Gəlin Şuşaya və Xankəndiyə gedək

Gəlin Şuşaya və Xankəndiyə gedək

23 İyun 2011 10:22
Bəyəndim (0) Bəyənmədim (0)
Çünki bu torpaqlar hər an öz sakinlərinin yolunu gözləyir

BİZ VƏ ONLAR

Vətənimizin dilbər guşəsi olan Dağlıq Qarabağ uzun illərdir ki, işğal altındadır. Şuşa, Xankəndi, Xocalı və digər əzəli-əbədi yurd yerlərimiz bu gün də öz sakinlərini gözləyir. Biz hələ aran Qarabağın qanla suvarılmış torpaqlarını demirik. Şəhidlərin narahat ruhları dolaşan bu məkanlar bizim həsrətimizlə alışıb-yanır. Ona görə həsrətimizi çəkir ki, o yerlərin tarixən sahibi biz azərbaycanlılar olmuşuq və olacağıq da. Heç kim buna şübhə etməsin. Erməni insanını tanıyan hər kəs bunun səbəbini bilməlidir. Onlar millətçidirlər, ancaq sözün hərfi mənasında torpağa bağlı deyillər. Başqa sözlə desək, ermənilər özlərini sevirlər, lakin vətənpərvər olmurlar. Çünki bu köçəri millətin heç zaman vətəni olmayıb. Təsadüfi deyil ki, ermənilər güzəranlarının yaxşı ola biləcəyi yerlərə köç edirlər və arxalarınca öz əzizlərini aparırlar. Həmin ərazilərdə qəbiristanlıq yaradır, kök salırlar. Biz azərbaycanlılar isə onlar qədər millətçi ola bilməsək də, torpağımıza bağlıyıq. Cəmiyyətimizdə bəzi hallarda təsadüf olunan yerlipərəstlik meylləri də bununla əlaqədardır. Biz hara getsək də, əcnəbi ellərdə yüksək zirvələri fəth etsək də, hər zaman vətənə qayıtmaq barədə düşünürük. Hətta son mənzil kimi doğma kəndimizi, ata-babalarımızın məzarlarının yanını seçirik. Bu, ilk növbədə bizim torpağa bağlı olmağımızla əlaqədardır.

Deməli, illər, əsrlər keçəcək, biz öz vətənimizdə sayca artacağıq, ermənilər isə bunun əksinə olaraq artdıqca azalacaqlar, yəni başqa yerlərə köç edəcəklər. Bunu Ermənistan Dövlət Statistika Komitəsinin 2011-ci il 1 yanvar tarixində yaydığı rəsmi məlumat da təsdiq edir. Belə ki, müstəqillik dövründən bəri Ermənistan Respublikasını və Dağlıq Qarabağ ərazisini 2,2 milyonadək vətəndaş tərk etmişdir. Bizim rəsmi məlumatlarda isə əhalimizin 9 milyon nəfərə çatdığı bildirilir. Bu da təsadüfi deyil. Biz öz vətənimizdə yaşayırıq, onlar isə başqalarının torpaqlarında. Amma bir faktı da təəssüflə qeyd etməliyik ki, biz torpağa bağlı olduğumuz halda, tariximizi yetərincə öyrənmirik. Öyrənsək də, təbliğ etmirik. Düşünürük ki, bu torpaqlar bizim olub və olacaqdır, vəssalam. Ancaq bir faktı unuduruq ki, erməni hətta başqa yerlərdə yaşasa da, daim tarixi öz xeyrinə saxtalaşdırmaqla məşğuldur və bizim vətənimizə iddialıdır. Elə isə gəlin işğal altında inləyən yurd yerlərimizin tarixinə birlikdə səyahət edək.

HAŞİYƏ:

Bu yaxınlarda "Youtube"-da ermənilərin Şuşa haqda çəkdikləri sənədli filmə baxdıq. Sözün əsl mənasında dəhşətə gəldik. Onlar bu şəhərin adının belə erməni mənşəli olduğunu bildirərək, guya qədim erməni qalası olduğunu sübut etməyə çalışırdılar. Bu zaman heç bir türk toponiminin adını çəkmirdilər. Halbuki Şuşa qalasının hər daşı-divarı azərbaycanlıların sənət əsəridir. Şəhərin kim tərəfindən və nə zaman salındığı hamıya bəllidir. Bir anlıq düşünün, siz Şuşanın tarixini bilirsinizmi?

