Ermənistan siyasətinin son nəfəsi

Ermənistan siyasətinin son nəfəsi

20 İyun 2011 10:23
Bəyəndim (0) Bəyənmədim (0)
Moskvadan gələn sel Ermənistan rəhbərlərini yuyub aparmalıdır

SOYUQ DUŞ

Ermənistan dövlətində xaos, anarxiya vüsət alır. Bu da ermənilərin kütləvi şəkildə əcnəbi ölkələrə axın etməsinə şərait yaradır. Xaricə getməyə imkanı olmayanlar sığınacaq yeri kimi Azərbaycana pənah gətirmək məcburiyyətində qalırlar. Necə ki, 5 nəfərdən (qeyd: ata, ana və 3 azyaşlı uşaq) ibarət Gevorkyan ailəsi və 6 erməni əsgəri həyatlarını risk altına ataraq sərhədi könüllü surətdə keçə bildilər. Bu tendensiya erməni cəmiyyətini narahat etməklə yanaşı, Rusiya rəhbərliyinin də hiddətinə səbəb olub. Ermənistanda hökm sürən böhranlı şərait kəskin xarakter almaqdadır. Bunu Moskvadan Yerevana ünvanlanan ən yüksək səviyyədə sərt bəyanatlar sübut edir. Soyuq duş effektini verən həmin bəyanatlar Ermənistan rəhbərliyini əməlli-başlı təşvişə salmağa başlayıb.

ULTİMATUM

Bu yaxınlarda Ermənistanın populyar qəzeti olan "Çvorrord inknişxanutyun (tərcüməsi: 4-cü hakimiyyət)" Rusiyanın baş naziri Vladimir Putinin Serj Sarkisyanın qarşısında ultimatum qoyduğu barədə yazırdı: "Putin Serj Sarkisyandan bəzi problemlərin həllini tələb edir.

1. Rusiya ərazisində fəaliyyət göstərən cinayətkar qruplarla əlaqəni kəsmək. Belə ki, Rusiya üçün bu cür ölkə rəhbərliyi ilə təmas qurmaq məqbul deyil.

2. Bəzi oliqarxları və dövlət məmurlarını korrupsiya maddəsi ilə rəsmən cinayət məsuliyyətinə cəlb etmək və cəzalandırmaq.

3. Qarabağ tənzimlənməsi üzrə Ermənistanın mövqelərini müəyyən etmək, bu barədə, həmçinin Rusiyadan məxfi Türkiyə, ABŞ və Azərbaycanla aparılan danışıqların stenoqramlarını təqdim etmək.

"Məqalədə o da qeyd olunurdu ki, tələbin 1-ci və 2-ci hissələri yerinə yetirilməyəcəyi təqdirdə, Rusiyada narkobiznes, traffinq, qanunsuz silah alveri və çirkli pulların leqallaşması ilə məşğul olan şəxslərin erməni rəhbərləri ilə əlaqələrini təsdiq edən sənədlər təqdim olunacaq. 3-cü müddəa yerinə yetirilməyəcəyi halda, məxfi danışıqların protokolları nümayiş etdiriləcək. Bu da Azərbaycan qaçqınlarının əvvəlcə azad olunacaq torpaqlara, sonra isə Qarabağın statusu məsələsi həll olunmadan Laçın və Şuşaya qaytarılmasına Serj Sarkisyanın razılıq verməsini təsdiq edəcək.

Erməni mətbuatı bununla bir növ sanksiyaların başlanğıcına işarə edirdi. Bəs görəsən, Rusiyanı qəflətən özündən çıxaran və ya səbir kasasını dolduran səbəb nə idi?! Bugünkü mövzuda məhz həmin məsələni araşdırmağa çalışacağıq.

