Ermənilər özləri haqda nə düşünürlər?

Ermənilər özləri haqda nə düşünürlər?

6 İyun 2011 10:55
Bəyəndim (0) Bəyənmədim (0)
Partizanlıq hər birimizin borcudur

DOST VƏ DÜŞMƏN

İnsanlar münasibətlərinə görə iki hissəyə bölünür - dost və düşmən. Dost həyatın hər bir anında sənin maraqlarından çıxış edən kəsdir. Düşmən isə sənin maraqlarını qurban verərək öz istəklərini həyata keçirən insandır. Əslində, düşmən də iki hissəyə bölünür. Düşmənçiliyi mərd-mərdanə aparanla üzdə dost olduğunu göstərib əl altından sənə xəyanət edən bir-birindən kəskin surətdə fərqlənir. Birinciləri dost adlandırmasaq da, ləyaqətli düşmən saya bilərik. İkinciləri isə insan adlandırmaq belə olmur. Onları tülküyə, çaqqala bənzətmək daha düzgün olardı.

Heç kimə sirr deyil ki, ermənilər hər zaman zahirdə bizə dost olduqlarını nümayiş etdirməyə çalışıblar. Orta və yaşlı nəslin nümayəndələri bilirlər ki, çoxlarımızın hətta ailəvi erməni dostları da olub. Silsilə məclislər, toy-büsatlar, gəliş-gedişlər, kirvəliklər bizi zaman-zaman onlara yaxın edib. Halbuki onlar öz milli şüurlarında həmişə türkə qarşı nifrət hissini qoruyub saxlayıblar və gələcək nəsillərə ötürməklə məşğul olublar. Bu yerdə bir atalar sözünü xatırlatmaq yerinə düşərdi: "Pis dostdansa yaxşı düşmənin olsa, yaxşıdır." Bəli, ermənilər nə dost kimi dost çıxdılar, nə də düşmən kimi düşmən. Onlar çörəyimizi yeyib əl altından bizə xəyanət etdilər. Fikrimizcə, bu xəstə düşüncəli insanların kimliyini araşdırmaq bizə onların iç üzünü açmağa imkan verəcək. Odur ki, bugünkü məqaləni ermənilərin özləri barədə fikirləri, düşüncələri əsasında qələmə alırıq. Gərək hər birimiz düşmənimizi tanıyaq ki, onunla effektiv mübarizə apara bilək. Bu məqsədlə düşmənin içinə sirayət edərək onun daxilində baş verən hadisələri erməni KİV-lərinin dili ilə nəzərinizə çatdırırıq.

ERMƏNİLƏR İNTERNETDƏ

Ermənistan Xəbərləri (News.am) agentliyinin 05 oktyabr 2010-cu ildə yaydığı məlumata görə, "Google.ru" saytının "Canlı axtarış" bölümündə "erməni" sözünü yazdıqda, "ermənilər yəhudidir" kəlmələri yazılır. Və ya ingilisdilli "Google.com" saytında eyni sözləri yazdıqda, ekranda belə bir nəticə alınır: "Ermənilər ağdərili deyillər." Bu vəziyyət ermənilərin narazılığına səbəb olsa da, görünür, sayt rəhbərliyi tarixi mənbələrə istinad edərək belə yazmağı məsləhət bilib. Deməli, ermənilərin tarixi köklərini, kim olduqlarını bilmək üçün internetə müraciət etmək kifayətdir.

