Serj Sarkisyanın qardaşı oğlu ABŞ-a qaçmaq istəyir

Serj Sarkisyanın qardaşı oğlu ABŞ-a qaçmaq istəyir

22 İyun 2011 09:41
1 398
Bəyəndim (0) Bəyənmədim (0)
Onlar vəhşi meşə qanunları ilə yaşayırlar

DALDA QALAN NAMƏRDDİR

Ermənilər ölkələrini təcili surətdə tərk edirlər. Bu, heç kimə, onların özlərinə də sirr deyil. Çünki Rusiya imperiyasının işğalçı siyasəti ilə qurduqları dövlət qədim Azərbaycan torpağında bərqərar olmuşdur. Bu da ermənilərin özlərinə məxsus olmayan vətəndən köç etməsini labüd edir. Kütləvi qaçışın digər səbəbləri də vardır. Ölkələrinin işıqlı gələcəyinə inanmayan, sosial-iqtisadi problemlər məngənəsində sıxılan, antidemokratik şəraitdən əziyyət çəkən, mafioz klanlar tərəfindən idarə olunan və ən nəhayət, azərbaycanlıların öz tarixi yurd yerlərinə sahib çıxacağından ehtiyatlanan ermənilər təhlükəsiz yaşamaq ümidi ilə qərbə üz tuturlar. Belə getsə, nəinki Qarabağ erməniləri yaşadıqları və işğal etdikləri əraziləri tərk edəcəklər, hətta Ermənistan dövləti də tarixə çevriləcək.

KÖKÜNDƏN ÇÜRÜYƏN AĞAC

Qəribə səslənsə də, Ermənistanı hətta yüksək vəzifəli şəxslər də tərk etməyə başlayıblar. Bu da onların ölkələrinin gələcəyinə inamsızlığının bariz nümunəsidir. Vəziyyət o yerə çatıb ki, hətta ölkə prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyan da ABŞ-a köçməyə cəhd göstərib. Əvvəlcədən qeyd edək, Narekin atası Saşik hələ sovet dövründə törətdiyi çoxsaylı cinayətlərə görə Azərbaycan türmələrində yatsa da, hal-hazırda Ermənistanda ağa kimi yaşayır. Sözün hərfi mənasında, qardaşının hesabına ağalıq edir. Bunu zaman-zaman erməni mətbuatı da ürək ağrısı ilə etiraf etməli olur. Sarkisyanlar ailəsi ölkəni inək kimi sağır. Artıq süd əvəzinə qan gəlməyə başlayıb. Ailənin xaricdə yaşayan mafioz qurumlarla, o cümlədən ötən il ABŞ-da ifşa olunan erməni mafiyası ilə işbirliyi maddi sərvətlərinin daha da artmasına səbəb olub. Bununla belə, Sarkisyanlar da xaricdə sığınacaq tapmaq haqda düşünürlər.

Mövzunu dərindən araşdıran Ermənistanın "Jamanak" qəzetinin məqaləsində yazılır: "...Narek Sarkisyan işgüzar vizanın köməyilə "sehrli" kartı əldə etməyə çalışıb. Bununla bağlı ABŞ-ın miqrasiya xidmətinə müraciət edib. ABŞ-da yaşamaq izni almaq üçün Narek Sarkisyanı "MGM Paradise" şirkətinə mühasib vəzifəsində qeydiyyata alıblar. Lakin fakt ABŞ rəsmilərinə şübhəli görünüb və Sarkisyana "Green kard" verilməyib." Məqalədə o da bildirilir ki, "MGM Paradise" şirkəti erməni şirkəti olan "Paradise"-nin ABŞ təmsilçiliyidir. Xatırladaq ki, "Green kard" ingiliscədən tərcümədə yaşıl kart deməkdir və ABŞ-da əcnəbilərin müddətsiz yaşamalarına bir növ yaşıl işıq yandırır.

Prezidentin qardaşı oğlunun yaşıl kartı qazanmaq cəhdi uğursuz alınsa da, fikrimizcə, o, bataqlıqda olan Ermənistanı tərk etmək üçün "saman çöpü"ndən belə yapışmağa hazır olacaq. Daha doğrusu, müxtəlif yollara əl atacaq. Necə ki, bu yaxınlarda Ermənistanın milli təhlükəsizlik xidmətinin yüksək rütbəli zabiti Vardan Yeqiazaryan ölkəsinə birdəfəlik tüpürüb ABŞ-a qaçdı.