ÖLÜM DÜŞƏRGƏSİ

Əvvəla, onu qeyd edək ki, Ermənistan cəmiyyətində hökm sürən antidemokratik şərait, kök salmış korrupsiya, işsizlik, inhisarçılıq, özbaşınalıq kimi mənfi fəsadlar vətəndaşların iqtidara qarşı narazılığını durmadan artırır. Məsələ o həddə çatmışdır ki, ölkə sivil qanunlarla deyil, bütövlükdə kriminal qaydalarla idarə olunur. Xatırladaq ki, Ermənistana rəhbərlik edən iqtidarın əksər üzvləri dinc Azərbaycan əhalisinə qarşı döyüşlərdə şəxsən iştirak etmişlər. Eks prezident Robert Koçaryan, hazırkı prezident Serj Sarkisyan, müdafiə naziri Seyran Ohanyan və başqalarının (qeyd: siyahı çox böyükdür) əli ilə dinc azərbaycanlı vətəndaşların qanı tökülmüşdür. Göründüyü kimi, onların qan axıtmaq, qəddar olmaq təcrübələri böyükdür. Maraqlıdır ki, bugünkü erməni iqtidarı hətta öz millətinin qanını tökməkdən belə çəkinməmişdir. 27 oktyabr 1999-cu ildə Ermənistan parlamentində spikerin, baş nazirin və bir neçə deputatın terror vasitəsilə aradan götürülməsi, bu zaman cinayətkarların bir müddət sonra azadlığa buraxılması deyilənlərə bariz nümunədir. Həmin sıraya 19 fevral 2008-ci ildə Ermənistanda Prezident seçkilərindən narazı qalan vətəndaşların Yerevanın mərkəzi meydanında qətlə yetirilməsi faktını da əlavə etmək olar. Ölənlər öldü, bu gün də intihar edərək ölənlər çoxdur, yerdə qalanlar isə ölü kimi yaşayırlar. Bunu zaman-zaman erməni mətbuatı da etiraf etmək məcburiyyətində qalır. Doğrusu, rusların erməni qardaşlarına acıması məsələsi bir qədər kəsərsiz görünür. Hamıya məlumdur ki, Rusiya tarixin bütün mərhələlərində bu milləti öz işğalçı siyasətinə alət etmişdir. Deməli, Rusiya Baş nazirinin qəflətən erməni vətəndaşlarına sahib çıxmaq və cəmiyyəti sağlamlaşdırmaq istədiyini düşünmək gülünc olardı. Bu isə o deməkdir ki, Moskvadan Yerevana göndərilən ultimatumun daha dərin kökləri vardır.

BAŞAĞRISI

Erməni mənbələrinə istinadən qələmə aldığımız ötən məqalələrin birində qeyd olunurdu ki, keçən ilin 13 oktyabr günü ABŞ-da böyük bir erməni mafiyası zərərsizləşdirilib. Ölkə büdcəsinə 160 milyon dollardan artıq ziyan vurmuş dəstəyə kriminal avtoritet - Pzo ləqəbli Armen Kazaryan başçılıq edirdi. Onun Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan və qardaşı Saşiklə əlaqələri olduğu barədə də sənədli məlumatlar verilmişdi. Məqalədə o da bildirilirdi ki, 2000-ci ildə dəstə başçısı Armen Kazaryan Ermənistana gələrkən onu hava limanında o dövrdə Prezident Aparatının başçısı vəzifəsində çalışmış Serj Sarkisyan şəxsən qarşılamışdı. Digər tərəfdən, Armen Kazaryan Ermənistanın eks prezidenti olmuş Robert Koçaryanın oğlu Sedrakın toyunda nüfuzlu qonaq kimi iştirak etmiş, ailəyə hədsiz dərəcədə bahalı hədiyyə vermişdir.

Cinayətkar şəbəkənin Ermənistan rəhbərliyi ilə işbirliyində olduğundan şübhələnən ABŞ Federal Təhqiqat Bürosunun 8 əməkdaşı noyabr ayından etibarən Ermənistanda və Dağlıq Qarabağda geniş istintaq-araşdırma tədbirlərinə başlamışdır. Ermənistanın "Jamanak" qəzetinin 9 noyabr tarixində dərc etdiyi məlumatda bildirilir: "... Onlar Dövlət gəlirləri Komitəsində, Daşınmaz əmlakın kadastrı Dövlət Komitəsində, bir neçə bankda araşdırmalar aparmışlar. Federal Təhqiqat Bürosunun əməkdaşları ABŞ-dan gətirilmiş xüsusi cihazlarla işləyir və ermənilərlə qətiyyən təmasa girmirlər... Onları daha çox Ermənistandan Kiprə pul köçürmələri maraqlandırıb. Məlumdur ki, Kipr erməni məmurlarının çirkli pullarının leqallaşması üçün offşor zona rolunu oynayır."

