ARAŞDIRMA- Oyan, Azərbaycan!

ARAŞDIRMA- Oyan, Azərbaycan!

29 İyun 2011 17:10
Bəyəndim (0) Bəyənmədim (0)
Dördüncü deportasiyaya yox demək üçün

İMPERİYA SİYASƏTİNİN QURBANI

Bildiyiniz kimi, azərbaycanlıların dədə-baba torpaqlarından deportasiyası üç mərhələdə həyata keçirilmişdir: 1905-1920-ci illər, 1948-1953-cü illər, 1988-1992-ci illər. Birinci mərhələdə ermənilər Şimali Afrikadan, Osmanlıdan, İrandan Cənubi Qafqaza yerləşdirilərək onlar üçün yaradılmış Ermənistan Respublikası adlı inzibati ərazidə kök salmağa başladılar. Bu, yerli azəri türklərinin qovulması hesabına başa gəldi. İkinci mərhələdə onlar aborigenləri imperiya rəhbərliyinin əli ilə kütləvi köçə məcbur edərək mövqelərini daha da möhkəmləndirdilər. Eyni zamanda qonşu respublikaların torpaqlarına da iddia etməkdən çəkinmədilər. Üçüncü mərhələdə isə bu iddianı aqressiv siyasətlə və hərbi təcavüzlə həyata keçirməyə başladılar. Əslində ermənilər 20-ci əsrin ortalarına kimi ümumən azərbaycanlıların Orta Asiyaya sürgün ediləcəyini və bu yerlərə əcnəbi ermənilərin köçürüləcəyini planlaşdırmışdılar. Hətta "Daşnaksutyun" partiyası və erməni diaspor təşkilatları bu barədə SSRİ rəhbərliyinin razılığını da almışdı. Lakin II Dünya müharibəsi onların bu istəyini ürəklərində qoydu. Və onlar deportasiyanın üçüncü mərhələsinə 20-ci əsrin sonlarında start verməli oldular. Xatırladaq ki, bütün bu cinayətkar əməllər ən yeni tarixin hər bir mərhələsində Rusiyanın imperialist siyasətinin tərkib hissəsi olmuşdur və elə də qalmaqdadır. Deməli, indiki dövrdə düşmənlərimizin qarşısını kəsməsək, "dənizdən-dənizə böyük hayastan" yaranana qədər işğalçılıq siyasəti davam edəcəkdir. Bunun qarşısını almaq üçün biz ilk növbədə tariximizi bilməli, gələcəyə keçmişdən nəticə çıxarmaqla getməliyik.

ETİRAF

Hələ 1975-ci ilin yanvarında Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda belə bir fakt səslənmişdi ki, 476-dan artıq kənd hələ də istifadə edilməmiş qalır (mənbə: "Kommunist" qəzeti, Yerevan, 20 yanvar 1975-ci il). Xatırladaq ki, bu kəndlər 1948-1953-cü illərdə SSRİ Nazirlər Sovetinin "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" verilmiş qərarı ilə boşaldılmışdı. 1988-1989-cü illər deportasiyasından sonra da analoji vəziyyət davam edirdi. Belə ki, 1990-cı ildə erməni ideoloqları bildirirdilər ki, azərbaycanlıların köçürülməsindən sonra azad olunmuş torpaq və yaşayış fondu xaricdən gəlmiş ermənilərin yerləşdirilməsi üçün istifadə olunmayıb (mənbə: "Ermənistanın səsi" qəzeti, 11 noyabr 1990-cı il). Təbii ki, Rusiyanın imperialist siyasəti nəticəsində boşaldılmış torpaqlar azsaylı erməni xalqının hesabına doldurula bilməzdi. Bununla belə, işğalçılıq siyasəti tam gücü ilə həyata keçirilirdi və günü-gündən geniş vüsət alırdı.

