Ermənistan rəhbərliyinin cinayət aləmi ilə əlaqələri

Ermənistan rəhbərliyinin cinayət aləmi ilə əlaqələri

16 İyun 2011 16:01
Bəyəndim (0) Bəyənmədim (0)
Erməni və rus mətbuatı sənədləri açıqladı

DÜNYA CİNAYƏTKARLIĞA QARŞI

2010-cu il 18 oktyabr tarixində Vyana şəhərində BMT-nin transmilli mütəşəkkil cinayətkarlığa qarşı növbəti sessiyası keçirilmişdi. Tədbirdə Azərbaycan nümayəndə heyəti də iştirak etmişdi. Nümayəndə heyətimizin üzvləri çıxışları və təkbətək görüşləri zamanı ölkəmizdə bu problemə qarşı görülən işləri sadalamaqla yanaşı çətinliklərin olduğunu da vurğulamışdılar. Qeyd olunmuşdu ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş əraziləri faktiki surətdə nəzarətsizdir və orada müxtəlif növ cinayətlər, o cümlədən narkotranzit və terrorizmin inkişafı üçün lazımi şərait mövcuddur. Bu da Azərbaycana transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə ciddi maneələr yaradır.

Qəribədir ki, dünya ölkələri cinayətkarlığa qarşı mübarizədə fəaliyyətlərini koordinasiya etdikləri halda ermənilər növbəti dəfə beynəlxalq ictimaiyyəti təəccübləndirməyi bacardılar.

ABŞ-a ZİYAN VURAN ƏN BÖYÜK MAFİYA - ERMƏNİ CİNAYƏTKARLARI

Ötən ilin sonlarında ABŞ tarixində ən böyük maliyyə fırıldağına imza atmış cinayətkar dəstə zərərsizləşdirildi. Federal Təhqiqat Bürosunun istintaq araşdırmalarından məlum oldu ki, silsilə cinayətlər Amerika ermənilərindən təşkil olunmuş bandanın işidir. Ermənistanın "Armenia Today" informasiya agentliyinin yaydığı məlumata görə, dəstəyə "Pzo" ləqəbli 46 yaşlı Armen Kazaryan adlı "vorzakon" başçılıq edirmiş. Ona 34 yaşlı David Mirzoyan və 35 yaşlı Robert Tercanyan müavinlik edirmiş. Təkcə çərşənbə günü ABŞ üzrə aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində müxtəlif ştatlarda bandanın bir neçə üzvü yaxalanmışdı. Məlum olmuşdu ki, 73 nəfərlik dəstə üzvləri ABŞ büdcəsinə 200 milyon dollaradək maddi ziyan vurmuşlar. Belə ki, cinayətkarlar tibbi sığortalar üzrə iri məbləğdə mənimsəmələr, kredit kartları üzrə maliyyə fırıldaqları, kontrabanda tütün məhsullarının satışı, oğurluq və kontrafakt Viaqranın satışa cəlb olunması işləri ilə məşğul olmuşlar. Nyu-Yorkun Cənub dairəsi üzrə prokurorunun sözlərinə görə, banda 25 ştatda 118 adda saxta klinikalar açmış və dövlət tibbi xidmət fondu olan "Medicare"dən qocalar, əlillər və başqa imtiyazlı şəxslərin adına hesablar təqdim edərək ümumən 163 milyon dolları mənimsəmişdir.

15 oktyabr günü dəstənin Nyu-York qolunun rəhbərlərindən biri sayılan Vahan Stepanyan da könüllü surətdə istintaqa təslim oldu. "Armenia Today" informasiya agentliyinin yaydığı rəsmi məlumatda dəstənin yüzlərlə kredit kartı üzrə pullar əldə etdiyi bildirilir. O da qeyd olunur ki, Vahan Stepanyanın adı ABŞ-ın Federal Təhqiqat Bürosunun axtarışda olan canilərin siyahısında "silahlıdır və olduqca təhlükəlidir" məxfi qrifi ilə qeyd olunub.

