40 yaşlı zabit ölüm ayağında

40 yaşlı zabit ölüm ayağında

4 Avqust 2014 14:20
Bəyəndim (0) Bəyənmədim (0)
Zabitin anası jurnalistlərin vasitəsilə dövlət rəhbərliyindən kömək istəyir

"Hörmətli jurnalistlər! Sizə həyatının 20 ilini Azərbaycan Silahlı Qüvvələrinə xidmətdə keçirən və xidmətinin 80 faizini cəbhə bölgəsində olan oğlum Rəşid Nəbi oğlu Məmmədovun düçar olduğu ağır xəstəliyinə kömək məqsədilə müraciət etmək qərarına gəldim. Bir ana olaraq səsimin eşidilməsinə, ölkə prezidentinə, bu işə aidiyyatı olan qurumlara çatdırılmasına kömək etməyinizi xahiş edirəm". Bu sözlər səhhətində yaranmış problemlərlə bağlı ağır vəziyyətdə ölüm döşəyində yatan 40 yaşlı mayor Rəşid Məmmədovun ölkə jurnalistlərinə ünvanladığı məktubdandır.

Göygöl rayonunda yaşayan mayor Rəşid Məmmədovun anası Səriyyə Məmmədova yazır:

"Oğlum 1995-1999-cu illərdə Bakı Ali Hərbi Dənizçilik Akademiyasında təhsil alıb. 1994-cü ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edir. Tovuz rayonunundakı "N" saylı hərbi hissənin mayorudur. 2013-cü ilin sentyabr ayında səhhətində yaranmış problemlə əlaqədar Bakıda hərbi hospitalda müayinə keçib və ona myeloma (xərçəng) diaqnozu qoyulub. Hospitalda müayinə kursu keçdikdən sonra dövlət xətti ilə Türkiyənin Gülhanə hərbi xəstəxanasına göndərilib. Həmin xəstəxanada 2 aya yaxın müalicə olunsa da, kurs başa çatmamış maliyyə vəsaitinin bitdiyi əsas gətirilərək geri çağırılıb. Baxmayaraq ki, kurs tam başa çatdırılmalı və təxminən 1 ay fasilədən sonra ilik köçürmə mərhələsi olmalı idi. Bunların heç biri olmadı, çünki dövlət tərəfindən maliyyə vəsaiti ödənilmədi. Üstəlik, hərbçi olduğu və ölkədən gedib-gəlməsi xüsusi icazə ilə olduğu üçün müalicəni öz hesabımıza da başa çatdıra bilmədik".

Hərbçinin anası yazır: "Bəs biz neyləyək? Mən yox, siz deyin! Ağrıların şiddətindən bir dəqiqə belə gözünü yuma bilməyən, gözlərimin qarşısında günü-gündən əriyən, artıq yerimə qabiliyyətini də itirən oğlumun bu halına necə dözüm?

Hörmətli jurnalistlər, ümid edirəm ki, bu məsələyə həssaslıq göstərəcək, himayəsində 7 yaşlı balası olan oğlum Rəşidin sağalması üçün, bir ana olaraq fəryadıma, ah-naləmə müsbət cavab verilməsi üçün köməyinizi əsirgəməyəcəksiniz".

Redaksiyadan: Biz Vətənin başının üstünü almış qara buludların sıxlaşdığı, vətənə hər dəqiqə döyüşən oğulların lazım olduğu bir vaxtda mayor Məmmədovun anasının məktubun dərc edir və ümid bəslədiyimizi bildiririk ki, müvafiq strukturlar bu məsələni nəzarətdə saxlayaraq, nəsə bir əncam çəkəcəklər. (Musavat.com)

Mediainfo.az