ÜÇÜNCÜ MƏRHƏLƏNİN BİRİNCİ HİSSƏSİ

Ermənilər qonşu dövlətlərin torpaqlarına iddia etməzdən əvvəl öz içlərində erməniləşmə prosesini gücləndirməli idilər. Bu işdə onlara daha çox yerli azərbaycanlılar mane ola bilərdi. Odur ki, yerliləri köçürməklə, toponimlərin adlarını tələm-tələsik dəyişdirməklə onlar tarixi saxtalaşdırmaq və işğalçı siyasətini davam etdirmək strategiyasını seçdilər. 1988-ci ilin yanvarından etibarən azərbaycanlılara qarşı birbaşa hücumlar başlandı. Etnik təmizləmə nəticəsində indiki Ermənistan ərazisinin 185 yaşayış məntəqəsi boşaldıldı, 250 mindən artıq azəri türkü öz ev-eşiyindən zorla qovuldu, 217 azərbaycanlı müxtəlif şəraitlərdə ermənilər tərəfindən qətlə yetirildi. 1991-ci ilin 8 avqust günü sonuncu türk kəndi Nüvədi işğal edildikdən sonra "Daşnaksutyun" partiyasının "Türksüz Ermənistan" planı tam surətdə həyata keçmiş oldu.

ÜÇÜNCÜ MƏRHƏLƏNİN İKİNCİ HİSSƏSİ

Ermənilər bununla kifayətlənmirdilər. Onlar əsrin əvvəlində olduğu kimi Dağlıq Qarabağın Ermənistanla iqtisadi, sosial əlaqələrinin möhkəmləndirilməsi bəhanəsi ilə bu dəfə açıq-aydın Azərbaycan torpaqlarına təcavüz etməyə başladılar. 18 oktyabr 1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa edən gənc Azərbaycan Respublikası yenidən rus-erməni tandeminin həmlələrinə məruz qaldı. 1988-1993-cü illər ərzində Dağlıq Qarabağın ərazisi və onun ətrafındakı 7 inzibati rayon işğal edildi. 20 mindən çox azərbaycanlı qətlə yetirildi. 50 mini yaralandı və ya ömürlük şikəst oldu. Bir milyondan artıq insan məcburi köçkünə çevrildi. 01 iyun 2011-ci ilin rəsmi məlumatına görə, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4090 nəfər təşkil etməkdədir. Statistik rəqəmləri sıralamaq olardı. Lakin heç bir maddi ziyan insana verilən işgəncə ilə müqayisə olunmaz deyə, təkrarlamırıq. Sadəcə, mənəvi iztirablarımıza səbəb olan bir neçə faktı xatırlatmaq istərdik.

