Ermənistan prezidentinin savadsız mülahizəsi

Ermənistan prezidentinin savadsız mülahizəsi

14 İyun 2011 13:23
Bəyəndim (0) Bəyənmədim (0)
Yalanla doğru üz-üzə gələrkən

DƏLİNİN YUXUSU

Bu yaxınlarda Ermənistan prezidenti Serj Sarkisyanın növbəti sərsəm açıqlaması hamının gülüşünə səbəb oldu. Bu ikiayaqlı canlı, hansına ki insan deməyə dilimiz gəlmir, millətinin 8000 il tarixə malik olduğunu bildirirdi. Onun sözlərindən belə çıxırdı ki, az qala Adəmlə Həvva da hay (qeyd: ermənilər özlərini hay adlandırırlar) olmuşlar. Bu mülahizəni eşitdikdə, istər-istəməz Çarlz Darvinin "Təkamül nəzəriyyəsinə" şükür etməli olursan. Hay dədə-babalara malik olmaqdansa meymundan dönməyə razılıq verirsən. Əlbəttə ki, Serjin növbəti axmaqlamasını ciddi qəbul edirsənsə. Həqiqətdə isə hayların lideri arzu elədiyini fakt şəklində təqdim etmişdi. Hamı, o cümlədən haylar da öz keçmişlərindən xəbərdardırlar. Bilirlər ki, 8000 il tarixə malik olsaydılar, bu, nəsildən-nəslə haylara ötürülərdi və millətin qan yaddaşında qalardı. Ona görə də haylar başqalarının tarixini özününküləşdirməklə saxta tarix yaratmışlar və artıq uydurduqları yalana özləri də inanmağa başlayıblar. Necə ki, onlara aid olmayan Ermənistan kəlməsini özəlləşdiriblər. Bildiyiniz kimi, Ermənistan, kişi mənasını verən er (ər), şəxsiyyət mənasını verən mən və ərazi mənasını verən stan kəlmələrinin birləşməsidir. Bu kəlmələr təmiz türk mənşəlidir və hay dilində heç bir məna daşımır.

HAMININ BİLDİYİ HƏQİQƏT

Dünyanın qəbul etdiyi tarixi səhifələyərkən həqiqətlər üzə çıxır. Belə ki, tarixin heç bir dövründə "Böyük Hayastan" dövləti olmamışdır, ancaq alban mənşəli "Böyük Ermənistan" dövləti olmuşdur. O ki qaldı müasir dövrə, orada da Hayastan dövlətinin olduğunu sübut edən heç bir dəlil yoxdur. Yalnız 20-ci əsrin əvvəllərində Rusiya imperiyasının işğalçı siyasəti əsasında Cənubi Qafqazda qədim türk-alban torpaqlarında haylar üçün dövlət yaradıldı. Qəribəsi budur ki, həmin dövləti haylar Hayastan adlandırsalar da, dünya yenə də oranı Ermənistan kimi tanıdı.

ERMƏNİSTANIN PAYTAXTI - İRƏVAN QALASI

Ötən əsrin ortalarınadək SSRİ-də heç kim Yerevan şəhərinin dəqiq yaşını bilmirdi. Erməni alimləri bu şəhərin tarixini daha da "qədimləşdirərək" onun erməni keçmişini axtarmağa çalışırdılar. Lakin istənilən halda elmə söykənməyən cəhdlər nəticəsiz qalırdı. Belə ki, İrəvan (qeyd: indiki Yerevan) XVI əsrin əvvəllərində Səfəvi imperiyası tərəfindən müdafiə qalası qismində Osmanlı ilə sərhəddə inşa edilmişdi. Osmanlıların şərqə hücumunun qarşısını almaqçün I Şah İsmayıl Səfəvi (qeyd: Xətai) 1515-ci ildə Zəngi çayının üzərində qala tikilməsini əmr etmişdi. İnşaat işləri vəzir Rəvanqulu xana həvalə olundu. Buradan da qalanın adı yarandı - Rəvan qala. Sonralar Rəvan qala Rəvan şəhərinə çevrildi və daha sonra İrəvan adını aldı. Səfəvi imperiyasının zəifləməsindən sonra iyirmidən artıq müstəqil Azərbaycan xanlıqları yarandı. Onlardan biri də İrəvan xanlığı idi. Hansı ki, XIX əsr rus işğalına qədər mövcud oldu.