Təbii ki, bu cür qalmaqallar Rusiyanın maraqlarına xidmət etmir. Çünki müasir Ermənistan Rusiyanın fortpostu olaraq qalmaqdadır və oraya əllə idarə olunan kuklalar rəhbərlik edirlər.

RUSİYADA ERMƏNİ CİNAYƏTİ

"Aykakan Jamanak" qəzetinin digər məlumatına görə, Rusiya hüquq-mühafizə orqanlarının qaldırdıqları cinayət işlərində Ermənistanın 32 siyasi xadiminin və biznes elitasının adı hallanır. Belə ki, söhbət narkotrafik və çirkli pulların leqallaşdırılmasından gedir. Mövzunu davam etdirən "Armenia Today" informasiya agentliyi qeyd edir ki, adları siyahıya düşmüş cinayətkarlar barədə dəqiq məlumatlar Ermənistanın Baş prokuroru Aqvan Ovsepyana və Milli Təhlükəsizlik Xidmətinin rəisi Qorik Akopyana təqdim olunmuşdur. Lakin hər iki məmur rusiyalı həmkarlarına bildirmişlər ki, onlar bu məsələnin həllində çox balaca adamlardır.

Qəzetin araşdırmalarına görə, parlamentin spikeri Ovik Abramyan, dövlət gəlirləri üzrə komitənin başçısı Qaqik Xaçaturyan, deputatlar Ruben Hayrapetyan, Samvel Aleksanyan, Levon Sarkisyan, Qaqik Sarukyan və başqa məmurların adları müxtəlif cinayət işlərində hallanır. Məlumatda o da qeyd olunur ki, Ermənistanın hazırkı prezidentinin adı məlum siyahıya salınmamışdır. Belə ki, onun cinayət məsuliyyətinə cəlbolunma mexanizmi mövcud deyil. Bununla belə, Rusiya hüquq-mühafizə orqanlarının başlatdıqları cinayət işləri üzrə tərtib olunmuş siyahıda prezidentin qardaşı Aleksandr (qısaca: Saşik) Sarkisyanın da adı vardır.