ERMƏNİSTAN MAFİYA ƏLAQƏLƏRİ

Son dövrlərin kriminal hadisələri ABŞ cəmiyyətində böyük səs-küyə səbəb olmuşdu və ölkənin təhlükəsizlik qüvvələrini ayağa qaldırmışdı. Artıq super gücün hüquq-mühafizə, o cümlədən kəşfiyyat orqanları erməni mafiyası ilə Ermənistan Respublikasının rəhbərləri arasında gizli əlaqələrin mövcud olduğundan şübhələnməkdədir. "Aykakan Jamanak" qəzetinin məlumatında bildirilir ki, ABŞ-ın Federal Təhqiqat Bürosunu erməni fırıldaqçılarının əldə etdikləri vəsaitin kimlər tərəfindən hansı hesablara köçürməsi və çirkli pulların necə silindiyi məsələsi maraqlandırır. Məqalədə yazılır: "2000-ci ildə dəstə başçısı Armen Kazaryan (qeyd: ləqəbi Pzo) Ermənistana gələrkən onu hava limanında o dövrdə Prezident Aparatının başçısı vəzifəsində çalışmış Serj Sarkisyan şəxsən qarşılamışdır... Sonralar Baş nazir Aram Sarkisyanın tapşırığı ilə Pzo həbsə alınsa da, Serj Sarkisyan onu zaminə götürərək, azadlığa buraxılmasına nail olmuşdur və bir daha Ermənistana gəlməməyi haqda ondan razılıq almışdır." Görünür, Ermənistan rəhbərliyi beynəlxalq mafiya ilə arasındakı əlaqələrin izini itirmək üçün bu addımı atmağa məcbur olmuşdu. Yeri gəlmişkən, xatırladaq ki, mafiya ilə Ermənistan dövləti arasında əlaqələrin mövcudluğunu araşdırmaq üçün bu yaxınlaradək ABŞ-ın Federal Təhqiqat Bürosunun 15 mütəxəssisi istintaq-əməliyyat tədbirlərinin davamı məqsədilə Yerevanda araşdırma aparırdı.

RUSİYADA ERMƏNİ CİNAYƏTİ

"Aykakan Jamanak" qəzetinin digər məlumatına görə, Rusiya hüquq-mühafizə orqanlarının qaldırdıqları cinayət işlərində Ermənistanın 32 siyasi xadiminin və biznes elitasının adı hallanır. Belə ki, söhbət narkotrafik və çirkli pulların leqallaşdırılmasından gedir. Mövzunu davam etdirən "Armenia Today" informasiya agentliyi qeyd edir ki, adları siyahıya düşmüş cinayətkarlar barədə dəqiq məlumatlar Ermənistanın Baş prokuroru Aqvan Ovsepyana və Milli Təhlükəsizlik Xidmətinin rəisi Qorik Akopyana təqdim olunmuşdur. Lakin hər iki məmur rusiyalı həmkarlarına bildirmişlər ki, onlar bu məsələnin həllində çox balaca adamlardır.

Qəzetin araşdırmalarına görə, parlamentin spikeri Ovik Abramyan, dövlət gəlirləri üzrə komitənin başçısı Qaqik Xaçaturyan, deputatlar Ruben Hayrapetyan, Samvel Aleksanyan, Levon Sarkisyan, Qaqik Sarukyan və başqa məmurların adları müxtəlif cinayət işlərində hallanır. Məlumatda o da qeyd olunur ki, Ermənistanın hazırkı prezidentinin adı məlum siyahıya salınmamışdır. Belə ki, onun cinayət məsuliyyətinə cəlbolunma mexanizmi mövcud deyil. Bununla belə, Rusiya hüquq-mühafizə orqanlarının başlatdıqları cinayət işləri üzrə tərtib olunmuş siyahıda prezidentin qardaşı Aleksandr (qısaca: Saşik) Sarkisyanın da adı vardır.

