Bizimlə ermənilər arasındakı fərq

Bizimlə ermənilər arasındakı fərq

12 May 2011 22:37
Bəyəndim (0) Bəyənmədim (0)
Niyyətin hara, mənzilin ora

ERMƏNİSTAN RUSİYANIN BİR ƏYALƏTİDİR

Ermənistan Respublikası hüquqi cəhətdən müstəqil ölkədir. O, bir çox beynəlxalq təşkilatlarda, eləcə də BMT-də suveren dövlət kimi təmsil olunur. Lakin dərindən təhlil etdikdə görmək olar ki, deyure müstəqilliyin altında defakto asılılıq durur. Bu həqiqəti zaman-zaman erməni politoloqları da etiraf etməli olurlar. Bəli, Rusiyanın işğalçı siyasətindən yaranan Ermənistan Respublikası hər bir dövrdə olduğu kimi indi də Rusiya Federasiyasının əyaləti funksiyasını daşıyır. Bunu dünyada hamı bilir, lakin üzə vurmur və ya vurmaq istəmir. Onların müqəddəratlarını həll edən bütün məsələlərdə son sözü Rusiya deyir. Yəqin ki, analoji tendensiya Rusiya İmperiyasının süqutuna qədər davam edəcəkdir. Əslində, burada qeyri-adi heç nə yoxdur. Axı hayları (erməniləri) çətin iqlim şəraiti olan ərazilərdən məhsuldar Cənubi Qafqaza köçürən, onlara xüsusi imtiyazlar verən Rusiya olmuşdur. Odur ki, ermənilər "böyük qardaşlarına" minnət borcu duyurlar və danışmaq, düşünmək, fəaliyyət göstərmək hüquqlarını həmişəlik Rusiyaya vermişlər.

MƏSƏLƏYƏ SIRAVİ ERMƏNİLƏRİN BAXIŞI

Qəribəsi odur ki, ermənilər real vəziyyəti görmək, etiraf etmək istəmirlər. Onlarla internet vasitəsilə yaratdığımız rabitədə dəfələrlə bunun şahidi olmuşuq. Ermənilər ruslardan asılı olmadıqlarını söyləməklə yanaşı, az qala tarixin özü qədər dövlətlərinin var olduğunu bildirirlər. Hələ bu azmış kimi bizim dövlətçiliyin qədim keçmişə malik olmadığını və müasir dövrdə Qərbdən asılı vəziyyətdə olduğunu qeyd etməkdən belə çəkinmirlər. Kimin doğru, kimin yalan olduğunu ayırd etməkçün məsələni inkarolunmaz faktlarla araşdıracağıq.

I VƏ SONUNCU ÜMUMDÜNYA ERMƏNİ QURULTAYI

Söz vaxtına çəkər, deyiblər. 2003-cü ilin 05 oktyabr tarixində ümumdünya ermənilərinin I qurultayı keçirildi. Əvvəla onu qeyd edək ki, bu qurultay birinci və sonuncu oldu. O, heç bir məntiqə əsaslanmadan Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində təşkil edildi. Özü də Rusiya siyasi elitasının nəbzinin vurduğu Kremlin Qurultaylar Sarayında. Halbuki sağlam düşüncəyə görə bütün dünya erməniləri müstəqil Ermənistan Respublikasının paytaxtında toplanmalı idilər. 52 ölkədən gəlmiş 138 təşkilatın nümayəndələri kürsüyə qalxan Rusiyanın o vaxtkı prezidenti Vladimir Putini sürəkli alqışlarla qarşıladılar.

ÜMUMDÜNYA ERMƏNİLƏRİNİN MOSKVADAKI QURULTAYINDAN STENOQRAM

Rusiya prezidenti V.Putinin çıxışından:

"Sağ olun, hörmətli xanımlar və cənablar. Günaydın, əziz dostlar. "Barevdzes" (ermənicə salam)... Böyük Rusiya islahatçısı çar dahi Pyotr öz qərarlarının birində aşağıdakıları yazmışdır. Maraqlı səslənir: "Erməniləri mümkün qədər tumarlamaq, vəziyyətlərini mərifətli dərəcədə yüngülləşdirmək, daha çox köç etmələri üçün onlarda həvəs yaratmaq lazımdır"... Aradan çox keçmədi, cəmi 300 il. Deyildi, əməl olundu."