SƏBİR KASASINDA SON DAMLA

Fikrimizcə, Rusiyanın səbir kasasını daşıran sonuncu damla Moskvanın eks meri Yuri Lujkov olmuşdur. Daha doğrusu, onun Ermənistan rəhbərliyi ilə sıx cinayətkar əlaqələrinin olması Rusiya rəhbərliyini hiddətə gətirmişdir. Bildiyiniz kimi, bir müddət əvvəl Yuri Lujkovun Moskva meri vəzifəsindən çıxarılması məsələsi dünya mətbuatının bir nömrəli müzakirə mövzusuna çevrilmişdi. Maliyyə vəsaitləri milyardlarla dollar həcmində qiymətləndirilən bu şəxsin vəzifədən getməsi az qala inqilab səviyyəsində qiymətləndirilirdi. Sözsüz ki, super-oliqarxın fəaliyyətini araşdıran zaman üzə çıxan təkzibolunmaz faktlar Rusiya rəhbərliyini qəzəbləndirməli idi. Mövzunu araşdıran Ermənistanın "Çvorrord inknişxanutyun" qəzeti Moskvadakı mənbələrə istinadən yazır: "Rusiya Federasiyasının hüquq-mühafizə orqanları araşdırma apararkən dəyərli faktlar əldə etmişlər. Bu faktlara əsasən məlum olmuşdur ki, Moskva ilə Yerevan arasında uzun illərdən bəri qarşılıqlı surətdə fasiləsiz olaraq pulların təmizlənməsi mexanizmi fəaliyyət göstərmişdir... Bununla yanaşı, Lujkov Ermənistanda geniş əraziləri alırdı və Yerevanda irimiqyaslı elit tikintilərə cəlb olunmuşdu. O, həmçinin şəxsi imzası ilə Rusiya Federasiyasında fəaliyyət göstərən oliqarxlara - Robert Koçaryanın kiçik oğlu Genaya, Makara, Ermənistan prezident aparatının rəhbəri olan Karen Karapetyanın qardaşı Samvelə, şahzadə Aşota ərazilər verirdi. Moskvadakı bir çox obyektlər şəhərin büdcə pulları hesabına ermənilər tərəfindən tikilirdi. Daha dəqiq desək, Lujkov oliqarxlara nəinki ərazilər təqdim edirdi, həmçinin büdcə vəsaitləri ilə maliyyələşdirirdi də. Təbii ki, həmin vəsaitlərin bir qismini geri almaqla. Nəticədə Samvel Karapetyan və Gena Koçaryan "Tulskaya" metrostansiyasının yaxınlığında yerləşən silsilə əyləncə mərkəzlərinin sahibinə çevrildilər. Bunun əvəzində erməni rəhbərləri Lujkovu Yerevanın Şimal prospektinin və Moskva Evinin tikintisinə cəlb etdilər. Ona həmçinin İosif Kabzona məxsus olan "Dvin" mehmanxanasının bir hissəsini verdilər." Qəzetin yazdığına görə, Yerevanın Şimal prospektində elit binaların tikintisi zamanı Robert Koçaryan Lujkovdan şəxsən 650 milyon dollar borc almışdı və binaları satdıqdan sonra öz payına düşəcək qazancdan Lujkovun həyat yoldaşı Baturinanın hesabına pul köçürəcəyini vəd etmişdi. Bu məsələdə erməni tərəfdən əsas fiqurlar kimi Robert Koçaryan, Serj Sarkisyan və Yerevan meri Qaqik Beqlaryanın adları hallanır. Araşdırmanı davam etdirən Rusiyanın "Regnum" informasiya agentliyi təsdiq edir ki, həqiqətən Yerevan şəhərində Rusiyanın müstəntiqlər qrupu istintaq-əməliyyat tədbirləri çərçivəsində işlər görür. Onlara eks merlə Ermənistan rəhbərləri arasında cinayət əlaqələrini araşdırmaq, müəyyən etmək tapşırığı verilib.

YERİ GƏLMİŞKƏN:

"Çvorrord inknişxanutyun" qəzetinin digər məlumatında qeyd olunur ki, ötən ilin sonlarında Ermənistanın baş naziri Tiqran Sarkisyan Rusiyanın Çelyabinsk şəhərinə səfər edərkən bu ölkənin yüksək vəzifəli şəxslərindən 1 milyard dollar həcmində kredit istəyib. Sonradan bu istək 500 milyon dollara qədər endirilib. Bununla belə, Rusiya rəhbərləri tələb olunan məbləği verməkdən imtina ediblər və mövqelərini açıq-aydın bildiriblər ki, onlar korrupsiyalaşmış ölkələrə kredit vermirlər.

SON SÖZ ƏVƏZİ:

Göründüyü kimi, Rusiya rəhbərləri bu dəfə məsələyə tam ciddi yanaşıblar. Necə deyərlər, artıq düyməyə basılıb. Belə getsə, Ermənistan Respublikasının cinayətkar rəhbərliyi tezliklə öz layiqli cəzasını alacaq. Beləcə, minlərlə günahsız insanın ahı yerdə qalmayacaq. Bizə o tarixi anı gözləmək qalır. Gözləmək deyərkən, biz passiv gözləmə mövqeyində dayanmağı nəzərdə tutmuruq. Şəhidlərimizin dəfn mərasimində göstərdiyimiz milli həmrəyliyi daha da möhkəmləndirərək, düşməni ifşa etmək yolunda əl-ələ, çiyin-çiyinə verməliyik. Bax onda bir-birini didib parçalamaqla məşğul olan düşmənin bizə təslim olmaqdan başqa çıxış yolu qalmayacaqdır.

Murad Şahməmmədov

O.M.

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.