1950-ci ildə Sevan (qeyd: Göyçə) gölünün ətrafında tapılmış qədim yazının oxunması zamanı ermənilərin əlinə yeni bir fürsət düşdü. Belə ki, həmin ərazidə Urartu dövlətinə aid eramızdan əvvəl 782-ci ildə mövcud olmuş Erebuni adlı qalanın mövcud olduğu üzə çıxdı. Yazıda 3 hərf qeyd olunurdu "RBN" (qeyd: qədim zamanlarda sait hərflər yox idi). Ermənistan SSR-in ziyalıları dərhal 1968-ci ildə Yerevan şəhərinin 2750 illik tarixə malik olduğunu bildirərək, bunun şərəfinə silsilə bayram tədbirləri həyata keçirdilər. Halbuki Urartu erməni dövləti deyildi və yazılar indiki Yerevanın ərazisindən yüzlərlə kilometr uzaqda, Sevan (qeyd: Göyçə) gölünün ətrafında tapılmışdı. Həm də Erebuni sözü nə qədim, nə də müasir hay dilində heç bir məna vermirdi. Qədim alban tayfalarının dilində isə "ər evi, əsgərlər evi" mənasını daşıyırdı. Digər tərəfdən, əgər haylar indiki "paytaxtlarının" bu qədər qədim tarixə malik olduğunu bilsəydilər, təbii ki, bu, onların tarixində, yaddaşında qalardı və keçmişdən indiyədək hər il şəhərin yaş gününü qeyd edərdilər. Deməli, Yerevanın qədim alban şəhəri Erebuni olması tarixi saxtalaşdırmaqdan başqa bir şey deyildir.

HƏQİQİ TARİX

Yesseyan və Poqrebov adlı arxeoloqlar Cənubi Qafqaz, eləcə də indiki Ermənistan ərazilərində skif, sak mədəniyyət abidələrinin qalıqlarını tapmışlar və gəldikləri nəticələrə uyğun ümumi xəritə tərtib etmişlər. Bu xəritədə göstərilən nöqtələrin hamısı Dədə-Qorqud boylarında adı keçən coğrafi ərazilərin adını əhatə edir. Demək, Dədə Qorqud oğuznamələri o zamanlar oğuz tayfaları olan sakların içində yaranıb.

Hələ 1906-cı və 1932-ci illərdə Göyçənin iki kəndində qəribə bir kitabə tapılmışdı. Tarixçilər onun Ərməniyyə ərazisində mövcud olmuş Aramey əlifbası ilə yazıldığını və Artaşaxse adlı canişinə aid olduğunu müəyyən etdilər. Lakin yazı erməni arxeoloqlarının, xəttatlarının cidd-cəhdlərinə baxmayaraq, hay dilində heç bir məna vermədi. Çoxlarının düşündüyü kimi, heç fars dilində də anlam kəsb etmədi. Lakin son dövrün araşdırmaları göstərdi ki, həmin yazı qədim türk tayfalarının birinin dili ilə yazılıb və eynən bu cür səslənir: "Artaşaxse Məliy biləyi Yeritir, bunda Qonğuldu". Göründüyü kimi, bu fakt da həmin torpaqların qədim türklərə aid olduğunu və yazının məhz bu dildə yazıldığını bir daha sübuta yetirdi.

Ümumiyyətlə, İrəvan şəhəri yarandığı gündən bəri rus-erməni işğalına məruz qalanadək daim azəri türkləri tərəfindən idarə olunub. Başqa sözlə desək, tarixin heç bir mərhələsində bu qalanı, şəhəri və xanlığı ermənilər və ya başqa millətlərin nümayəndələri idarə etməyiblər. Fikrimizcə, bu danılmaz fakt da müasir Yerevanın əzəli türk torpağı olduğuna növbəti sübutdur. Əhalinin xronoloji statistikası da dediklərimizi təsdiqləyir. Belə ki, ABŞ-ın Kolumbiya Universitetinin erməni mənşəli tarixçi-professoru Gevork Burnutyan "Zaqafqaziya: millətçilik və sosial dəyişikliklər" kitabında yazır: "Ruslar Şərqi Ermənistanı (qeyd: indiki İrəvan və Naxçıvan ərazilərini) tutduqdan sonra yaydıqları rəsmi statistik məlumata görə, bu ərazilərdə müsəlman əhali 80 faizi ötdüyü halda, ermənilərin sayı güc-bəla ilə 20 faizə çatırdı. İstənilən halda, rusların gəlişindən qabaq ermənilər buralarda heç zaman çoxluqda olmayıblar."

