Erməni nazir Azərbaycanın sülhsevər və işgüzar olduğunu etiraf etdi

Erməni nazir Azərbaycanın sülhsevər və işgüzar olduğunu etiraf etdi

1 İyul 2011 00:01
1 410
Bəyəndim (0) Bəyənmədim (0)
Kazan görüşündə Ermənistanın Xarici İşlər naziri siyasi səhvə yol verdi

Ermənistanın Xarici İşlər naziri Edvard Nalbandyan özü də bilmədən Azərbaycanın konstruktiv mövqedə olduğunu etiraf etdi. Ermənistan müxalifəti nazirin bu addımını dərhal siyasi səhv və məğlubiyyət kimi qiymətləndirdi. Erməni mediasının yazdığına görə, Ermənistanın ana müxalifəti sayılan Milli Konqres rəsmi Yerevanın sonuncu Kazan zirvə toplantısındakı mövqeyini kəskin surətdə tənqid edir. Belə ki, toplantıdan sonra açıqlama verən Edvard Nalbandyan danışıqlar prosesində Azərbaycan tərəfinin 10 yeni təkliflə çıxış etdiyini bildirdi. Eyni zamanda Ermənistanın heç bir təklif irəli sürmədiyini dedi. Halbuki, nazir Azərbaycan prezidentinin deyil, öz prezidentinin fəaliyyəti barədə ağızdolusu danışmalı idi. Ermənistan Milli Konqresinin (qeyd: ana müxalifətin) nümayəndəsi Vladimir Karapetyan Edvard Nalbandyanı tənqid edərkən bəzi məqamlara da toxunmağı unutmadı. O dedi: "Bildiyiniz kimi, təklif olunan sənəd ətrafında razılığa gəlmək mümkün olmayıb. Belə olan halda Azərbaycan prezidentinin 10 yeni təklif irəli sürməsi qarşı tərəfin Ermənistana nisbətən daha işgüzar və sülhə yaxın olduğunu göstərir ki, bu faktı Edvard Nalbandyanın xüsusi olaraq vurğulaması Ermənistanın beynəlxalq imicinə zərbə vurur. Belə çıxır ki, Azərbaycan real surətdə sülh istəyir və bunun üçün əlindən gələni əsirgəmir, Ermənistan isə destruktiv mövqe sərgiləyir."

Fikrimizcə, əlavə şərhə ehtiyac yoxdur. Artıq ermənilər də bütün dünyanın qəbul etdiyi həqiqətləri etiraf etməli olurlar...

Hafiz Əhmədov

O.M.