BU VƏHŞİLİKLƏRİ UNUTMAYAQ

1993-cü ilin 24 iyul günü girov götürülən üç yaşlı Şövqi Əliyevin bazu sümüyü Xankəndi xəstəxanasında erməni "həkimləri" tərəfindən çıxarılmış, nəticədə Şövqi ömürlük şikəst qalmışdır. Kəlbəcər rayonunun işğalı zamanı girov götürülən Gülcamal Quliyevanın yenicə dünyaya gəlmiş oğlu Arzu Hacıyevə erməni "həkimi" Aida Sirobyan zəhərli tərkibli iynələr vurmuşdur. Nəticədə Arzu ömürlük şikəst olmuşdur. Anası Afət Mirzəyevanı və babası Aslan Mirzəyevi ermənilər qəddarcasına güllələyərkən Babək İlyasov yeddiaylıq körpə imiş. Qəlpələr Babəkin də sağ gözünü yaralamışdı. Ermənilər onu dörd ay əsirlikdə saxladıqdan sonra müalicə etmədən geri qaytardılar. Hazırda Babəkin bir gözü kordur. On beş yaşlı Nəzakət Məmmədovanın gözləri önündə atasına işgəncələr verilmiş, qulaqları kəsilmiş, anası hədə-qorxulara dözməyərək dəli olmuşdu. Zəminə Dadaşova girov götürülərkən ermənilər atası Göyüş İbadovu və nənəsi Qönçə İbadovanı güllələmişdilər. Özünün qolundan aldığı yara isə baxımsızlıq ucbatından çirk vermiş, bədənində çürümə prosesinə səbəb olmuşdu. Erməni nəzarətçiləri Ağdam rayonundan girov götürülmüş Kəklik Həsənovaya dəhşətli əzablar vermiş, mismar kəlbətini ilə onun 16 dişini birdən çıxarmışdılar. Ağdamdan girov götürülən ağbirçək Şərqiyyə Şirinovanın da 8 qızıl dişi birdən çəkilmişdi. O, altı ay mütəmadi olaraq fiziki işgəncələrə məruz qalmışdı. Qubadlı rayonunun işğalı zamanı girov götürülən 65 yaşlı Biniş Məmmədova və 69 yaşlı Sara İsmayılova Xankəndidə bir neçə ay ərzində davamlı olaraq döyülmüşdülər. Şahsənəm və Əsli adında qadınlar isə bu cür ağır şəraitə dözməyərək girovluqda vəfat etmişdilər. 63 yaşlı Ağdam sakini Əli Abbasov aldığı fiziki-mənəvi zərbələrə dözməyərək azad olunduqdan qısa müddət sonra dünyasını dəyişmişdi. Ermənilər Füzuli rayonundan girov götürdükləri Mürvət Ağayevi döyərək qulağını kəsmiş, əllərini məftillə arxadan bağlayaraq ağacdan asmış, ayaqlarının altında ocaq qalayaraq onu yandırmışdılar. Hərbi əsirlər - Novruz Daşdəmirov, Namiq Qarayev mütəmadi döyülmə, bədənlərinə qızdırılmış cismlərlə dağ basılma və başlarına mismar çalınması nəticəsində ruhi xəstə həddinə çatdırılmışdılar. Başqa bir hərbi əsir Sədrəddin Mürşüdov döyüldükdən sonra şüşə qırıqlarını udmağa məcbur edilmişdi. Yaralı halda əsir götürülmüş Əbdüləzim Məmmədov rezin dəyənəklə döyülmüş, damarına benzin yeridilmiş, yaralarının qaysağı qoparılmış, üstünə təlim keçmiş it buraxılmışdı. Mayıl Məmmədovun damarına dizel yanacağı yeridilmiş, sinəsi qızdırılmış xaçla damğalanmışdı. Döyülmə nəticəsində hərbi əsir Cavid Hüseynovun çənəsi və qabırğası sınmışdı. Sonra isti dəmir parçası ilə qoluna damğa basılmış, yarasının üstünə sulfat turşusu tökülmüşdü.