ERMƏNİLƏRİN YAZDIĞI TARİXİ SƏHİFƏLƏYƏRKƏN

Bizim üçün maraqlı idi, görəsən, haylar hansı əsasla Dağlıq Qarabağı və Azərbaycanın digər ərazilərini "böyük hayastanın" ərazisi kimi qeyd edirlər? Odur ki, onların yazdıqları "tarixlə" tanış olmaq qərarına gəldik. Qarşımıza maraqlı faktlar çıxdı: "Erkən tunc dövründə (eramızdan əvvəl III-II minilliklərdə) regionda Kür-Araz mədəniyyətinin daşıyıcıları yaşayırdılar. Eramızdan əvvəl XIII-VII əsrlərdə onları Xocalı-Gədəbəy mədəniyyətinin nümayəndələri əvəz etdilər... Qafqaz Albaniyası və Ermənistan tarixini araşdıran amerikalı tarixçi-professor R.Xyusenin fikrincə, Antik Arsaxın (qeyd: indiki Qarabağ ərazisinin) və Utikin (qeyd: indiki Balakən-Şəki ərazisinin) əhalisi utilər, qarqarlar və başqa xırda xalqlardan ibarət idi. Onların mənşəyi nə olursa-olsun, dəqiq erməni deyildilər. Midiya və Fars idarəçiliyindən uzun illər əvvəl regiona çox sayda irandilli xalqlar yerləşsələr də, yerli əhalinin böyük hissəsi Hind-avropa dillər qrupuna aid deyildi. Diyarın nə zaman və necə erməniləşməsi dəqiq bilinmir... Orta əsrlərə qədər arsaxlılar (qeyd: indiki Dağlıq Qarabağın əhalisi) təkcə ermənicə danışmırdılar, öz dillərində də danışırdılar... Antropoloji tədqiqatlar göstərir ki, indiki Qarabağ erməniləri vilayətin yerli əhalisinin birbaşa törəmələridir. Belə ki, diş quruluşuna görə onlar qafqazlı qonşularına (azərbaycanlılara, ləzgilərə və qismən adıgeylərə) çox bənzəyirlər və indiki Ermənistan əhalisinə, hansılar ki cənubi erməni ərazilərindən (hazırkı Türkiyə və İrandan) köç etmişlərin birbaşa törəmələridir, qətiyyən bənzəmirlər. İndiki Ermənistan əhalisi ön Asiya antropoloji tipinə aiddir...

Erməni alimlərinin qeydlərində o da bildirilir ki, Qarabağ XV əsrdə Qaraqoyunlu və Ağqoyunlu dövlətinin tərkibinə keçdi. XVI əsrdə Səfəvi dövlətinin ərazisinə qatıldı. Gəncə-Qarabağ bəylərbəyinin torpağı olan bu vilayəti Qacarlar nəslindən olan Ziyad oğlu tayfası idarə etməyə başladı. Bu dövrdən etibarən aran Qarabağın əhalisi müsəlmanlaşdırıldı və sonradan türkləşdirildi... Qarabağ xanlığının Rusiyaya birləşməsindən sonra yerli müsəlmanlar İrana köç etdilər. Eyni zamanda Rusiya rəhbərliyinin köməyi ilə İrandan və Türkiyədən Rusiyanın yeni vilayətlərinə, o cümlədən Qarabağa hayların böyük hissəsi köçürüldü...

Nəzərinizə çatdıraq ki, təqdim olunan məlumatlar Ermənistanın elmi mənbələrindən birbaşa tərcümədir.