PREZİDENTİN SAĞ ƏLİ

Ermənistan prezidenti Serj Sarkisyanın qardaşı Aleksandr (qısaca: Saşik) Sarkisyandan söz düşmüşkən, Ermənistan Milli Məclisinin üzvü barədə bu yaxınlarda "Aykakan Jamanak" qəzetində geniş məqalə dərc olunmuşdur. Məqalədə yazılır: "Vayos Dzorsk vilayətində Saşikin inşa etdirdiyi hidroelektrostansiya istismara verilmək üzrədir. Bununla belə, yerli əhalidən alınmış torpaq sahələrinin və yaxınlıqda yerləşən yanacaqdoldurma stansiyalarının pulları hələ də ödənilməmişdir."

Ümumiyyətlə, erməni cəmiyyətinə məlumdur ki, Saşik küçə söyüşləri ilə danışmağı və özbaşınalığı sevir. Yeri gəlmişkən, bir gün Saşik Ermənistan Milli Məclisinin qarşısına yığışmış narazı yerevanlılara üç barmağın kombinasiyasını göstərərək, onları Azərbaycan dilində beşmərtəbəli söyüşlərlə söymüşdü. Onu da qeyd edək ki, prezidentin qardaşı hələ sovet dövründə törətdiyi cinayətlərə görə bir neçə dəfə Azərbaycan türmələrində yatmışdı və Azərbaycan dilini bu səbəbdən mükəmməl bilir. Ötən il o, daha bir özbaşına hərəkəti ilə yerli mətbuat səhifələrinə düşdü. Belə ki, Yerevanın nüfuzlu "Pərvanə" restoranında müğənni çıxış edərkən o, növbəti mahnını sifariş vermişdi. İfaçı bu sifarişi növbəyə saldıqda və çıxışını bitirdikdən sonra oxuyacağını bildirdikdə, Saşik silahını çıxararaq onun ayaqları altına bir neçə dəfə atəş açdı.

Saşik Yerevan Ağsaqqallar Şurasının seçimi zamanı da seçicilərə öz "gücünü" göstərməklə yaddaşlarda qala bildi. Daha doğrusu, 10/20 saylı dairəyə gələrək Erməni Milli Konqresindən olan yaşlı qadını söymüş və ona "Bu ölkə mənimdir, necə istəyirəm, elə də edirəm" demişdi. Ermənistan prezidentinin qardaşının, o cümlədən rəhbərlərinin mafioz fəaliyyəti və güc nümayişi bununla bitmir. Sıralamanı davam etdirsək, səhifədə yer qalmaz. Təkcə onu demək kifayətdir ki, artıq erməni cəmiyyəti də etiraz səsini ucaltmaqdadır.

CİNAYƏTKARLAR

Yerevan mitinqlərinə toplaşan narazı insanların sayı onu deməyə əsas verir ki, erməni cəmiyyəti ilə ölkə rəhbərləri arasında dərin uçurum mövcuddur. Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan (qeyd: eks prezident) çıxışında açıq-aydın bildirmişdir ki, mövcud iqtidar dünya ictimaiyyətinin gözü qarşısında erməni xalqına qarşı cinayətlər törətməkdə davam edir. Bu, həyatın hər bir sahəsində özünü göstərməkdədir.