Rusiya prezidentinin qısa nitqi davamlı alqışlarla müşayiət olundu. Hətta onun rusca dediklərini sinxron tərcümədən anlamalı olan əcnəbi ermənilər də mətni tam eşitmədən əl çalırdılar. Onlar ümumi qurultay iştirakçılarının təxminən yarısını təşkil edirdilər. Göründüyü kimi, ermənilər Rusiya rəhbərinin çıxışından və ümumən Rusiya siyasətinin hər bir dövrdə ermənipərəst olmasından razı qalmışdılar. Bu, həm də ermənilərin Rusiya tərəfindən Qafqaza köçürülməsi siyasətinə təşəkkürün təzahürü idi.

QURULTAYDA MƏDHİYYƏÇİLİK

Bu yerdə bir nüansı da qeyd etmək yerinə düşərdi. I erməni qurultayının hər bir iştirakçısının qoltuğunda nədənsə Oleq Blotskinin qələmə aldığı "Vladimir Putin" adlı kitab dururdu. Tədbirdən əvvəl hamıya pulsuz paylanmışdı. Həmin kitabın erməni nümayəndələrinin əlində olması haqlı suallar doğururdu. Təbii ki, bu, erməni yaltaqlığının bariz nümunəsi idi.

MÜƏLLİFDƏN

Xeyli arayıb-axtardıqdan sonra nəhayət ki, bu kitabı əldə edə bildim. İçindəki gəlişigözəl sözlər, mədhiyyəçi ifadələr o qədər maraqlı olmasa da, kitabın üzərində Rusiya erməniləri ittifaqının prezidentinin yazdığı kəlmələr məni düşünməyə vadar etdi. Onun az qala and içməyə bənzər fikirləri belə səslənirdi: "Vladimir Vladimiroviç Putinin həyatı onun öz ölkəsinə və bu ölkədə yaşayan xalqlara duyduğu səmimi məhəbbətin parlaq nümunəsidir. Bizim təşkilat əməli şəkildə onun fəaliyyətinə yardımçı olmağa çalışır..."

QURULTAYDA TƏŞƏKKÜR

Görünür, V.Putin də Rusiya erməniləri ittifaqının prezidentinin bu "and"ını oxumuşdu. Belə ki, o da tribunadan öz təşəkkürünü bildirməyi unutmadı: "Ümidvaram ki, erməni diasporunun tarixi vətəninə xidməti, həmçinin rus-erməni işgüzar əməkdaşlığı yalnız böyüyəcək və inkişaf edəcəkdir."

QURULTAYIN DİLİ - RUS DİLİ

Ümumdünya ermənilərinin I qurultayında çıxış edən Rusiya prezidentindən fərqli olaraq Ermənistan prezidenti Robert Koçaryan yalnız bir dildə danışdı. Daha dəqiq desək, Ermənistanın rəsmi dövlət dili sayılan erməni dilində deyil, rus dilində çıxış etdi və qurultayın məhz Rusiyanın paytaxtında keçirilməsinə məntiqsiz bir açıqlama verdi: "Ən böyük erməni diasporu Rusiyada fəaliyyət göstərir. O, erməni-rus əməkdaşlığında möhkəm körpü rolunu oynayır... Bu tədbirə cənab Putinin gəlişi erməni-rus münasibətlərinin ən yüksək səviyyəsindən xəbər verir."

Xarici ölkələrdən təşrif buyurmuş qurultay nümayəndələri erməni prezidentinin çıxışını əvvəldən-axıradək sinxron tərcümə ilə dinləməli oldular.

