Rey Kərimoğlu: “Qarabağ əlilləri qapılarda qalıb"

Rey Kərimoğlu: “Qarabağ əlilləri qapılarda qalıb"

15 Avqust 2014 15:30
Bəyəndim (0) Bəyənmədim (0)

"Əvvəllər problemlərimiz daha çox idi. Prezident İlham Əliyevə əsas 5 problemlə bağlı müraciət etdikdən sonra müəyyən mənada onlardan bəziləri həllini tapdı. Biz dövlət başçısından çox razıyıq. Amma problemlərin hamısı birbaşa Prezidentdən asılı deyil. Bu mənada Milli Məclisdən çox narazıyıq".

Bunu modern.az-a açıqlamasında Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlu bildirib.
"Kommunal güzəştlər ləğv olunandan sonra Qarabağ əlillərinə müəyyən qədər kompensasiya verilir. İstəyirik ki, əlillərə kommunal xidmətlərə görə müəyyən limitlər verilsin. Bu Milli Məclisdə baxılası məsələdir, amma həll olunmamış qalıb. Qarabağ Qaziləri Birliyi uzun müddət əvvəl parlamentə müraciət etsə də, elə bil o müraciət dəryada batıb".

R. Kərimoğlunun sözlərinə görə, Qarabağ əlillərinə sığortapulu ödənilməlidir. "Bununla Şəhid Ailələri Cəmiyyətinin sədri Almaz Zeynalova neçə vaxtdır məşğuldur. İş gedib Konstitusiya Məhkəməsinə çıxıb. Hətta Konstitusiya Məhkəməsi də bu pulların ödənilməsi üçün qərar verib. Yalnız Milli Məclisdə hansısa qaydanın müəyyənləşməsi qalıb. Di gəl neçə vaxtdır Milli Məclis bu işi həll etmir".

"Səhiyyə Nazirliyi Qarabağ əlillərini saymır"

Jurnalist Səhiyyə Nazirliyinin də fəaliyyətindən narazılıq edib. "Qarabağ əlillərinin müalicəsi ilə bağlı çox ciddi problemlər var. Hazırda Qəbələdə Qarabağ əlili olan Pərviz Əhmədov hepatit C virusundan əziyyət çəkir. Sağ olsun nazir Kəmaləddin Heydərov da onu qəbul etdi. Amma səhiyyə nazirindən səs çıxmır. 25 yaşında ayağını itirənlərin bu gün 50 yaşı var, onların yeni xəstəlikləri meydana çıxıb. Xəstəxanaya müraciət edirsən, hər şey pulludur. Əlillərə pulsuz verilən dərmanlar ancaq ucuz dərmanlardır. Əsas dərmanların əksəriyyəti bahalıdır ki, onları da almağa imkan çatmır. Hətta bir Qarabağ əlilini xəstəxanaya yerləşdirmək üçün veteran dostları öz aralarında 450 manat pul yığıb, onu xəstəxanaya yerləşdirdilər. Niyə? Axı bunları Səhiyyə Nazirliyi etməlidir. Sonra da deyirlər ki, əlillər özünü yandırır...".

Bir neçə il əvvəl Fizuli adlı qazi dostumuzu xəstəxanada o qədər get-gələ saldılar ki, "Semaşko"da damarını kəsib özünü öldürmüşdü. Xəstəxanalarda əlillərə olan münasibət tibbi personalın insafına qalıb. 180 adda dərman verilməsi nəzərdə tutulsa da, onlar hamısı zəif, ucuz preparatlardır. Oqtay Şirəliyevdən narazıyıq, bu adam dövlətin Qarabağ əlilləri ilə bağlı siyasətinə mane olur, onun üzərinə kölgə salır".

"Bizi dinləyən Səlim Müslümovla Əli Əhmədovdur"

"Baş nazirin müavini Əli Əhmədovla, əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümovla görüşüb problemlərimizi onlara çatdırmışıq. Hər ikisinə minnətdarıq, onlar bizi çox gözəl başa düşür, anlayır və kömək etməyə çalışırlar. Səlim Müslümov yeganə nazirdir ki, öz sahəsinə aid olmayan problemlərin həllində də bizə kömək edir. Amma təhsillə bağlı yaranan problemdə nazir Mikayıl Cabbarov bizə kömək edə bilmir, əlacımız kəsilib yenə Səlim Müslümova müraciət etdik. Niyə belə olmalıdır ki?!".

