Dağlıq Qarabağ əhalisi nə zaman və necə erməniləşdi?

Dağlıq Qarabağ əhalisi nə zaman və necə erməniləşdi?

20 İyun 2011 19:07
3 367
Bəyəndim (0) Bəyənmədim (0)
Tarix erməni və dünya alimlərinin gözü ilə

DANILMAZ HƏQİQƏT

20 ildir davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ konflikti bu gün də cəmiyyətimizin bir nömrəli problemi olaraq qalmaqdadır. Ötən zaman kəsiyi ərzində sürətli inkişaf yolunu tutan Azərbaycan artıq regionun flaqmanına çevrilmişdir. Təkcə bir faktı qeyd etmək kifayət edər ki, ölkəmizin artan qüdrəti haqda təsəvvür yaransın. Bəli, müasir dövrdə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin qarantıdır. Bu amil dünyanın aparıcı dövlətləri arasında ölkəmizi də söz sahibi etmişdir. Məhz bu uzaqgörən siyasətin nəticəsidir ki, son dövrlərdə beynəlxalq ictimaiyyət Ermənistan-Azərbaycan Dağlıq Qarabağ konfliktinin həlli üzrə fəaliyyətlərini aktivləşdirmişdir. Heç təsadüfi deyil ki, bu işdə ulu öndərin uzaqgörən siyasətinin layiqli davaçısı - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tutduğu prinsipial mövqe də həlledici rol oynamışdır. Onun 14 oktyabr 2010-cu ildə Yevlax səfəri zamanı söylədiyi qəti fikirlər Ermənistan cəmiyyətini narahat etsə də, Azərbaycan ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanmışdır. Tarixi faktlara istinad edən prezidentimiz demişdir: "... Əlbəttə, Qarabağ tarixi Azərbaycan torpağıdır. Erməni dilində Qarabağ sözü varmı? Yox. Xankəndi şəhəri o vaxt, sovetlər dövründə Stepanakert adlandırılıb. Stepanakert adı haradan götürülüb? Bu ad Stepan Şaumyanın adından götürülüb. Əgər bu şəhərin ermənilərlə bağlı tarixi keçmişi var idisə, onda onlar bu adı verərdilərmi? Onun tarixi adı Xankəndidir. Budur reallıq. Bizim uşaqlar bütün bunları bilməlidir. Bilməlidirlər ki, indiki Ermənistan tarixi Azərbaycan torpaqlarında yerləşir. Hələ bu azmış kimi, onlar bizim ərazilərdə ikinci dövlətlərini yaratmaq istəyirlər. Biz buna heç vaxt razılıq verə bilmərik və biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. İstənilən yolla. Mən buna şübhə etmirəm."

Dövlət başçımızın ibrətamiz sözləri bir ziyalı kimi bizləri də fəal olmağa səslədi. Qərara aldıq ki, tarixi araşdırmalar nəticəsində danılmaz həqiqətləri bir daha üzə çıxaraq və sizlərə təqdim edək. Odur ki, bugünkü məqaləni Dağlıq Qarabağın qədim tarixinə həsr edəcəyik. Bu zaman dünya və erməni tarixçilərinin etiraf etmək məcburiyyətində qaldıqları bəzi məqamlara da toxunacağıq. Qoy hər kəs qədim torpaqlarımızın tarixini bilsin və həqiqətləri mənimsəyərək gələcək nəsillərə ötürsün. Onda gec-tez haqq-ədalət bərpa olunacaq.

ERMƏNİLƏRİN YAZDIĞI TARİXİ SƏHİFƏLƏYƏRKƏN

Bizim üçün maraqlı idi, görəsən, ermənilər hansı əsasla Dağlıq Qarabağı və Azərbaycanın digər ərazilərini "böyük hayastanın " ərazisi kimi qeyd edirlər?! Odur ki, onların yazdıqları "tarixlə" tanış olmaq qərarına gəldik. Bunun üçün "Google.am" erməni axtarış portalında "История Нагорного Карабаха " (qeyd: Dağlıq Qarabağın tarixi) sözlərini yazaraq, paneldə açılan məlumatlarla bir-bir tanış olmağa başladıq. Ensiklopedik xarakter daşıyan ilk iki məqalədə erməni tarixçilərinin sərsəm fikirləri, qondarma salnamələri arasında bir neçə tutarlı fikir diqqətimizi cəlb etdi. Onlar yazırdılar:

