Erməni işğalına son qoymaq üçün tariximizi bilməliyik

Erməni işğalına son qoymaq üçün tariximizi bilməliyik

9 İyun 2011 16:05
Bəyəndim (0) Bəyənmədim (0)
Partizanlıq hər birimizin borcudur

GİRİŞ

Rusiya imperiyası tərəfindən Cənubi Qafqaza köçürülən ermənilər bu torpaqları özlərinin dədə-baba yurdları elan etmişlər. Hələ bu azmış kimi yerli xalqları sıxışdırıb çıxarmaqla işğalçı siyasətlərini davam etdirirlər. Təbii ki, Rusiya Federasiyası da onların bu siyasətinə şərait yaradır, hər cəhətdən rəvac verir. Məqsəd Sibirdən Şərqi Avropayadək böyük bir coğrafiyanı əhatə edən türk xalqlarının birliyini parçalamaq, onların üzərində hökmranlıq etməkdir. Vəziyyət necə olursa-olsun, biz tariximizi unutmamalıyıq və zaman-zaman xatırlamaqla həqiqətləri gələcək nəsillərə ötürməliyik. Bugünkü məqalədə biz bir daha Dağlıq Qarabağın aparıcı şəhərlərinin və indiki Ermənistan Respublikası adlanan ərazinin paytaxtının tarixini araşdıracaq, bu ərazilərin azərbaycanlılara aid olduğunu sübuta yetirəcəyik. Deyirlər, təkrar biliyin anasıdır. Əgər biz həqiqətləri unutsaq, onda itirdiklərimiz itirəcəklərimizin yanında çox kiçik görünəcək.

ŞUŞA QALASI

1750-ci ildə Pənahəli xan Qarabağ xanlığını düşmən hücumlarından qorumaq üçün alınmaz qala tikdirməyi qərara aldı. Qarabağın ən səfalı və etibarlı guşəsində, üç tərəfdən sıldırım qayalarla əhatə olunmuş dağ yaylasında qalanın bünövrəsi qoyuldu. Yerli camaat yeni salınmış şəhəri onun şərəfinə Pənahabad adlandırdılar. Şiş uclu dağların əhatəsində yerləşən Pənahabad sonralar Şişə, daha sonra isə Şuşa adlanmağa başladı.

Ümumiyyətlə, Şuşa bir şəhər kimi üç mərhələdə təşəkkül tapmışdır. 1763-cü ilə qədər davam edən inşaat işləri qeyri-sabit şəraitdə aparılmış, bu zaman şəhərin Çuxur adlı şərq hissəsində 9 məhəllə salınmışdı. İbrahim Xəlil xanın hakimiyyəti illərində (qeyd: 1763-1806 illərdə), yəni ikinci mərhələdə şəhərdə aparılan tikinti-abadlıq işləri geniş vüsət aldı. Bunun nəticəsində məhəllələrin sayı 17-yə çatdırıldı. Bütövlükdə XIX əsri əhatə edən üçüncü mərhələdə isə şəhərin dağlıq qərb hissəsində yeni 12 məhəllə salınmış, bununla da Şuşanın bir şəhər kimi formalaşma prosesi başa çatmışdı. Şərq memarlığının nadir incisi sayılan bu şəhərin qərbi dəniz səviyyəsindən 1800 metr, şərqi isə 1400 metr yüksəklikdə yerləşir. Şuşanın cənubunda "Cıdır düzü" kimi tanıdığımız düzənlik yerləşir. Məşhur Yeddiqat dolamaları, Daşaltı dərəsinə gedən təbii ornamentli cığırlar, füsunkar Qırxpilləkən yolu, ağ şumal daşlarla döşənmiş küçələr, evlərin pəncərə şəbəkələri, bir-birini əvəz edən abidələr Şuşanın ecazkar gözəlliyinə hər zaman gözəllik qatmışdır.

XANKƏNDİ

Şuşanın tikilməsindən sonra Qarabağ xanı həvəsə gələrək özü və ailəsi üçün istirahət məkanı inşa etmək qərarına gəldi. Bunun üçün xanlığın paytaxtı Pənahabaddan (qeyd: Şuşadan) təxminən 10 km məsafədə dağətəyi məskən seçildi. Belə ki, bu ərazi xanlığın digər yaşayış yerləri olan Ağdama, Xocalıya, Malıbəyliyə, Kərkicahana yaxın idi. İlk illər yeni məkana ancaq xanın ailə üzvləri və xidmətçiləri yerləşdilər. El arasında bu yer "Xanın kəndi" adını aldı və qəsəbə Xankəndi adı ilə məşhurlaşdı. Qarabağ xanlığı çar Rusiyasının tərkibinə keçdikdən sonra xanlığın bütün ərazisinə, o cümlədən Xankəndinə rus hərbi hissələri gətirildi. Yeni salınmış şəhərdə əhalinin azlığından istifadə edən Rusiya imperiyası tezliklə İrandan və Osmanlıdan bura çoxlu sayda erməniləri köçürməyə başladı. 1813-cü ildə şəhərdə heç bir erməni və rus ailəsi yaşamadığı halda, 1847-ci ilin rəsmi məlumatlarına görə, Xankəndinin əhalisi 80 erməni və 52 rus ailəsi kimi göstərildi. Tezliklə burada erməni Qriqoryan kilsəsi inşa edildi. Göründüyü kimi, imperiyanın məqsədi buranı erməniləşdirmək və paytaxt elan etmək idi. Ermənilər və rus zabitləri yeni yaşayış məskənini "ştab" adlandırsalar da, 1847-ci ildə çar Rusiyasının tərtib etdiyi xəritələrdə ərazi Xankəndi adı ilə qeydiyyata alınmışdı. 1900-cü ildə orada artıq 3 min insan yaşayırdı ki, onların da çoxunu əcnəbi ermənilər təşkil edirdi. Əraziyə gətirilən 1-ci Sujeno-Vladiqafqaz Tersk kazak qoşununun köməyi ilə ermənilərin mövqeyi daha da möhkəmləndi. Doğrudur, yaxın kəndlərdə yaşayan, torpağa bağlı olan sadə azərbaycanlı kəndliləri də şəhərin inkişafında müstəsna rol oynayırdılar. Lakin erməni-rus tandeminin nəzarəti ilə onların sayının artmasına məhdudiyyət qoyulurdu.

XƏYANƏTİN NÖVBƏTİ ADI - STEPANAKERT

Artıq 1921-ci ildə Xankəndi qəsəbəsində 398 azərbaycanlı və 981 erməni ailəsi yaşayırdı. 1920-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş (qeyd: respublika rəhbəri) milliyyətcə erməni Anostas Mikoyan və 1921-1925-ci illərdə həmin vəzifəni tutmuş ermənipərəst Sergey Kirov Qarabağın, əsasən də Xankəndinin erməniləşdirilməsi prosesini daha da sürətləndirdi. Bu işğalçı siyasətin nəticəsi olaraq, 4 iyul 1923-cü ildə Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsi Zaqafqaziya bürosunun iclasında Dağlıq Qarabağın Ermənistan SSRİ-nin tərkibinə verilməsi haqda ədalətsiz qərar çıxarıldı. Acınacaqlıdır ki, qədim Azərbaycan torpağının taleyini azərbaycanlılar deyil, ruslar və ermənilər həll etmişdilər. Lakin bir gün sonra Nəriman Nərimanovun Moskvaya göndərdiyi etiraz məktubu əzəli-əbədi türk torpaqlarının muxtariyyət şəklində Azərbaycan SSR-ə qaytarılmasına səbəb oldu. Görünür, mərkəzi hökumət Zəngəzuru, Göyçəni, İrəvanı itirmiş Azərbaycanın növbəti itki ilə barışmayacağını və bunun sosial partlayışa gətirib çıxaracağını anlayırdı. Beləliklə, 7 iyul tarixində Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Dağlıq Qarabağ Muxtar Vilayətinin (qeyd: qısaca DQMV) təşkil edilməsi barədə qərar çıxardı və vilayətin paytaxtı statusu Şuşadan Xankəndinə verildi. Bunun ardınca 6 oktyabr günü Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin növbəti qərarı ilə Xankəndi qəsəbəsinin adı yerli erməni əhalisinin müraciətinə əsasən dəyişdirildi. Stepan Şaumyanın şərəfinə Stepanakert qoyuldu. Nədənsə bu zaman vilayətin, eləcə də şəhərin azərbaycanlı əhalisinin rəyi nəzərə alınmamışdı. 1926-1929-cu illərdə Azərbaycana rəhbərlik etmiş milliyyətcə erməni olan Levon Mirzoyan Xankəndinin baş planını Ermənistandan gəlmiş Aleksandr Tamanyana həvalə etdi. Bununla da onilliklərdir formalaşan şərq memarlıq xətti sıradan çıxarılaraq erməni "memarlığı" ilə əvəz olundu. Sözsüz ki, bu da regiondan tarixi həqiqətlərin izlərini itirmək məqsədini daşıyırdı. Etnik təmizləmə siyasəti 1991-ci ilin dekabr ayında Xankəndinin 17 minlik azərbaycanlı əhalisinin deportasiyası ilə nəticələndi. Yeri gəlmişkən, onu da qeyd edək ki, məhz Levon Mirzoyanın Azərbaycan SSR-ə rəhbərlik etdiyi dövrdə Mığrı (qeyd: indiki Meqri) rayonu qeyd-şərtsiz Ermənistan SSR-ə verilmişdi.