Rey Kərimoğlu şəhid övladlarından təhsilhaqqı tələb edilməsindən də danışıb:

"Bu ili mart ayının 18-də prezident Qarabağ əlillərinin övladlarının təhsil haqlarının dövlət tərəfində ödənilməsi ilə bağlı sərəncam imzaladı. Amma Gəncə Dövlət Universiteti, Kooperasiya Universiteti, İqtisad Universiteti və bir sıra kolleclərdə təhsil alan tələbələrin ailələrindən təkcə iki gündə 65 şikayət zəngi qəbul etmişik. "Prezidentin sərəncamından xəbərimiz yoxdur" deyib, onlardan təhsilhaqqı tələb edirlər. Təhsil nazirinin şöbə müdiri ilə yenicə telefon danışığımız olub. Məlumatı ona bildirəndə təəccüblənib ki, belə şey ola bilməz. Prezidentin sərəncamına riayət etmək hamının borcudur. Gəncə Dövlət Universitetindən dedilər ki, "sərəncam çıxan vaxt başımız qarışıq olub, xəbərimiz yoxdur". Belə çıxır ki, biz bütün təhsil müəssisələrinə yenidən sərəncam göndərməliyik?!

Bildiyiniz kimi, təhsilhaqqından azad olmaq üçün tələbənin valideyninin şəxsiyyət vəsiqəsinin surəti və əlillik vəsiqəsinin surəti lazım olur. Onu da işin içərisinə tikib Təhsil Nazirliyinə, oradan isə Nazirlər Kabinetinə göndərməlidirlər. Nazirlər Kabineti də bunun üçün vəsait ayırır. Daha bir problem budur ki, vəfat edən əlilin övladını təhsilhaqqından azad etmirlər ki, sənin atan ölüb, qanun yaşayan əlillərə aid edilir. Bu nə biabırçılıqdır?! Sərəncamı anlamırlar, başa düşmürlər, başa düşmək istəmirlər".

"Telviziyalar bizə görə "başını ağrıtmaq" istəmir"

Qarabağ əlili mühaibə insanlarının vəziyyəti barədə narazılığını belə davam etdirib: "Televiziyalarımız bizə çox biganədir. Kimə müraciət ediriksə, bizi dinləmir. "Başımızı ağrıtmaq istəmirik" deyirlər. Bizim əsas istəyimiz Qarabağ əlillərinin problemləri ilə məşğul olacaq bir birgə komissiyanın yaradılmasıdır. Bu istəyimizə də yenə də Səlim Müslümov reaksiya verdi. O da hələ ləngiyir. Komissiya olsa, problemlər dərhal orada müzakirə edilər və həll olunardı. Belə nəzərdə tutulmuşdu ki, orada nazir müavinləri, eyni zamanda əlil, şəhid ailələri və veteran birliklərinin nümayəndələri təmsil olunsun. Heç olmasa ayda bir dəfə yığışsınlar. Dərdimizi izah edə bilmirik. Qarabağ əlili Firudun Məmmədov 2 gözünü itirib. Bu adam əlillərin problemlərindən ötrü piyada, avtobusla, metroyla xəstəxanalara gedir. Qarabağ Qazilər Birliyinin rəhbərliyi imkan daxilində əlindən gələni edir. Amma gücümüz azdır, vəsaitimiz yoxdur. Nərimanov rayonunda Vahid adlı Qarabağ əlililini evindən çıxararaq küçəyə atıblar, baxan yoxdur. İmkanlı biri pulunu məhkəməyə verib onu çölə atdırıb. Bir sözlə, Qarabağ əlilləri qapılarda qalıb. Hər yeni verilən sərəncamı biz yenidən bütün orqanlara təqdim etmək məcburiyyətində qalırıq".

Mediainfo.az