DÜNYANIN SONU ERMƏNİSTANDAN BAŞLAYACAQ

Ermənistan Xəbərləri (News.am) agentliyinin 06 oktyabr 2010-cu il tarixli "Dünyanın sonu Ermənistandan başlayacaq" məqaləsində yazılır: "Ermənistanın iqlimi növbəti yüzilliklərdə kəskin dəyişikliklərə məruz qalacaq: temperatur həddən artıq yüksələcək, yağışın miqdarı azalacaq, çayların məcrası dəyişəcək, göllərin səviyyəsi artacaq, quraqlıq, torpaq sürüşməsi, daşqınlar müşahidə olunacaq... Ermənistanda orta illik temperatur Selsi ilə 19.2 dərəcəyə yüksələcək. Bu da müasir Tel-Əviv və Beyrutun iqlim göstəricilərinə bərabərdir. Ümumən kənd təsərrüfatının itkisi ildə 190-420 mln dollar təşkil edəcək ki, bu da ümumi daxili məhsulun təxminən 2.5 % azalmasına gətirib çıxaracaq." Onu da qeyd edək ki, bu məlumat Stokholm Ətraf Mühiti Araşdırma İnstitutunun və ABŞ-ın Tafst Universitetinin ekspertləri Elizabet Stanton, Frenk Akkerman və Flaviya Risendin araşdırmaları əsasında qələmə alınmışdır. Məqalədə yer almış BMT inkişaf proqramının iqlim dəyişməsi məsələləri üzrə milli eksperti Naira Aslanyanın fikirləri də diqqətimizi cəlb etdi. Onun sözlərinə görə, artıq ölkənin müxtəlif yerlərində quraqlıq və daşqınlar tez-tez müşahidə olunur, havaların kəskin soyuması vaxtından əvvəl baş verir və sair...

ERMƏNİ ORDUSUNDA VƏZİYYƏT

"Jamanak.am" erməni saytının 05.10.2010 tarixində yaydığı məlumata görə, ötən ilin 03 oktyabr günü axşam saat 19:00 radələrində "N" saylı hərbi hissənin zirzəmisində 18 yaşlı sıravi əsgər Samvel Xaçaturyan özünü asaraq intihar etmişdi. Həmin saytın yaydığı digər məlumatda isə Ermənistan Parlamentinin müdafiə, daxili işlər və milli təhlükəsizlik məsələləri üzrə Komitəsinin sədri Qrayr Karapetyanın açıqlaması yer alır: "Ermənistan ordusunda son faciəli hadisələrin obyektiv və subyektiv səbəbləri vardır. Belə ki, hər ölkənin ordusu onun cəmiyyətinin güzgüsüdür. Ermənistan ordusu Sovet ordusundan bir neçə xoşagəlməz məqamları mənimsəmişdir - kriminal avtoritet, kriminal hərəkətlər və "dedovşina". Bəzi zabitlər vicdansızdırlar və erməni zabitinin adına xələl gətirirlər."

"Ermənistan Zamanı" qəzetinin 26 iyun 2010-cu il tarixində dərc etdiyi "Qorxmazların sərhədi" adlı məqaləsi də bu baxımdan maraq kəsb edir. Orada yer alan Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryanın sözləri erməni ordusundakı, əsasən də sərhəd qoşunlarındakı real vəziyyəti əks etdirir. O demişdir: "Təəssüf ki, bu gün Ermənistan sərhədləri lazımı səviyyədə qorunmur, təhlükəsizliyin yüksək səviyyəsini təmin etmir, biz bütün cəhdlərimizi sərhədlərdəki təhlükəsizlik məsələlərinə səfərbər etməliyik."

ERMƏNİ SİYASƏTİNİN İFLASI

Ermənistan Xəbərləri (News.am) agentliyinin 04 oktyabr 2010-cu il tarixli məlumatında Ermənistan parlamentinin "Miras" fraksiyasının katibi Larisa Alaverdiyanın çıxışı nəşr olunmuşdur. O, verdiyi müsahibədə açıq-aydın bildirmişdir ki, bu gün Ermənistanın xarici siyasəti yoxdur, onu müxtəlif səviyyələrdə münasibətlər əvəz edir, hansılar ki, milli maraqları təmin edən mövqeləri əldə etməyə imkan vermir. Parlament fraksiyasının rəhbərinin müsahibənin sonunda müqayisəli təhlili daha çox diqqətimizi cəlb etdi. O demişdir: "Bilirsinizmi, Ermənistanla Türkiyənin fərqi nədədir? Türkiyə öz siyasətini yüz illər sonraya, Ermənistan isə növbəti beynəlxalq tədbirə hesablayır."

AZƏRBAYCANA VERİLƏCƏKMİ?