QƏDİM İRƏVAN QALASI

Əslində, ermənilərin işğalçılıq siyasətinin kökü bir qədər də dərinə gedir. Bir faktı xatırlamaq kifayətdir ki, real vəziyyət haqda təsəvvür yaransın. İndiki Ermənistan Respublikası adlanan dövlətin paytaxtı qədim Azərbaycan torpağı olan İrəvan şəhərində təşəkkül tapmışdır.

Belə ki, İrəvan (qeyd: indiki Yerevan) XVI əsrin əvvəllərində Səfəvi imperiyası tərəfindən müdafiə qalası qismində Osmanlı ilə sərhəddə inşa edilmişdi. Osmanlıların şərqə hücumunun qarşısını almaqçün I Şah İsmayıl Səfəvi (qeyd: Xətai) 1515-ci ildə Zəngi çayının üzərində qala tikilməsini əmr etmişdi. İnşaat işləri vəzir Rəvanqulu xana həvalə olundu. Buradan da qalanın adı yarandı - Rəvan qala. Sonralar Rəvan qala Rəvan şəhərinə çevrildi və daha sonra İrəvan adını aldı. Səfəvi imperiyasının zəifləməsindən sonra iyirmidən artıq müstəqil Azərbaycan xanlıqları yarandı. Onlardan biri də İrəvan xanlığı idi. Hansı ki, XIX əsr rus işğalına qədər mövcud oldu. Nəzərinizə çatdıraq ki, bu danılmaz fakt bütün dünya tarixi ədəbiyyatlarına məlumdur.

1950-ci ildə Sevan (qeyd: Göyçə) gölünün ətrafında tapılmış qədim yazının oxunması zamanı ermənilərin əlinə yeni bir fürsət düşdü. Belə ki, həmin ərazidə Urartu dövlətinə aid eramızdan əvvəl 782-ci ildə mövcud olmuş Erebuni adlı qalanın mövcud olduğu üzə çıxdı. Yazıda 3 hərf qeyd olunurdu "RBN" (qeyd: qədim zamanlarda sait hərflər yox idi). Ermənistan SSR-in ziyalıları dərhal 1968-ci ildə Yerevan şəhərinin 2750 illik tarixə malik olduğunu bildirərək, bunun şərəfinə silsilə bayram tədbirləri həyata keçirdilər. Halbuki Urartu erməni dövləti deyildi və yazılar indiki Yerevanın ərazisindən yüzlərlə kilometr uzaqda, Sevan (qeyd: Göyçə) gölünün ətrafında tapılmışdı. Həm də Erebuni sözü nə qədim, nə də müasir erməni dilində heç bir məna vermirdi. Qədim alban tayfalarının dilində isə "ər evi, əsgərlər evi" mənasını daşıyırdı. Digər tərəfdən, əgər ermənilər indiki "paytaxtlarının" bu qədər qədim tarixə malik olduğunu bilsəydilər, təbii ki, bu, onların tarixində, yaddaşında qalardı və keçmişdən indiyədək hər il şəhərin yaş gününü qeyd edərdilər. Deməli, Yerevanın qədim alban şəhəri Erebuni olması tarixi saxtalaşdırmadan başqa bir şey deyildir. O ki qaldı müasir Yerevanın ərazisinə, Urartu salnamələrində oranın adı Quarliki kimi qeyd olunurdu. Bu isə çuxur-sədd mənasını verir. Erməni tarixçiləri həmin ərazilərin "çuxur-sakat" adlandığını iddia edirlər. Hətta onların dediklərinə inansaq belə, "sakat" qədim sak tayfalarının adı ilə bağlıdır, "çuxur" isə türk sözü olan çökək yer mənasını verir. Bu da sak tayfalarının türk mənşəli olduğunu bir daha sübuta yetirir.