TARİXİ ARAŞDIRMALAR

Qədim əlifbaları və xəttatlığı araşdıran dünyaca tanınmış alimlər Q.Sevak və D.A.Olderoqqe qədim erməni əlifbasını təhlil edərkən ümumi bir nəticəyə gəlmişlər. Onlar sübut etmişlər ki, bu əlifba cənubi-yəhudi mənşəlidir və demək olar ki, Efiopiya yazı sistemi ilə eynidir. Rus alimi İ.M.Dyakonovun fikrincə isə erməni dili Hind-avropa dillər qrupuna aiddir. Onu Qafqazda mövcud olmuş heç bir dil qrupuna aid etmək olmaz. Erməni alimləri də öz elmi araşdırmalarında buna bənzər fikirləri təsdiq edirlər. Məsələn, tanınmış erməni alimi M.Abeqyan yazır: "Hələ Herodotun dövründə, bizim eradan əvvəl 5-ci əsrdə dəqiq bilirdilər ki, ermənilər sonrakı ərazilərinə qərbdən gəlmişlər." Digər bir erməni alimi K.N.Yüzbaşyanın gəldiyi nəticə isə belədir: "Yüzilliklər boyu ermənilərin taleyini İran, Yunan-roma dünyaları arasındakı əlaqələr təyin edib." Ermənilərin "Qafqaza qədər vətənləri" mövzusunu işləyən Q.A.Kapansyan da açıq-aydın qeyd edir ki, Hayas-Azzi dövləti Fərat, Çorox və Araz çaylarının qovşaqlarında yerləşmişdir. Xatırladaq ki, "Hayas" "Hay" sözündən götürülmüşdür. Ermənilər də özlərini məhz Hay adlandırırlar, indiki dövlətlərini isə Hayastan.

ERMƏNİ XƏSTƏLİYİ

Tibdə analoqu olmayan bir xəstəlik mövcuddur. Onun adı "Dövri erməni xəstəliyi"dir. Nə qədər qəribə səslənsə də, bu xəstəliyə yalnız ermənilərdə və ya erməni genlərinə malik olan insanlarda təsadüf olunur. Daha doğrusu, qismən Şimali Afrika zənci yəhudilərində, İraq yəhudilərində və əsasən, yəni 20-25 faiz erməni əhalisində müşayiət olunur. Sindromları tropik qızdırmanı xatırladan, ümumi süstləşməyə, qarın və baş ağrılarına səbəb olan xəstəlik 1930-cu ildən etibarən tibbi ədəbiyyatlara "Maladie Armenienne" (fransızcadan tərcümədə "erməni xəstəliyi") adı ilə daxil olmuşdur. Uzun illər bu problemi araşdıran ABŞ gen mühəndisi doktor Deniel Kasterin fikrincə, bir neçə min il bundan qabaq Afrikanın şimalında, daha dəqiq desək, indiki İraqın və Efiopiyanın ərazilərində analoji genin daşıyıcıları olmuşdur və bu xəstəlik onlardan yayılmışdır. Göründüyü kimi, tibb elmi də dolayısı ilə ermənilərin Qafqaza Şimali Afrikadan gəlmə olduqlarını sübut edir. Belə ki, genlər mutasiyaya uğrasalar da, əsas keyfiyyətlərini hər zaman qoruyub saxlayırlar.

SON SÖZ ƏVƏZİ

Hayların oğru və saxtakar olmalarını sübuta yetirmək üçün bir neçə fakta nəzər salmaq kifayətdir. Buna görə dərin tarixi araşdırmalar aparmağa ehtiyac yoxdur. Haylar o qədər fırıldaqçıdırlar ki, bizim milli taamları da öz adlarına çıxırlar. Məsələn: "Dolma"(qeyd: doldurma), "xaş" (qeyd: xaşlama, yəni qaynatma), "buğlama" (qeyd: buğda bişirmə), "şaşlık" (qeyd: şişlik, yəni kabab) kimi milli xörəklərimiz haylar tərəfindən özəlləşdirilib. Eyni qaydada milli musiqilərimiz və rəqslərimiz də oğurlanıb. Aşiq mənasını verən aşıq sənəti, məqam mənasını verən muğam, adları və ladları türk təxəyyülünün məhsulu olan xalq mahnılarımız heç bir səbəb göstərilmədən erməni musiqisinin nümunələri kimi təqdim olunur. Bu musiqilərin ritmi əsasında qurulan rəqslərimiz də eyni üsulla haylaşdırılıb.

Deməli, Ermənistan prezidentinin tarixi saxtalaşdırma cəhdini də təsadüf adlandırmaq olmaz. Bunu xəstə erməni təxəyyülünün məhsulu kimi qiymətləndirmək lazımdır.

Natiq Qocaman

O.M.

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.