"Ermənistan Zamanı" qəzetinin 01 iyul 2010-cu il tarixli "Azərbaycana veriləcəkmi?" başlıqlı məqaləsində erməni cəmiyyətinin təşvişi barədə söz açılır. Məqalədə bildirilir ki, 2008-ci ilin dekabr ayında Gürcüstanla Azərbaycan arasında Gürcüstan Respublikasının mövcud qaz kəmərlərinin 5 il müddətinə Azərbaycana verilməsi haqda hökumətlərarası saziş imzalanmışdır. Buna əsasən yaxın müddətdə Rusiya qazını Ermənistana ötürən boru kəməri də Azərbaycanın ixtiyarına verilə bilər. Bu vəziyyət qış mövsümünə hazırlaşan Ermənistanın durumunu daha da ağırlaşdıracaq.

QORXU

Bildiyiniz kimi, Ermənistan Azərbaycanın torpaqlarını işğal etdikdən sonra Dağlıq Qarabağ ərazisində qondarma Dağlıq Qarabağ Respublikasını (qeyd: qısaca DQR) elan etmişdir və uzun illərdir bu qurumun dünya dövlətləri tərəfindən tanınmasına çalışır. Maraqlıdır ki, indiyədək hətta Ermənistan özü də hüquqi cəhətdən "DQR"-i tanımayıb. Müxalifətin və diaspor təşkilatlarının təzyiqlərinə baxmayaraq, belə bir addım atmaqdan çəkinib. Son dövrlər bu məsələ yenidən Ermənistan parlamentində gündəmə gəldikdə hakim partiyanın rəhbərləri əl-ayağa düşdülər və layihənin müzakirəsinin təxirə salınmasına çalışdılar. "Jam-168" qəzetinin yaydığı məlumata görə, Ermənistan parlamentinin spikeri Ovik Abramyan "Miras" partiyasının rəhbəri Raffi Ovanisyana bu barədə rəsmi müraciət də göndərmişdir. Müraciətdə sənədin tələsik müzakirəyə çıxarıldığı və məqsədəuyğun olmadığı bildirilir.

Ümumiyyətlə, erməni mətbuatı bədbinliyi ilə seçilir. Orada yer alan məqalələr və məlumatlarda əsasən ruh düşkünlüyü hiss olunur. Fərqlilik olsun deyə, sizə ermənilərin nisbətən nikbin xəbərini çatdırmaq istəyirik. Bunun üçün "Yerkir" qəzetinin 06.10-2010-cu il tarixli məqaləsinə nəzər salaq. YDU-nin ümumi psixologiya kafedrasının müdiri, Ermənistan Prezidenti yanında "məhkumların vaxtından əvvəl azadlığa buraxılması" komissiyasının üzvü Qrant Avanesyan demişdir: "Ermənistanda yeniyetmə cinayətinin aşağı səviyyəsi onunla izah olunmalıdır ki, dövlətimiz monomillətlidir. Burada başqa millətlərin nümayəndələri çox az faiz təşkil edir."

Göründüyü kimi, Ermənistan üçün nisbətən nikbin sayılan məlumatda ermənilərin şovinistliyi bir daha üzə çıxır. Belə ki, Sovet dövründə əhalisinin 35 faizi başqa millətlərdən təşkil olunan bu cəmiyyət artıq monomillət olması ilə fəxr edir. Bu da etnik təmizləmənin, əsasən də azərbaycanlıların öz dədə-baba yurdlarından qovulmasının bariz nümunəsidir.

SON SÖZ ƏVƏZİ:

Bugünkü məqaləni erməni mətbuatına istinadən qələmə aldıq. Məqsədimiz onların kim olduqlarını öz dillərindən sizlərə çatdırmaq idi. Diqqət yetirdinizsə, məqalədə əsasən yüksək vəzifə sahibi olan ermənilərin fikirləri və çıxışları yer alırdı. Deməli, real vəziyyət göz qabağındadır. Onlar məğlubiyyətə doğru, biz isə qələbəyə doğru addım-addım irəliləyirik. Prosesin sürətini artırmaq isə ilk növbədə bizlərdən asılıdır. Gərək hamımız öz işimizdə vicdanla çalışaq, güc toplayaq, topladığımız güclə bir yerə zərbə vuraq. Bunun üçünsə zərbənin yerini müəyyən etməliyik. Başqa sözlə desək, düşməni tanımalı, onun zəif yerlərini dəqiqləşdirməliyik.

Murad Şahməmmədov

O.M.

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.