AĞLI-QARALI İLAN

Bəli, söhbət təkcə bir ölkədə hökm sürən lokal cinayətdən getmir. Məsələyə transmilli cinayətlər kontekstindən yanaşsaq görərik ki, erməni cinayətinin kökü dərindir və bir mərkəzdə birləşir. Həmin mərkəz işğalçılıq və türk düşmənçiliyi ideologiyası ilə formalaşan, Ermənistan rəhbərliyi, diaspor təşkilatları və mafioz strukturlar arasında qurulmuş ittifaqdır. Doğrudur, zaman-zaman sadə ermənilər də bu "böyük" oyunun qurbanına çevrilirlər. Bununla belə, amal dəyişməz olaraq qalmaqdadır. Dünyanın lənətlədiyi terrorizm, cinayətin digər növləri erməni həyat tərzinin tərkib hissələridir. Dağlıq Qarabağda, eləcə də Ermənistan Respublikası adlanan ərazilərdə azərbaycanlılara qarşı tətbiq edilmiş soyqırım siyasəti bugünkü erməni rəhbərliyinin və müxalifətinin əli ilə həyata keçirilmişdir. Robert Koçaryan, Serj Sarkisyan, Seyran Ohanyan və başqaları müsəlmanlara qarşı qanlı əməliyyatlarda birbaşa iştirak etsələr də, onlara rəhbərliyi diaspor təşkilatları və bu gün müxalifət düşərgəsində olan Levon Ter-Petrosyan (qeyd: eks-prezident) etmişdir. Göründüyü kimi, əlləri qana bulaşmış, qana susamış ermənilərin cinayətkar xisləti dəyişməz olaraq qalır. Necə deyərlər, ilanın ağına da lənət, qarasına da.

MÜƏLLİFDƏN:

Atalar demişkən: "İlan ulduz görməsə, canını tapşırmaz." Mən də bir valideyn, ata olaraq belə demək istərdim: "İlan zəhərinin azı xeyirlidir, çoxu ziyan." Sizin əfvinizə sığınaraq, bu yeni atalar sözünə açıqlama gətirmək istərdim: "İlan zəhəri az miqdarda dərmanlarda istifadə olunur və xəstələrin şəfa tapmasına xidmət edir. Bu zəhər çox olarsa, yəni ilan adamı sancarsa, o zaman həmin şəxs ölə bilər." Səslənən fikrin miqyasını böyütdüyümüz halda görə bilərik ki, erməni zəhəri bizi qıcıqlandırsa da, milli şüurumuzun inkişaf etməsinə, düşmənlərə qarşı mübarizədə konsolidasiya olmağımıza və qətiyyətli həmləyə hazırlaşmağımıza səbəb olmuşdur. Onların öz xalqına və beynəlxalq ictimaiyyətə saçdıqları zəhər şırnağı isə gec-tez Ermənistan dövlətinin tarix səhnəsindən silinməsi ilə nəticələnəcəkdir. Bu fikirlə razılaşmayanlara bir sualı vermək istərdik, 80-ci illərdə kim deyə bilərdi ki, dünyanın ən böyük imperiyası olan SSRİ dağılacaq?!

SON SÖZ ƏVƏZİ:

ATƏT-in qiymətləndirmə missiyası işğal olunmuş ərazilərə mütəmadi olaraq baş çəkir, real vəziyyət haqda hesabatlar hazırlayır. Ümid edirik ki, nə vaxtsa bu hesabatlar obyektiv olacaq və reallığı əks etdirəcək. Belə olacağı təqdirdə dünya ictimaiyyəti erməni cinayətinin yeni təzahürləri ilə qarşılaşacaq. Bununla da işğal olunmuş ərazilər vasitəsilə Avropaya nəql edilən narkotik maddələrin marşrutu müəyyən ediləcək, terrorizmin erməni dövləti tərəfindən əməli surətdə dəstəklənməsi faktı üzə çıxacaq. Ən əsası isə odur ki, Azərbaycanın maddi-mənəvi sərvətlərinə, o cümlədən dinc əhalisinə qarşı törədilmiş cinayətlərin miqyası barədə məlumatlar əldə ediləcək. Bir sözlə, yüz ildən artıqdır dünya siyasi ədəbiyyatına daxil edilmiş "erməni terrorizmi" termininə yeni-yeni əlavələr olunacaq.

Natiq QOCAMAN

O.M.

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.