8 il küçədə yaşayan erməni Türkiyədən sığınacaq istəyir

8 il küçədə yaşayan erməni Türkiyədən sığınacaq istəyir

21 İyun 2011 21:33
Bəyəndim (0) Bəyənmədim (0)
Çoxuşaqlı ana Ermənistanı mənəviyyatsız, erməniləri heyvan adlandırdı

Ermənistanın hetqonline saytının yaydığı məlumata görə, Məryəm Gişyan 6 nəfərlik ailəsi üçün Türkiyədən siyasi sığınacaq istəyib. O, eyni zamanda Ermənistan prezidenti Serj Sarkisyana etiraf məktubu ünvanlayıb. Məktubda yazılır: "OVİR-in rüsumunu ödəmək üçün pulum yoxdur. Odur ki, məni Ermənistan vətəndaşlığından azad edin. Mənə və 5 uşağıma qarşı genosid həyata keçirilib - yaşayış yerimizdən məhrum olmuşuq. Yaşamaq və elementar insan hüquqlarımız olmayıb. Ona görə də mən oğlanlarıma icazə vermərəm ki, bu cür mənəviyyatsız ölkənin ordusunda xidmət etsin."

Çoxuşaqlı ananın məktubunda daha sonra yazılır: "Çoxları məni qınayır. Qoy mənə yol göstərsinlər - nə edim? Nə qədər küçələrdə yaşamaq olar? 8 il ərzində övladlarım məktəbə elə küçədən gediblər. Biz haralarda gecələməmişik? Hətta prezident sarayı ilə üzbəüz Sevgililər bağında da bir müddət qalmalı olmuşuq. Bəzən ev kirayələmişik, ancaq pulumuz olmadığından bizi küçəyə atıblar."

Xatırladaq ki, qadının uşaqları həddi-buluğa çatsalar da, pasportları olmadığından heç yerdə işləmirlər. Bununla belə, dövlət onları ordu sıralarına çağırır.

Məryəm Gişyanın Yerevan şəhəri Lalayan küçəsi 30 ünvanında 6 otaqlı mənzili var idi. 2003-cü ilin dekabrında yerli məhkəmənin qərarı ilə ev sökülməyə məruz qaldı. Məhkəmənin qərarına uyğun ailəyə Yerevan ətrafında 4 otaqlı ev verilməli idi. Sonra ev məsələsi 20 805 dollar təzminatla əvəz olundu. Lakin bu pullar ödənmədi. Bürokratik instansiyaların məmurları tərəfindən yeyildi. Qəribədir ki, pulların verilməməyini hər yerdə etiraf etsələr də, bunun səbəbini açıqlayan yoxdur. Bütün idarələrdə birmənalı şəkildə bildirirlər ki, mövcud məsələ ilə bağlı sənədlər vaxtı ötdüyünə görə məhv edilib.

Problemi araşdıran "Dövlət Ehtiyaclarının qurbanları" ictimai birliyinin sədri Sedrak Baqdasaryan da heç bir nəticə əldə edə bilməyib. Bu səbəbdən o, Ermənistanın dövlət və hökumət nümayəndələrini, məmurları fırıldaqçı adlandırır. Sadalanan və sadalanmayan bütün məsələlər çoxuşaqlı ananın səbir kasasını doldurub. O, son dəfə prezidentə problemləri barədə açıq məktub göndərib və belə bir cavab alıb: "Məsələnizə baxılır. Qanun çərçivəsində həllini tapacaq." Aldığı cavabdan ümidlənən Məryəm Gişyan prezident administrasiyasının dəftərxana şöbəsinə yollanıb. Burada dəhşətli bir cavabla üz-üzə qalıb: "Bəli, sizin işinizə baxılır, yəni Ermənistan vətəndaşlığından çıxarılma işinə." Əli hər yerdən üzülən qadın son olaraq bunları deyib: "onlar adam ola bilmədilər."

Bəli, ermənilər adam ola bilmədilər. Çünki adam olan kəs başqasının evini, yurdunu, malını, mülkünü, yaşamaq hüquqlarını əlindən almaz. Nə yaxşı ki, özləri də bunu anlamağa başlayıblar...

Natiq Qocaman

O.M.