən çox rüşvətxorluq, 400 işgəncə, 40-dan artıq güc tətbiqi və 75-dək ölüm halları müşahidə olunmuşdur. Bundan başqa, 200 əsgər ölmüşdür ki, onlardan 120-si cəbhə xəttindən uzaqda dünyasını dəyişmişdir. Ermənistanın rəsmi şəxslərinin etirafına görə, homoseksualizm erməni ordusunda adi həyat tərzinə çevrilmişdir. Anormal cinsi oriyentasiyaya malik 120-dək hərbçi Ermənistan ordusunda, 190 Qarabağ ordusunda qulluq edir. Vəziyyətin kritik həddə çatmasını görən ordu rəhbərliyi bu cür halların və vaxtından əvvəl tərxis olunmanın qarşısını almaq üçün xüsusi hərbi-tibbi komissiyalar yaratmağa başlayıb... Orduda çoxsaylı bıçaq davaları müşahidə olunur. Ötən il zabitlərin iştirakı ilə "Qarabağ" və Ermənistan əsgərləri arasında fiziki güc tətbiq edilməklə münaqişələr də yaşanıb. Bu münaqişələrdə müxtəlif tərəflərdən 23 bıçaq xəsarəti yetirilib, 15 əsgər dünyasını dəyişib. Son 2 il ərzində Qarabağa göndərilmiş Ermənistan vətəndaşlarına qarşı 1000-dən artıq cinayət hadisəsi törədilib. 1124 cinayət faktı işgəncələrlə bağlıdır. Bu hadisələrlə əlaqədar 289 hərbçiyə qarşı cinayət işi qaldırılsa da, cəmi 128 nəfər həbsə alınıb, 161 nəfər isə rüşvət yolu ilə azadlıqda qala bilib... Orduda xəstəliklər də baş alıb gedir. Ötən il 3000-dən artıq erməni əsgəri dizenteriya və başqa infeksion xəstəliklərlə bağlı hospitallara yerləşdirilib... Erməni ordusunda hətta böyük rütbəli zabitlər də intihara cəhd göstərirlər. Məsələn, ötən ilin aprel ayında hərbi hissələrin birinin komandiri, polkovnik-leytenant Xosrov Şadyan özünə bıçaqla çoxsaylı xəsarət yetirib. Ermənistan Müdafiə Nazirliyi bu halı bədbəxt hadisə kimi qiymətləndirməyə çalışsa da, fakt faktlığında qalır... Hərbi sirlərin satılması da erməni ordusunda problem olaraq qalır... Məsələn, ötən ilin fevral ayında Müdafiə Nazirliyi Təmir-tikinti İdarəsinin rəisi yerli müxalifətə "tamamilə məxfidir" qrifti altında olan gizli məlumatı ötürüb. Armen Sarkisyan adlı bu şəxs və idarənin informasiya qrupunun rəhbəri Lusya Eyvazyan məhkəmədə etiraf ediblər ki, məlumatı müxalifətə məhz onlar satıblar... Ermənistanın Müdafiə naziri Seyran Ohanyan 29 iyun tarixində Qarabağ müharibəsinin veteranları ilə görüşərkən itkin düşmüş 1000 erməni əsgəri haqda bunları söyləmişdir: "... Hamıya məlumdur ki, müharibə zamanı erməni ordusunun çoxlu itkiləri olub. Mən şəxsən bir neçə yüz erməni əsgərinin adsız məzarlarda basdırılmasına sərəncam vermişəm." Heç kimə sirr deyil ki, müharibə dövründə Qəssab ləqəbli Manvel Qriqoryanın əmri ilə fərarilik etmiş əsgərlər güllələnirdilər. Deməli, onların adları da itkin düşmüşlərin siyahısındadır... Ümumiyyətlə, Qarabağda orduya rəhbərlik əsasən yerli zabitlərə tapşırılır. Onlar da öz növbəsində Ermənistandan həqiqi-hərbi xidmətə çağırılmış əsgərləri incidirlər... Ermənistandan gəlmiş əsgərlər qarabağlı komandirləri başıxarab və mənəviyyatsız adlandırırlar... Təmas xəttinə yaxın olan hərbi hissələrdə sözün hərfi mənasında özbaşınalıq davam edir. Qumar, sərxoşluq, narkomaniya, dedovşina geniş vüsət alıb. Acınacaqlı vəziyyət təkcə bununla bitmir. Hərbi hissələrə İran, Çin, Malayziya, Sinqapur və başqa ölkələrdən vaxtı keçmiş ərzaqlar gətirilir. Qoyun, mal, donuz, toyuq ətləri əvəzinə Hindistan və Avstraliyadan qanunsuz yollarla idxal edilmiş kenquru, zebra, ölü mal ətləri əsgərlərə verilir. Təsadüfi deyil ki, 2007-2008-ci illərdə erməni ordusunun şəxsi heyətində mədə-bağırsaq, eləcə də dəri-zöhrəvi, dizenteriya xəstəlikləri ötən illərə nisbətən iki dəfə artmışdır... Müdafiə naziri Seyran Ohanyan demişkən, belə davam edərsə, əzəmətli və çiçəklənən Ermənistan ordusu insan qıtlığı ilə üzləşəcək."

Xatırladaq ki, bu məlumatlar dövrü erməni mətbuatında zaman-zaman yer alıb.

SON SÖZ ƏVƏZİ:

Fikrimizcə, son sözə ehtiyac yoxdur. Çünki həqiqət göz qabağındadır. Ermənilər nə qədər çalışıb-vuruşsalar da, bataqlıqda çırpınan insantək hər an daha da dərinə batırlar. Çirkab içində boğulurlar. Bizə isə düşməni tapdalayıb keçmək qalır. Deməli, son və qətiyyətli sözü bütün xalqımız deyəcək. O gün isə uzaqlarda deyil.

Azərbaycan Respublikasına xidmət edirəm!

Könül AYPARA

O.M.

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.