Əslində, ermənilərin vəhşilikləri bununla bitmir. Onların girovlarla və hərbi əsirlərlə qeyri-insani rəftarının sərhədi olduqca genişdir. Sadəcə, biz bəzi nüansları dəqiqliklə qələmə ala bilmirik. Buna nə mənəviyyatımız, nə də etik normalar yol verir. Təkcə onu qeyd edə bilərik ki, insanın ağlına gələn-gəlməyən bütün vəhşiliklər günahsız azərbaycanlıların başına gətirilmişdir. Lakin danılmaz faktlara baxmayaraq, ermənilər bu gün də tarixi saxtalaşdırmaqla məşğuldurlar. Belə ki, ermənilər 1988-1992-ci illərin məlum hadisələrini dünya ictimaiyyətinə "ermənilərin soyqırımı" kimi çatdırmağa çalışırlar. Daha dəqiq desək, 2007-ci ildə Ermənistan Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş və üzvlərinin sayı 40 nəfərdən artıq olan "Azərbaycan ermənilərinin Assambleyası" təşkilatı Ermənistan prezidentinə, parlamentə, siyasi partiyalara, erməni genosidi muzey-institutunun direktoruna və xarici diplomatik nümayəndələrə bu barədə rəsmi sənəd göndərmişdir. Təşkilatın rəhbəri Qriqoriy Ayvazyanın imzası ilə yayılmış sənəddə bildirilir ki, 1988-1992 illərdə baş vermiş hadisələri erməni xalqının soyqırımı kimi qiymətləndirmək və Azərbaycan dövlətindən 100 milyard ABŞ dolları həcmində kompensasiya tələb etmək "tarixi ədaləti" bərpa etmək üçün ən vacib şərtdir. Bundan başqa, təşkilat guya Azərbaycan ərazisindən qaçqın düşmüş 500 min erməninin də öz vətənlərinə qayıtmasını şərt kimi irəli sürür. Onu da qeyd edək ki, "Azərbaycan ermənilərinin Assambleyası" təşkilatının rəhbəri Qriqoriy Ayvazyan terrorçu "Daşnaksutyun" partiyasının fəallarından biridir. O təşkilatın ki, yarandığı gündən bəri məqsədi başqalarının torpaqlarını işğal etməklə "dənizdən-dənizə böyük hayastan" yaratmağı qarşısına yeganə məqsəd qoyub və bu yolda hətta terror əməllərindən belə çəkinmədiyini öz nizamnaməsində açıq-aydın bəyan edib.

YERİ GƏLMİŞKƏN

Ötən ilin 8 oktyabr tarixində Azərbaycanın Müsavat partiyası Almaniyanın Potsdam şəhərində "Erməni Ümummilli Hərəkatı" ilə əməkdaşlıq haqda deklarasiya imzalamışdı. "Hayinfo" erməni agentliyinin yaydığı məlumata görə "Erməni Milli Konqresinin" koordinatoru Levon Zurabyan bu addımı təqdirəlayiq sayaraq bildirmişdi: "Hər partiyanın müstəqil fəaliyyət göstərmək haqqı var. Mən burada pis heç nə görmürəm ki, tərəflər arasında ciddi deklarasiya imzalanıb və Azərbaycanın erməni tərəfindən heç bir güzəştə getməyi tələb etməməyi haqda razılığı alınıb." Xatırladaq ki, məhz "Erməni Milli Konqresinin" indiki rəhbəri Levon Ter-Petrosyan prezident olarkən Azərbaycan ərazilərini işğal etməyə başlamışdı. Müqavilənin məhz Potsdam şəhərində imzalanması da düşünməyə əsas verir. Ən azı ona görə ki, məhz 1945-ci ilin 26 iyul günü bu şəhərdə antialman koalisiyasına daxil olan ölkələr Almaniyanın müttəfiqi olan Yaponiyanın qeyri-şərtsiz kapitulyasiyasına nail olmuşlar. Fikrimizcə, əlavə şərhə ehtiyac yoxdur.

SON SÖZ ƏVƏZİ

Azərbaycan tarix boyu düşmənlərin və sapı özündən olan baltaların hesabına itirə-itirə gəlir. Bir zamanlar ərazisi 114000 kvadrat km olan Azərbaycan Demokratik Respublikası bu gün 86600 kvadrat km-dək kiçilmişdir. Biz hələ Cənubi Azərbaycanı, Dağıstan Azərbaycanını, Borçalını nəzərə almırıq. Belə getsə, yox olmaq təhlükəsi ilə üzləşə bilərik. Amma yox. Biz qədim tariximizi, qəhrəmanlıq salnaməmizi araşdırsaq görərik ki, Azərbaycan hər zaman var olmuşdur və olacaqdır. İşıqlı gələcəyimiz naminə hamımız azərbaycançılıq ideyası ətrafında sıx birləşməliyik. Ulu öndərimiz Heydər Əliyev demişkən: "Mən azərbaycanlı olduğumla fəxr edirəm!"

Tofiq Əliyev

O.M.

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.