Elə isə gəlin bildiklərimizi birlikdə təkrar edək. Çünki Şuşa kinoteatr, restoran, toyxana adları ilə tarixdə qalmamalıdır, gələcək nəsillərə əmanət edilməlidir. Bunun üçün biz onun tarixini öyrənməli, Şuşanı, Xankəndini qarış-qarış tanımalıyıq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, bizim uşaqlar həqiqətləri bilməlidir.

ALINMAZ QALA

1750-ci ildə Pənahəli xan Qarabağ xanlığını düşmən hücumlarından qorumaq üçün alınmaz qala tikdirməyi qərara alır. Qarabağın ən səfalı və etibarlı guşəsində, üç tərəfdən sıldırım qayalarla əhatə olunmuş dağ yaylasında qalanın bünövrəsi qoyulur. Yerli camaat yeni salınmış şəhəri onun şərəfinə Pənahabad adlandırır. Şiş uclu dağların əhatəsində yerləşən Pənahabad sonralar Şişə, daha sonra isə Şuşa adlanmağa başlayır.

ŞƏHƏRSALMA

Ümumiyyətlə, Şuşa bir şəhər kimi üç mərhələdə təşəkkül tapmışdır. 1763-cü ilə qədər davam edən inşaat işləri qeyri-sabit şəraitdə aparılmış, bu zaman şəhərin Çuxur adlı şərq hissəsində 9 məhəllə salınmışdı. İbrahim Xəlil xanın hakimiyyəti illərində (qeyd: 1763-1806 illərdə), yəni ikinci mərhələdə şəhərdə aparılan tikinti-abadlıq işləri geniş vüsət almışdır. Bunun nəticəsində məhəllələrin sayı 17-yə çatdırılmışdır. Bütövlükdə XIX əsri əhatə edən üçüncü mərhələdə isə şəhərin dağlıq qərb hissəsində yeni 12 məhəllə salınmış, bununla da Şuşanın bir şəhər kimi formalaşma prosesi başa çatmışdır. Şərq memarlığının nadir incisi sayılan bu şəhərin qərbi dəniz səviyyəsindən 1800 metr, şərqi isə 1400 metr yüksəklikdə yerləşir. Şuşanın cənubunda "Cıdır düzü" kimi tanıdığımız düzənlik yerləşir. Məşhur Yeddiqat dolamaları, Daşaltı dərəsinə gedən təbii ornamentli cığırlar, füsunkar Qırxpilləkən yolu, ağ şumal daşlarla döşənmiş küçələr, evlərin pəncərə şəbəkələri, bir-birini əvəz edən abidələr Şuşanın ecazkar gözəlliyinə hər zaman gözəllik qatmışdır.

BİRİNCİ HƏMLƏ

Şəhərsalma memarlığının ən gözəl nümunələri əsasında inşa edilmiş Şuşa qısa müddət ərzində ətraf bölgələrə səs salır. Hətta İran şahı Ağaməhəmməd şah Qacar 1795-ci ilin iyununda bu qalanı tutmaq üçün Araz çayını adlayaraq Qarabağ xanlığına hücuma keçir. Bununla belə, şəhərin memarlığına xələl gətirməmək məqsədilə Qarabağ xanı İbrahim Xəlil xana könüllü surətdə təslim olmağı təklif edir. Təbii ki, bu təklif rədd cavabı ilə və silahlı müqavimətlə qarşılanır. Şuşa qalasını 33 gün mühasirədə saxlayan Qacar müvəffəqiyyət qazana bilməyəcəyini görüb çoxminlik ordusu ilə birlikdə ərazini tərk etməli olur. Lakin 1797-ci ilin yayında daha böyük qüvvə ilə həmlə edərək qalanı ələ keçirə bilir. Bu zaman İbrahim Xəlil xan Balakənə getdiyindən Qarabağ ordusu düşmənə layiqli cavab verə bilmir. Beləcə, İran hökmdarı Ağaməhəmməd şah Qacar Şuşaya daxil olduqda, bu şəhərin ecazkar gözəlliyinə valeh olur və bir müddət orada yaşamaq qərarına gəlir. Ancaq çox keçmir ki, öz mühafizəçiləri tərəfindən yatdığı yerdəcə qətlə yetirilir. Nəticədə, başsız qalmış İran ordusu Qarabağı tərk etməli olur.