RÜSVAYÇILIQ

Ermənistanın "Aykakan jamanak" qəzetində bu barədə yazılır: "Ermənistan milli təhlükəsizlik xidmətinin kadrlar şöbəsinin rəisi Vardan Yeqiazaryan asanlıqla "Green kard" əldə edərək, birdəfəlik ABŞ-a köçmüşdür... Bu cür yüksək rütbəli məmur Ermənistan təhlükəsizlik xidmətinin kadr bazasından-agentlərdən tutmuş xaricdəki casuslara qədər hamısından məlumatlıdır... Texnikanın müasir inkişaf səviyyəsi şəraitində bütün məlumatlar, lazım olarsa, balaca bir çipdə (qeyd: kompüter üçün yaddaş kartında) yerləşdirilə bilər. ABŞ-da ifşa olunmuş rus casusları ilə bağlı sonuncu qalmaqaldan sonra belə bir məlumat yayılmışdır ki, bu barədə informasiya məhz Ermənistan milli təhlükəsizlik xidmətindən sızıb. Yalnız bundan sonra casuslar şəbəkəsi tamamilə ifşa oluna bilib. Hələlik heç kim nə təsdiq, nə də inkar edə bilməz ki, bu, Yeqiazaryanın ABŞ-a yerləşməsi ilə əlaqədardır. Bununla belə, milli təhlükəsizlik xidmətinin yüksək rütbəli məmurunun "Green kard"-la ölkədən köçməsi faktı özlüyündə rüsvayçılıqdır."

Erməni mətbuat orqanlarının yekdil fikrincə, xüsusi xidmət orqanının belə bir yüksək vəzifəli məmuru ABŞ-a köçmək üçün bu qədər rahatlıqla imkan əldə edə bilməzdi. Deməli, ona bu şəraiti ABŞ xüsusi xidmət orqanları yaradıb və məhz onun köçündən sonra ABŞ-da rus casuslarının ifşasını təsadüf adlandırmaq olmaz.

SATQINLIQ

Ermənistanın "Yeni dövrlər" partiyasının lideri Aram Karapetyan faktı müzakirə edərkən yerli mətbuata belə bir açıqlama vermişdir: "Ermənistan təhlükəsizlik xidmətində hər hansı vəzifədə çalışmış insan, vəzifədən getdikdən sonra ən azı 20 il ərzində ölkəni tərk edə bilməz. Bu müddət məxfi məlumatların sızdırılmamağı üçündür... Buna imkan verilməməli idi... Təsəvvür edin ki, Serj Sarkisyan "Green kard" qazanaraq ABŞ-da yaşamağa gedəcək. Onda nə olar?"

XƏSTƏ CƏMİYYƏT

Erməni demoqrafı Ruben Yeqanyan apardığı araşdırmalar zamanı belə bir nəticəyə gəlmişdir ki, son 4-5 ildə Ermənistandan hər il 25-30 min adam köç edir. Bu isə ümumi əhalinin təxminən 1 faizə qədərini təşkil edir. Sözsüz ki, real itkilər rəsmi mənbələrdə göstərilən rəqəmdən ən azı 2 dəfə çoxdur. "Ermənistan Xəbərləri" informasiya agentliyinin məlumatına görə, iş tapmaq üçün xarici ölkələrə gedən müvəqqəti miqrantlar geri qayıtmaqdan imtina edirlər. Yerevan linqvistika universitetinin psixologiya elmləri namizədi, dosent Karina Nalçadyanın fikrincə, miqrasiyanı stimullaşdıran amillərdən biri də odur ki, həyatı əhəmiyyətli ehtiyaclar - təhlükəsizliyin təminatı və xoş güzəran vətəndə təmin olunmur. Bu səbəbdən xaricə köçənlər atdıqları addımı əsaslandıra bilirlər. Mövcud vəziyyət onlara vətənlə asanlıqla vidalaşmağı təmin edir. Onlar çox vaxt vətənlərini və xalqlarını ifşa edir, gözdən salırlar. Psixologiya elmləri doktoru, professor Elmira Gevorkyanın fikrincə, sosial-iqtisadi problemlər, gələcəyə inamsızlıq ona gətirib çıxarmışdır ki, ermənilər daha da əsəbi olublar və Ermənistanda sinir xəstəlikləri sürətlə artmaqla bərabər cavanlaşmışdır. "Arm Today" informasiya agentliyinə müsahibə verən alim bildirmişdir ki, sinir xəstəliklərinin artımı şəxsiyyətin ictimai həyatda yaşadığı problemlərlə əlaqədardır. Bu gün erməni gəncləri arasında skeleroz, nevroz halları çox geniş yayılmışdır.

BALIQ BAŞDAN İYLƏNİR

Qəribədir ki, Ermənistan dövləti, onun rəhbərliyi kütləvi köçün qarşısını almaq əvəzinə buna şərait yaradır. Ölkədə hökm sürən dözülməz şəraitlə ermənilərin xaricə axınını labüd etməklə yanaşı, nədənsə bunu təşkilatlandırırlar da. Belə ki, İtaliya hökumətinin maliyyə dəstəyi ilə 13 oktyabr tarixində "Dövlət məşğulluq xidməti" beynəlxalq miqrasiya təşkilatı ilə birlikdə Erebuni-Nubaraşen məşğulluq mərkəzində Miqrasiya resurs mərkəzi yaratmışdır. Bu mərkəzin vasitəsilə Ermənistan vətəndaşlarının Avropa ölkələrinə miqrasiyası təmin olunacaqdır. Beynəlxalq təşkilatların maddi və təşkilati dəstəyi ilə belə mərkəzlərin Ermənistanın müxtəlif şəhərlərində təsis olunması planlaşdırılır. Təsadüfi deyil ki, ötən ilin 1 noyabr tarixindən Ermənistandan Fransaya getmək istəyən vətəndaşlar üçün viza rejimi sadələşdirilmişdir.

Atalar əbəs yerə deməyiblər, balıq başdan iylənir. Göründüyü kimi, ermənilər başda prezidentin ailəsi olmaqla ölkələrini qoyub qaçmağa çalışırlar. Məhz bunun nəticəsidir ki, 1989-cu ildən bəri bu ölkənin vətəndaşları sayca iki dəfə azalıblar. Mövcud tendensiya günümüzdə də davam edir.

DAŞDAN ÇIXAN ÇÖRƏK

Fikrimizcə, bir neçə iqtisadi göstəriciyə nəzər salmaq yerinə düşərdi. 2011-ci ilin yanvar-may aylarında Ermənistanın xarici ticarət dövriyyəsi mənfi qalıqla 1.47 milyard ABŞ dolları təşkil etmişdir. Bu isə o deməkdir ki, ölkəyə gətirilən xarici mal (qeyd: import) 1.86 milyard dollar həcmində olmuş, ölkədən xarici bazarlara satılan mal (qeyd: eksport) isə 390 milyon dollar təşkil etmişdir. Sözsüz ki, Ermənistandan xaricə eksport olunan mallar hazır məhsullar deyil, xam mallardır. Daha dəqiq desək, ermənilər pula gedən hər şeylərini satırlar. Müqayisə üçün qeyd edək ki, mövcud dövrdə Azərbaycanın xarici ticarət dövriyyəsi müsbət qalıqla 6.07 milyard ABŞ dolları təşkil etmişdir. Ermənistanın Milli statistika xidmətinin məlumatına görə, 2011-ci ilin yanvar ayına bu ölkənin xarici borcu 3,25 milyard dollara çatmışdır. Ermənistan Respublikası Dünya bankına 1.3 milyard, Beynəlxalq Valyuta Fonduna 747,5 milyon, Rusiyaya 500 milyon, Yaponiyaya 331 milyon, Asiya İnkişaf Bankına 131 milyon, Almaniyaya 121 milyon, Beynəlxalq kənd təsərrüfatının inkişafı fonduna 58.5 milyon, ABŞ-a 33 milyon, Beynəlxalq inkişaf fondu OPEK-ə 28 milyon dollar borcludur. Maraqlıdır ki, Ermənistan rəhbərliyi borcları qaytarmaq əvəzinə 2013-cü ildə 4 milyarda çatdırmağı planlaşdırıb. Daha dəqiq desək, ötən ilin iyul ayında Ermənistan hökuməti 2011-2013-cü illərdə dövlət borcunu idarə etmək haqda strateji proqram qəbul etmişdir. Proqrama əsasən donorlardan götürüləcək məbləğ iqtisadiyyatın inkişafına qoyulmalıdır. Hətta balaca uşağa belə aydındır ki, iqtisadiyyatı rüşvətxorluq, anarxiya, inhisarçılıq şəraitində boğulan ölkəyə qoyulan sərmayə bataqlığa atılan daş rolunu oynayacaqdır. Ən azı ona görə ki, Ermənistan hökumətində iqtisadiyyatın konkret inkişaf proqramı yoxdur. Deməli, həmişəki kimi pullar mənimsəniləcək və gələcək erməni nəsillərinə böyük məbləğdə borc miras qalacaq. Ermənistan milli statistika xidmətinin yaydığı məlumata görə, ötən il təkcə inşaat sektorunda 5.2 %, kənd təsərrüfatı məhsullarının istehsalında 17.9 % geriləmə müşahidə olunmuşdur. Ümumən ölkə iqtisadiyyatının tənəzzülü bu ilə 4.6% nəzərdə tutulur ki, qiymətlərin artımı 5.7% proqnozlaşdırılır. Çox güman ki, real vəziyyət rəsmi dövlət statistikasından xeyli acınacaqlıdır. 2011-ci ilin dövlət büdcəsində kiçik və orta biznesin inkişafına 410 min dollar ayrılmışdır ki, bu da əvvəlki dövrlərə nisbətən 4 dəfə azdır. Çox güman ki, bu məbləğ də iş adamlarına deyil, sektoru idarə edən dövlət qulluqçularının əməkhaqqına və rüşvətxor məmurların cibinə gedəcəkdir. Dövlət rəsmilərinin yaydığı məlumata görə, Ermənistan prezidentinin tələbi ilə bu ilin büdcəsində xərclər təxminən 28 milyon dollar artırılmışdır.

Ümumdünya iqtisadi böhranının tezliklə bitməyəcəyini, erməni cəmiyyətində hökm sürən ağır vəziyyəti nəzərə alsaq, əminliklə deyə bilərik ki, bu sel çox şeyləri yuyub aparacaq. Başqa sözlə desək, Ermənistanı tərk etmək istəyənlərin sayı durmadan artacaq.

ÇILPAQ HƏQİQƏT

Bu yerdə internet vasitəsilə təsadüfən tanış olduğum Karen adlı erməninin sözləri yadıma düşdü. Əslən Hadrutdan olan, hal-hazırda Slovakiyanın Bratislava şəhərində yaşayan bu şəxs mənimlə yazışmasında açıq-aydın bildirirdi: "mən özüm Qarabağ döyüşlərində iştirak etmişəm. O zamanlar hamı müstəqillik üçün vuruşurdu. Heç kim bundan başqa bir şey haqda fikirləşmirdi. Sonra müstəqil olduq. Bir də onda ayıldıq ki, soyuducumuz bomboşdur və biz hansısa əcnəbi təşkilatların verdiyi ərzaq payına möhtacıq. Arvad-uşağın üzünə baxmağa belə xəcalət çəkirdik. Əgər müstəqillik dağıntıdırsa, aclıqdırsa, dərd-sərdirsə, xəcalətdirsə, belə müstəqillik bizə lazım deyil. Mən bunu indi daha yaxşı başa düşürəm." Doğrusu, erməni həmsöhbətimin cəsarətini alqışlamaqdan başqa çıxış yolum qalmamışdı.

SON SÖZ ƏVƏZİ:

Ermənilər hara gəldi qaçırlar. Əvvəla ona görə ki, yaşadıqları torpaq onların deyil. İkincisi, torpağa bağlı deyillər. Üçüncüsü, acdırlar. Dördüncüsü, yumruq altındadırlar. Beşinci, altıncı... və sair səbəblərə görə normal yaşamaq istəyirlər. Səbəblər nə olursa-olsun, real vəziyyət bizə sirkdəki səhnəni xatırladır. Ermənilər qəfəsdə olan yırtıcılartək yaşayırlar. Onları qamçı ilə idarə edənlər, yəni əhliləşdiricilər bir hərəkətin müqabilində ağızlarına nə isə atırlar. Bu isə kənardan baxanların gülüşü və çoxsaylı alqışları ilə müşayiət olunur. Odur ki, hər bir erməni azad ola biləcəyi, xoş yaşayacağı yerlərə qaçmaq istəyir.

Natiq Qocaman

O.M.

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.