"Erkən tunc dövründə (eramızdan əvvəl III-II minilliklərdə) regionda Kür-Araz mədəniyyətinin daşıyıcıları yaşayırdılar. Eramızdan əvvəl XIII-VII əsrlərdə onları Xocalı-Gədəbəy mədəniyyətinin nümayəndələri əvəz etdilər... Qafqaz Albaniyası və Ermənistan tarixini araşdıran amerikalı tarixçi-professor R.Xyusenin fikrincə, Antik Arsaxın (qeyd: indiki Qarabağ ərazisinin) və Utikin (qeyd: indiki Balakən-Şəki ərazisinin) əhalisi utilər, qarqarlar və başqa xırda xalqlardan ibarət idi. Onların mənşəyi nə olursa olsun, dəqiq erməni deyildilər. Midiya və Fars idarəçiliyindən uzun illər əvvəl regiona çox sayda irandilli xalqlar yerləşsələr də, yerli əhalinin böyük hissəsi Hind-avropa dillər qrupuna aid deyildi. Diyarın nə zaman və necə erməniləşməsi dəqiq bilinmir... Orta əsrlərə qədər arsaxlılar (qeyd: indiki Dağlıq Qarabağın əhalisi) təkcə ermənicə danışmırdılar, öz dillərində də danışırdılar... Antropoloji tədqiqatlar göstərir ki, indiki Qarabağ erməniləri vilayətin yerli əhalisinin birbaşa törəmələridir. Belə ki, diş quruluşuna görə onlar qafqazlı qonşularına (azərbaycanlılara, ləzgilərə və qismən adıqlara) çox bənzəyirlər və indiki Ermənistan əhalisi ilə, hansılar ki cənubi erməni ərazilərindən (hazırkı Türkiyə və İrandan) köç etmişlərin birbaşa törəmələridir, qətiyyən oxşar deyillər. İndiki Ermənistan əhalisi Ön-Asiya antropoloji tipinə aiddir... Favst Buzandın qeydlərində bildirilir ki, 360-cı ildə Arsax əhalisi erməni çarı II Arşaqa qarşı qiyam qaldırdı və bu qiyam sərkərdə Muşeq Mamikonyan tərəfindən yatırılaraq, onların tabeçiliyə gətirilməsi ilə nəticələndi... Vaqarşapat (qeyd: indiki mərkəzi erməni kilsəsi Eçmiədzin) kilsəsinin katolikosuna inzibati cəhətdən tabe olmaq istəməyən Xaçen (qeyd: indiki Dağlıq Qarabağ) XV əsrdə Qaraqoyunlu və Ağqoyunlu dövlətinin tərkibinə keçdi. XVI əsrdə Xaçen Səfəvi dövlətinin tərkibinə qatıldı. Gəncə-Qarabağ bəylərbəyinin ərazisi olan bu vilayəti Qacarlar nəslindən olan Ziyad oğlu tayfası idarə etməyə başladı. Bu dövrdən etibarən aran Qarabağın əhalisi müsəlmanlaşdırıldı və sonradan türkləşdirildi... Qarabağ xanlığının Rusiyaya birləşməsindən sonra yerli müsəlmanlar İrana köç etdilər. Eyni zamanda Rusiya rəhbərliyinin köməyi ilə İrandan və Türkiyədən Rusiyanın yeni vilayətlərinə, o cümlədən Qarabağa ermənilərin böyük hissəsi köçürüldü...

"Qarabağ" kəlməsinin erməni kökləri vardır, o, 10-13 əsrlərdə Arsax (qeyd: indiki Dağlıq Qarabağ) və Sünik (qeyd: indiki Zəngəzur) ərazilərinin cənubunda mövcud olmuş Baxq knyazlığının adı ilə bağlıdır. Zaqafqaziyaya girmiş köçəri türk tayfaları "Qarabağ" kəlməsini fonetik (qeyd: səslənmə) uyğunluğuna görə istifadə etməyə başladılar."

Nəzərinizə çatdıraq ki, bu yarımbaşlıq altında verilən məlumatlar erməni elmi mənbələrindən birbaşa tərcümədir. Göründüyü kimi, erməni "tarixçiləri" kökü bəlli olan "Qarabağ" (qeyd: qara və bağ sözlərinin birləşməsi) kəlməsini də özəlləşdirmək fikrindədirlər. Onların bu saxtakarlığını həyasızlığın növbəti mərhələsi kimi qiymətləndirmək olar. Bununla belə, hətta erməni alimləri də dünya elminin sübut etdiyi bəzi faktları qəbul etmək məcburiyyətində qalmışlar. Belə ki, onlar Qarabağın yerli əhalisinin albandilli tayfalar olduğunu bildirməklə yanaşı, ermənilərin oralara gəlmə olduqlarını etiraf etməli olmuşlar.

HAŞİYƏ:

Ermənilər "dolma"(qeyd: doldurma), "xaş" (qeyd: xaşlama, yəni qaynatma), "buğlama" (qeyd: buğda bişirmə), "şaşlık" (qeyd: şişlik, yəni kabab) kimi milli taamlarımızın onlara aid olduqlarını bildirməkdən belə çəkinmirlər. Deməli, ermənilərin tarixi saxtalaşdırma cəhdlərini də xəstə təxəyyülün təzahürü kimi qiymətləndirmək lazımdır.

DÜNYA TARİXİNİ SƏHİFƏLƏYƏRKƏN

Əvvəla onu qeyd edək ki, yarandıqları dövrdən bəri alban kilsəsinin mərkəzi Yerusəlim, erməni kilsəsinin mərkəzi isə Bizans sayılmışdır. Bu da tarix boyu kilsələr arasında barışmaz mövqelərin hökm sürməsinə səbəb olmuşdur. Tarixə bir fakt da məlumdur ki, albanlar (qeyd: Şimali Azərbaycan əhalisinin bir hissəsi) xristianlığı ermənilərdən xeyli əvvəl qəbul etmişlər. Belə ki, qədim erməni katolikosu Avraam albanlara ünvanladığı məktubunda yazırdı: "Yunan təqviminin 43-cü ilində albanların xristianlığı qəbul etməklə maariflənməsindən 270 il sonra ermənilər də maarifləndilər."

Yarandığı andan bəri erməni kilsəsi daim alban kilsəsini özünə tabe etmək üçün çalışırdı. Zaman-zaman silahlı həmlələr təşkil olundu, bəzən fırıldaqçılığa əl atıldı. Sonda, daha doğrusu, 1836-cı ildə Rusiya çarının qərarı ilə, nəhayət ki, Alban kilsəsi müstəqil qurum kimi ləğv olundu və erməni kilsəsinə tabe edildi. Bu tarixə qədər olan hadisələr də onu deməyə əsas verir ki, ermənilər hər zaman albanlara düşmən olmuşlar və onları ilhaq etmək üçün müxtəlif vasitələrdən istifadə etmişlər. Məşhur rus tədqiqatçısı İ.P.Petruşevski bu barədə yazırdı: "Arsax (qeyd: indiki Qarabağ) heç zaman erməni mədəniyyətinə mənsub olmamışdır." Tanınmış erməni alimi N.Adonts da öz qeydlərində bu fikri təsdiqləyərək bildirirdi: "Arsax həmişə erməni nüfuz dairəsindən kənarda olmuşdur." Milliyyətcə erməni olan başqa bir alim - Miçiqan universitetinin professoru Ronald Süni "Ararat tərəfə baxış" kitabında mövzunu dərindən araşdıraraq qeyd edirdi: "Qədim dövrdən orta əsirlərədək Qarabağ Qafqaz albanları şahlığının bir hissəsi olmuşdur. Bu müstəqil etno-dini qrup IV əsrdə xristianlığı qəbul edərək erməni kilsəsi ilə yaxınlaşdı. Zaman keçdikcə alban ziyalıları müxtəlif səbəblərdən erməniləşməyə başladı. XI əsrdə Səlcuqlar Zaqafqaziyaya soxulduqdan sonra kütləvi islamlaşma prosesi başladı və aran Qarabağın əhalisi müsəlmanlaşdırıldı. İndiki azərbaycanlıların birbaşa sələfləri olan bu insanlar türkcə danışırdılar və İslamın İranda geniş yayılmış şiə təriqətini qəbul etdilər. Dağlıq hissənin əhalisi isə əsasən xristianlar olaraq qalırdı. Zaman keçdikcə Qarabağ albanları ermənilərlə bütövləşdilər. Bir vaxtlar müstəqil fəaliyyət göstərmiş Alban kilsəsinin mərkəzi olan Qanzasar Erməni kilsəsinin yepiskopluğuna çevrildi."

XIII əsrdə Gəncədə yaşamış, mənşəcə alban olan tarixçi Kirakos Gəncəli yazırdı: "Albaniya əhalisinin hamısı ermənicə bilmir və öz ana dilində danışır. Yalnız alban zadəganlarının çoxu erməni dilini bilir və bu dildə danışır."

NÖVBƏTİ XƏYANƏT

Alban kilsəsinə tarixən düşmən kəsilən erməni kilsəsi ərəb istilası dövründə öz çirkin məqsədlərinə daha çox yaxınlaşmış oldu. Belə ki, 705-ci ildə erməni katolikosu İlya xəlifə Əbd əl Malikə yalandan xəbər çatdırdı ki, albanlar Bizansla gizli əlaqəyə girərək Xilafətə qarşı çıxmaq istəyirlər. Katolikosun məktubunda yazılırdı: "Albaniyanın Paltav (qeyd: indiki Bərdə) taxtında əyləşmiş katolikosu yunan imperatoru ilə sazişə girib, öz dualarında imperatoru xatırlayır və ölkəni onun dininə inanmağa, imperatorun himayəsi altına keçməyə məcbur edir." Xəlifənin fərmanı ilə alban katolikosu İlyaya tabe edildi. Məhz bu dövrdən etibarən ermənilər Qafqaz Albaniyasının ərazilərinə və alban məbədlərinə ayaq açmağa başladılar. Qısa müddət ərzində alban əlifbası (qeyd: türkdilli əlifba), kitabları, ayinləri erməni dilinə tərcümə olundu və orijinallar məhv edildi. Bu proses ona gətirib çıxardı ki, albanlar və ermənilər arasında olan dil, məzhəb fərqləri unuduldu və tarixçilər onları eyniləşdirməyə başladılar. Müqayisə üçün xatırladaq ki, sovet dövründə əcnəbilər SSRİ-də yaşayan bütün xalqları səhvən rus adlandırırdılar. Və ya XX əsrin əvvəllərinədək azərbaycanlıları tatar deyə çağırırdılar. Halbuki, tatarlar türkdilli tayfaların Qıpçaq, azərilər isə Oğuz tayfasına aiddir. Bir başqa misal, orta əsrlərdən müasir dövrə kimi İslam dininə etiqad edən bütün xalqlar "müsəlman" adlanırdı. Halbuki, müsəlman adında xalq yoxdur, o, dini etiqad növüdür. Bu yanlış düşüncə tərzinə aid olan misalları davam etdirmək olardı. Fikrimizcə, buna ehtiyac yoxdur. Bir həqiqət məlumdur ki, qədim alban torpağının ayrılmaz parçası olan Qarabağın ermənilərə heç bir aidiyyəti yoxdur.

MÜƏLLİFDƏN:

Ermənilər bütün alban mədəniyyət nümunələrini özlərininki kimi qələmə verməyə çalışırlar. Lakin sadə bir faktı unudurlar ki, qədim Alban torpaqlarında mövcud olmuş dini maddi-mədəniyyət nümunələri yaradılan zaman ermənilər xristian dinini hələ qəbul etməmişdilər. Heç təsadüfi deyil ki, 2006-ci ildə ermənilər Ağdamın Şahbulaq Qıfılı saray kompleksində apardıqları arxeoloji qazıntılar nəticəsində qədim Tiqranakert şəhərinin qalıqlarını tapdıqlarını iddia etdikləri halda, dünya elmi bu sərsəm fikri qəbul etmədi. Birincisi, ona görə ki, Tiqranakertin Van gölü ətrafında mövcud olduğu hamıya bəlli idi. İkincisi və ən əsası, tapılmış dini mədəniyyət nümunələri, çoxlu sayda xaçqarlar Tiqranakertə aid ola bilməzdi. Ən azı ona görə ki, bu şəhər mövcud olduğu dövrdə hələ xristianlıq yox idi.

SON SÖZ ƏVƏZİ:

Bu günün özündə də Ermənistan erməniləri Qarabağ ermənilərinə "Şurdvaz hay", yəni "dönmə erməni" deyirlər. Göründüyü kimi, tarixin təkamül yolunda formalaşan bu söz birləşməsi həqiqəti birmənalı şəkildə əks etdirir. Bu isə onu deməyə əsas verir ki, biz tariximizi öyrənməli və ona sahib çıxmalıyıq. Çünki bu torpaqların qədim sakinləri bizik. Əks təqdirdə, ermənilər hər zaman olduğu kimi yenə də oğurluq, saxtakarlıq və xəyanət siyasətlərini davam etdirəcəklər.

Natiq Qocaman

O.M.

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.