QARABAĞIN QARA GÜNLƏRİ

İranın yeni həmlələrindən çəkinən İbrahim Xəlil xan Qarabağ xanlığının Rusiya imperatorluğunun tərkibinə keçməsi haqda danışıqlara girməyə məcbur olur. 1805-ci ilin 14 may günü Qarabağ xanı ilə Rusiya generalı, knyaz Sisianov arasında traktat (qeyd: müqavilə) imzalanır. 11 artikuldan (qeyd: bənddən) ibarət olan bu traktatda ermənilərin Qarabağda yaşamaları barədə heç bir fakt qeyd olunmur. Nəzərinizə çatdıraq ki, o dövrdə Qarabağ xanlığının tərkibinə 5 xristian-alban məlikliyi daxil idi. Əgər Qarabağda yerli ermənilərin mövcudluğu barədə hər hansı bir məlumat olsaydı, mütləq müqavilənin şərtlərinə salınardı və bu müddəa Rusiya tarixi mənbələrində yer alardı. Deməli, o dövrdə Qarabağda yaşayan xristianlar ermənilər deyil, albanlar idi.

Rus işğalı dövründə də Şuşa Qarabağın paytaxtı kimi qalmaqda davam edir. Lakin onun qara günləri məhz bu dövrdən başlayır. Belə ki, Gülüstan və Türkmənçay müqavilələrinin şərtlərinə əsasən İran və Osmanlı ərazilərindən erməni əhalisi sürətlə Azərbaycana, o cümlədən Qarabağa yerləşdirilir. Əgər 1832-ci ildə Qarabağ əhalisinin 91 faizi azərbaycanlılar, 8.4 faizi ermənilər idisə, köçürülmə siyasəti nəticəsində, daha doğrusu, 1836-cı ildə bu fərq 64.8-in 34.8-ə nisbətində dəyişdi. Rusiya rəhbərliyinin işğalçı siyasətindən həvəslənən ermənilər "böyük hayastan" yaratmaq ideyasını həyata keçirmək məqsədilə regiona kütləvi şəkildə köç etməyə və yerli əhalini sıxışdırıb çıxarmağa başlayırlar.

1905-1907-ci illərdə Şuşa şəhəri ermənilər tərəfindən hücuma məruz qalaraq yandırılır. 1920-ci ildə ermənilər şəhərin xeyli hissəsini dağıdırlar. 1992-ci ilin 8 may günü isə bu şəhər ermənilər tərəfindən tamamilə işğal olunur.

XANKƏNDİ

Şuşanın tikilməsindən sonra Qarabağ xanı həvəsə gələrək özü və ailəsi üçün istirahət məkanı inşa etmək qərarına gəlir. Bunun üçün xanlığın paytaxtı Pənahabaddan (qeyd: Şuşadan) təxminən 10 km məsafədə dağətəyi məskən seçilir. Belə ki, bu ərazi xanlığın digər yaşayış yerləri olan Ağdama, Xocalıya, Malıbəyliyə, Kərkicahana yaxınlığı ilə seçilir. İlk illər yeni məkana ancaq xanın ailə üzvləri və xidmətçiləri yerləşirlər. El arasında bu yer "Xanın kəndi" adını alır və qəsəbə Xankəndi adı ilə məşhurlaşır. Qarabağ xanlığı çar Rusiyasının tərkibinə keçdikdən sonra xanlığın bütün ərazisinə, o cümlədən Xankəndinə rus hərbi hissələri gətirilir. Yeni salınmış şəhərdə əhalinin azlığından istifadə edən Rusiya imperiyası tezliklə İrandan və Osmanlıdan bura çoxlu sayda erməniləri köçürməyə başlayır. 1813-cü ildə şəhərdə heç bir erməni və rus ailəsi yaşamadığı halda, 1847-ci ilin rəsmi məlumatlarına görə, Xankəndinin əhalisi 80 erməni və 52 rus ailəsi kimi göstərilir. Tezliklə burada erməni Qriqoryan kilsəsi inşa edilir. Göründüyü kimi, imperiyanın məqsədi buranı erməniləşdirmək və paytaxt elan etmək idi. Ermənilər və rus zabitləri yeni yaşayış məskənini "ştab" adlandırsalar da, 1847-ci ildə çar Rusiyasının tərtib etdiyi xəritələrdə ərazi Xankəndi adı ilə qeydiyyata alınır. 1900-cü ildə orada artıq 3 min insan yaşayır ki, onların da çoxunu əcnəbi ermənilər təşkil edir. Şəhərdə ikisinifli məktəb fəaliyyət göstərir. Əraziyə gətirilən 1-ci Sujeno-Vladiqafqaz Tersk kazak qoşununun köməyi ilə ermənilərin mövqeyi daha da möhkəmlənir. Doğrudur, yaxın kəndlərdə yaşayan, torpağa bağlı olan sadə azərbaycanlı kəndliləri də şəhərin inkişafında müstəsna rol oynayırlar. Lakin erməni-rus tandeminin nəzarəti ilə onların sayının artmasına məhdudiyyət qoyulur.

XƏYANƏTİN NÖVBƏTİ ADI - STEPANAKERT

Artıq 1921-ci ildə Xankəndi qəsəbəsində 398 azərbaycanlı və 981 erməni ailəsi yaşayırdı. 1920-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş (qeyd: respublika rəhbəri) milliyyətcə erməni Anostas Mikoyan və 1921-1925-ci illərdə həmin vəzifəni tutmuş ermənipərəst Sergey Kirov Qarabağın, əsasən də Xankəndinin erməniləşdirilməsi prosesini daha da sürətləndirdi. Bu işğalçı siyasətin nəticəsi olaraq, 4 iyul 1923-cü ildə Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsi Zaqafqaziya bürosunun iclasında Dağlıq Qarabağın Ermənistan SSRİ-nin tərkibinə verilməsi haqda ədalətsiz qərar çıxarıldı. Acınacaqlıdır ki, qədim Azərbaycan torpağının taleyini azərbaycanlılar deyil, ruslar və ermənilər həll etmişdilər. Lakin bir gün sonra Nəriman Nərimanovun Moskvaya göndərdiyi etiraz məktubu əzəli-əbədi Azərbaycan torpaqlarının muxtariyyət şəklində Azərbaycan SSR-ə qaytarılmasına səbəb oldu. Görünür, mərkəzi hökumət Zəngəzuru, Göyçəni, İrəvanı itirmiş Azərbaycanın növbəti itki ilə barışmayacağını və bunun sosial partlayışa gətirib çıxaracağını anlayırdı. Beləliklə, 7 iyul tarixində Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Dağlıq Qarabağ Muxtar Vilayətinin (qeyd: qısaca DQMV) təşkil edilməsi barədə qərar çıxardı və vilayətin paytaxtı statusu Şuşadan Xankəndinə verildi. Bunun ardınca 6 oktyabr günü Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin növbəti qərarı ilə Xankəndi qəsəbəsinin adı yerli erməni əhalisinin müraciətinə əsasən dəyişdirildi. Stepan Şaumyanın şərəfinə Stepanakert qoyuldu. Nədənsə bu zaman vilayətin, eləcə də şəhərin azərbaycanlı əhalisinin rəyi nəzərə alınmamışdı. 1926-1929-cu illərdə Azərbaycana rəhbərlik etmiş milliyyətcə erməni olan Levon Mirzoyan Xankəndinin baş planını Ermənistandan gəlmiş Aleksandr Tamanyana həvalə etdi. Bununla da onilliklərdir formalaşan şərq memarlıq xətti sıradan çıxarılaraq erməni "memarlığı" ilə əvəz olundu. Sözsüz ki, bu da regiondan tarixi həqiqətlərin izlərini itirmək məqsədini daşıyırdı. Etnik təmizləmə siyasəti 1991-ci ilin dekabr ayında Xankəndinin 17 minlik azərbaycanlı əhalisinin deportasiyası ilə nəticələndi. Yeri gəlmişkən, onu da qeyd edək ki, məhz Levon Mirzoyanın Azərbaycan SSR-ə rəhbərlik etdiyi dövrdə Mığrı (qeyd: indiki Meqri) rayonu qeyd-şərtsiz Ermənistan SSR-ə verilmişdi.

SON SÖZ ƏVƏZİ:

Tarix unudulan zaman təkrarlanır. Biz gərək heç nəyi və heç kimi unutmayaq. Onsuz da zaman ermənilərin ziyanına, bizim xeyrimizə işləyir. Belə ki, biz inkişaf edirik və inkişaf etdikcə Qarabağa iri addımlarla yaxınlaşırıq. Ermənilərsə tənəzzülə məhkumdurlar. Bu da onların əvvəlcə öz mövqelərindən, sonra isə işğal etdikləri Qarabağdan çəkilmələrinə gətirib çıxaracaq. O gün uzaqda deyil. İnanın ki, ermənilər uydurduqları saxta tarixi artıq unutmağa başlayıblar. Bu yerdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözlərini xatırlatmaq yerinə düşərdi: "İndiki Ermənistan tarixi Azərbaycan torpaqlarında yerləşir. Hələ bu azmış kimi, onlar bizim ərazilərdə ikinci dövlətlərini yaratmaq istəyirlər. Biz buna heç vaxt razılıq verə bilmərik və biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. İstənilən yolla. Mən buna şübhə etmirəm."

Tofiq Əliyev

O.M.

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.