1673-cü ildə İrəvanda olmuş Jan Şardel yol qeydlərində yazırdı: "Şəhər torpaqlarını cənub-qərbdən axan Qırxbulaq və şimal-qərbdən axan Zəngi çayları suvarır. Sərdarın sarayı çox gözəl, möhtəşəm bir imarətdir. Min addım o yanda bir qala bürcü ucalır, ona burada "Keçi qalası" deyirlər."

Göründüyü kimi, İrəvan şəhərinin toponim adları türk kəlmələrini özündə əks etdirir. Bu adlara diqqət yetirsək görərik ki, onların heç biri əcnəbilərə, o cümlədən ermənilərə (qeyd: haylara) aid deyildir: Şiləçi, Sabunçu, Boyaqçı, Toxmaq, Təpəbaşı, Dəmirbulaq, Bağçalar, Yoncalıq, Börkçülər (qeyd: bunlar məhəllələrdir), Culfa, Sərdar, Sulu, Tağlı, Susuz, Hacı Əli (qeyd: bunlar karvansaralardır), Dəmirbulaq, Qırxbulaq, Dəlməbulaq, Sərdar (qeyd: bunlar bulaqlardır), Gedərsay, Qırxbulaq, Zəngi (qeyd: bunlar çaylardır), Dərə, Dəlmə, Dəmirbulaq, Dərəkənd, Şəhər və Abbas (qeyd: bunlar bağlardır), Məscid, Zal Xan, Fəhlə, Böyük, Şəhər (qeyd: bunlar meydanlardır), Göy, Qala, Hacı bəyin, Zal Xan, Günlüklü, Günbəzli, Şəhər, Novruzəli, Hüseynəli (qeyd: bunlar məscidlərdir), Qanlıtəpə, Üçtəpə, Qızıl təpə kimi məkan adları İrəvanın tarixən kimə məxsus olduğunu bir daha sübuta yetirir. Hətta ermənilərin nisbətən sıx yaşadıqları ərazidə yerləşən ümumerməni ruhani mərkəzi "Eçmiədzin" kilsəsi də türk mənşəli sözdən götürülüb. Belə ki, bir zamanlar həmin kilsənin ətrafında üç məscid minarəsi ucalırdı ki, oradan mütəmadi olaraq üç müəzzin dini ayinlərini həyata keçirirdi. Elə mərkəzi erməni kilsəsinin adı da buradan götürülmüşdür.

SON SÖZ ƏVƏZİ:

Ermənilər əvvəlcə Qərbi Azərbaycanı, sonra Dağlıq Qarabağı işğal etdilər. Bunun ardınca Qarabağın aran hissəsində yerləşən yeddi rayonu qəsb etdilər. Eyni zamanda qədim türk izlərini itirmək üçün tələm-tələsik yer-yurd adlarını dəyişdirdilər. Onların yeganə məqsədi həqiqətləri yaddaşlardan silməkdir. Biz buna yol verməmək üçün zaman-zaman tariximizi səhifələməliyik. Çünki gələcəyimizin şanlı tarixini yazmağın yeganə yolu keçmişimizi öyrənməkdən keçir.

Natiq Qocaman

O.M.

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.