Fikrimizcə, yuxarıda sadaladığımız bütün faktlar Ermənistan Respublikasının real vəziyyətindən, daha dəqiq desək, Rusiya Federasiyasından asılılığından xəbər verir. Deməli, mövcud tədbir, eləcə də erməni diasporlarının təşkilatlanması məsələsi ilk növbədə Rusiyanın geostrateji maraqlarına və işğalçı siyasətinə xidmət edir. Heç təsadüfi deyil ki, qurultayda təsis edilən Ümumdünya Erməni Təşkilatının sədri vəzifəsinə Rusiya erməniləri ittifaqının sədri Ara Abramyan seçildi.

YENİ TƏŞKİLATIN KÖHNƏ MƏRAMLARI

Ümumdünya Erməni Təşkilatının sədri Ara Abramyan "Panarmenian" informasiya agentliyinə verdiyi müsahibədə yeni yaranmış təşkilatın məram və məqsədlərinə aydınlıq gətirərkən bunları söyləmişdir: "Bizim təşkilatın əsas vəzifələri aşağıdakılardan ibarətdir;

1. İlk növbədə Ermənistan dövlətinin qorunub-saxlanılması və inkişaf etdirilməsini təmin etmək.

2. "Erməni soyqırımı" faktının beynəlxalq dövlətlər, o cümlədən Türkiyə tərəfindən tanınmasına nail olmaq.

3. Qarabağ məsələsinin "ədalətli" həllinə çalışmaq.

4. Ermənistan iqtisadiyyatını inkişaf etdirmək.

Göründüyü kimi, Ümumdünya Erməni Təşkilatının qayəsi yalan və aqressiya üzərində qurulmuşdur. Fikrimizcə, əlavə şərhə ehtiyac yoxdur.

BİZİM QURULTAY

İndi isə müqayisə üçün Ümumdünya Azərbaycanlarının I və II qurultayına nəzər salaq. 2001-ci ilin 9-10 noyabr tarixlərində baş tutan Dünya Azərbaycanlılarının I Qurultayı Bakı şəhərində keçirilmişdi. Natiqlər öz ana dillərində - azəri türkcəsində danışırdılar. Ulu Öndər Heydər Əliyev yeni yaradılan təşkilatın məqsəd və məramları haqda danışarkən prioritet məsələlər kimi aşağıdakıları söylədi:

"Məqsədimiz xaricdə yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin müzakirə edilməsidir."

16 mart 2006-cı ildə Bakıda keçirilən Dünya Azərbaycanlılarının II qurultayında da fəaliyyət proqramı öz sülhsevər mahiyyətini dəyişmədi. Tədbirdə III qurultaya qədər azərbaycanlı icmalarının konsolidasiyasına, Amerika və Asiya azərbaycanlıları konqresinin təsis olunmasına, azərbaycanlıların ümumdünya təşkilatının yaradılmasına, xarici ölkələrin bələdiyyə, dövlət orqanlarında, parlamentlərində azərbaycanlıların təmsilçiliyinin genişləndirilməsinə, Azərbaycan və Türkiyə diasporlarının birgə forumunun keçirilməsinə, KİV-lərlə işin yaxınlaşdırılmasına, "bazar günü məktəbləri" və digər təhsil-mədəni müəssisələrin yaradılmasına, iş adamlarının Azərbaycanda sosial-iqtisadi proqramlarının reallaşdırılması işinə cəlb olunmasına xüsusi diqqət yetirilməsi təklif edildi.

SON SÖZ ƏVƏZİ:

Ümumdünya ermənilərinin I qurultayı ilə Dünya Azərbaycanlılarının I və II qurultayları arasındakı fərqlər həqiqətləri bir daha üzə çıxardı. Beləliklə, hansı dövlət müstəqil, hansı müstəmləkədir, kim sülhsevər, kim işğalçıdır suallarına cavab tapıldı.

Təəssüf ki, bu məqaləni erməni gəncləri oxuya bilməyəcəklər. Amma eybi yox, onsuz da hər şey hamıya bəllidir, elə onların özlərinə də. Sonda bir atalar sözünü yada salmaq yerinə düşərdi: "Niyyətin hara, mənzilin ora."

Qocayev Natiq (Qocaman)

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub