Erməni terrorizmi dünyada ən irimiqyaslı və təhlükəlidir

Erməni terrorizmi dünyada ən irimiqyaslı və təhlükəlidir

13 May 2011 08:00
Bəyəndim (0) Bəyənmədim (0)
Nədənsə dünya bunu görmək istəmir

SƏDAQƏTLİ SATQINLAR


Rusiya imperiyası tərəfindən Cənubi Qafqaza mərhələlərlə yerləşdirilən ermənilər bütün dövrlərdə ağalarının maraqlarına xidmət etmişlər. Onların Qafqaz xalqlarına qarşı düşmənçilik mövqelərində olmaları, Qafqazın maraqlarını imperialistlərə satmaları barədə ötən sayımızda yazmışdıq. Bu günsə onların öz iyrənc maraqlarını həyata keçirmək yolunda istifadə etdikləri qeyri-insani metodlardan bəhs edəcəyik. Daha doğrusu, Azərbaycanın günahsız əhalisinə, dinc vətəndaşlarına qarşı yönəldilən erməni terrorizmini təhlil edəcəyik. Əvvəlcədən qeyd edək ki, erməni terrorizmi geniş məfhumdur. Bu barədə ətraflı təhlil aparmaq üçün illər də kifayət etməz.



TERRORİZM


Terror sözü latın dilindən tərcümədə "qorxu", "vahimə" mənasını verir. Lakin bütün dünyada belə bir fikir qəbul olunmuşdur ki, terror silahsız insanın və ya insanların fiziki cəhətdən məhv edilməsidir. Bu gün BMT-nin bütün qanun və konvensiyalarında terrorizmin istənilən forması birbaşa və ya dolayısı ilə tənqid olunur. Hətta ayrı-ayrı dövlətlər terrorçuların tələbinin nə olmasından asılı olmayaraq, onlarla danışığa girməmək barədə yekdil qərara gəliblər. Necə deyərlər, yaxşı terrorist ölü terroristdir. Göründüyü kimi, 20-ci əsrin sonlarının və 21-ci əsrin ən böyük bəlası sayılan terrorizm hamı tərəfindən lənətlənir. Lakin nədənsə başqa məsələlərdə olduğu kimi bu məsələyə yanaşmada da ikili standartlar mövcuddur. Söhbət ABŞ-dakı 11 sentyabr hadisəsindən və ya Rusiyadakı "Beslan" qırğınından düşdükdə, hamı terroru və terrorçuları lənətləyir. Lakin Azərbaycanın dinc əhalisinə qarşı zaman-zaman həyata keçirilən terror aktları heç kimin yadına düşmür. Qəribəsi budur ki, hətta öz vətəndaşlarımızın bir çoxu belə bu hadisələrdən xəbərsizdir. Odur ki, gəlin onları xronoloji ardıcıllıqla xatırlayaq. Nəzərinizə çatdırırıq ki, sizə təqdim edəcəyimiz hər bir terror aktında hədəf yalnız dinc əhali seçilmiş, qurbanlar sıravi vətəndaşlar olmuşlar.



ONLAR HƏRBÇİ DEYİLDİLƏR


16 sentyabr 1989-cu ildə "Bakı-Tbilisi" marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılmış, 5 nəfər həlak olmuş, 25 nəfər yaralanmışdır.


18 fevral 1990-cı ildə Yevlax-Laçın yolunun 105-ci kilometrliyində "Şuşa-Bakı" marşrutu ilə hərəkət edən avtobus partladılmış, çoxlu sayda insan həlak olmuşdur.


11 iyul 1990-cı ildə "Tərtər-Kəlbəcər" sərnişin avtobusu partladılmış, 14 nəfər qətlə yetirilmiş, 35 nəfər yaralanmışdır.


10 avqust 1990-cı ildə "Tbilisi-Ağdam" marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılmış, 20 nəfər həlak olmuş, 30 nəfər ağır yaralanmışdır.


10 avqust 1990-cı ildə "Şəmkir-Gəncə" avtomobil yolunda Xanlar rayonunun Nadel kəndi yaxınlığında sərnişin avtobusu partladılmış, 17 nəfər həlak olmuş, 26 nəfər yaralanmışdır.


30 noyabr 1990-cı ildə Xankəndi aeroportu yaxınlığında sərnişin avtobusu partladılmış, 2 nəfər həlak olmuş, 11 nəfər yaralanmışdır.


09 yanvar 1991-ci ildə "Azərbaycan gəncləri" (rusca) qəzetinin müxbiri Salatın Əsgərova və maşında olan daha 3 nəfər terror aktı nəticəsində qətlə yetirilmişdir.


30 may 1991-ci ildə Dağıstan Respublikasının Xasavyurt stansiyası yaxınlığında "Moskva-Bakı" sərnişin qatarı partladılmış, 11 nəfər həlak olmuş, 22 nəfər yaralanmışdır.


31 iyul 1991-ci ildə Dağıstan Respublikasının Temirtau stansiyası yaxınlığında "Moskva-Bakı" sərnişin qatarı partladılmış, 16 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır.


21 avqust 1991-ci ildə Hadrut rayonunun Şadaxt kəndi yaxınlığında avtobus partladılmış, 2 nəfər həlak olmuş, 10 nəfər ağır bədən xəsarəti almışdır.


08 sentyabr 1991-ci ildə "Ağdam-Xocavənd" avtobusu atəşə tutulmuş, 5 nəfər qətlə yetirilmiş, 34 nəfər yaralanmışdır.


08 sentyabr 1991-ci ildə "Ağdam-Qaradağlı" marşrutu üzrə işləyən avtobus atəşə tutulmuş, 8 nəfər həlak olmuş, 42 nəfər müxtəlif dərəcədə xəsarət almışdır.


26 sentyabr 1991-ci ildə "Yevlax-Laçın" yolunda "VAZ-2106" markalı avtomaşın partladılmış, 2 nəfər həlak olmuş, yaxınlıqda olan 14 nəfər yaralanmışdır.


20 noyabr 1991-ci ildə Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında "Mİ-8" vertolyotu atəşə tutulmuş, ekipajla bərabər Azərbaycanın görkəmli dövlət və hökumət nümayəndələri, həmçinin Rusiya və Qazaxıstandan olan müşahidəçilər qətlə yetirilmiş, ümumən 19 nəfər həlak olmuşdur.


26 dekabr 1991-ci ildə "Şuşa-Laçın" yolunun 4-cü kilometrliyində "ZİL-130" və "Moskviç" markalı maşınlar partladılmış, 5 nəfər həlak olmuş, 4 nəfər yaralanmışdır.


08 yanvar 1992-ci ildə Türkmənistandan "Krasnovodsk-Bakı" marşrutu ilə hərəkət edən dəniz bərəsində ermənilər tərəfindən törədilən terror aktı nəticəsində 25 nəfər həlak olmuş, 88 nəfər yaralanmışdır.


28 yanvar 1992-ci ildə "Ağdam-Şuşa" marşrutu ilə uçan "Mİ-8" mülki vertolyotu erməni terrorçuları tərəfindən vurulmuş, ümumi sayı 44 nəfər olmaqla qadın və uşaqlar qətlə yetirilmişdir.


1992-ci ilin yanvar ayında Kərkicahan qəsəbəsinin 80, 1992-ci ilin fevralında Xocavənd rayonunun Qaradağlı kəndinin 77, həmin ilin 26 fevral tarixində Xocalı şəhərinin 613 dinc sakini qətlə yetirilmiş, 650 nəfər isə ağır yaralanmışdır.


18 aprel 1992-ci ildə "Qazax-Cəfərli" yolunun 10-cu kilometrliyində "VAZ" markalı mülki maşın silahlı basqına məruz qalmış, 2 nəfər ölümcül yaralanmışdır.


28 fevral 1993-cü ildə Şimali Qafqazın Qudermes stansiyası yaxınlığında "Kislovodsk-Bakı" sərnişin qatarı partladılmış, 11 nəfər həlak olmuş, 18 nəfər yaralanmışdır.


02 iyun 1993-cü ildə Bakı dəmir yolu vağzalında sərnişin qatarının vaqonlarından birinin partlaması dövlətə külli miqdarda maddi ziyan vurmuşdur. Ələ keçirilən İqor Xatkovski istintaqa etiraf etmişdir ki, Ermənistan Respublikası Milli Təhlükəsizlik Baş İdarəsinin kəşfiyyat şöbəsinin rəisi polkovnik Cahan Ohanesyan tərəfindən məxfi əməkdaşlığa cəlb edilib və sərnişin qatarını partlatmaqda məqsədi dinc əhali arasında qırğınlar törətmək olub.


22 iyul 1993-cü ildə Tərtər rayonunda törədilmiş partlayış nəticəsində 5 nəfər həlak olmuş, 18 nəfər yaralanmışdır.


22 iyul 1993-cü ildə Qazax rayonunun mərkəzində törədilmiş partlayış nəticəsində 6 nəfər həlak olmuş, 10 nəfər ağır yaralanmışdır.


1993-cü ilin sentyabr ayında Hadrut ərazisində dinc əhali ilə dolu olan "QAZ-66" markalı sərnişin avtobusu rayondan çıxarkən partladılmış, 4 nəfər həlak olmuş, 8 nəfər yaralanmışdır.


01 fevral 1994-cü ildə Bakı dəmir yolu vağzalında "Kislovodsk-Bakı" sərnişin qatarında terror aktı törədilmiş, 3 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır.


18 mart 1994-cü ildə Xankəndi şəhəri yaxınlığında İran dövlətinə məxsus "Herkules" tipli təyyarə vurulmuş, çoxu azərilərdən ibarət olan 34 diplomat və onların ailə üzvləri həlak olmuşdur.


19 mart 1994-cü ildə Bakı metropoliteninin "20 Yanvar" stansiyasında partlayış baş vermiş, 14 nəfər həlak olmuş, 49 nəfər yaralanmışdır. İstintaq zamanı məlum olmuşdur ki, Ermənistan xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb olunan ləzgi gəncləri "Sadval" adlı separatçı dəstə yaratmış, hadisə günü məhz Ermənistanın tapşırığını həyata keçirmək məqsədini güdmüşlər.


13 aprel 1994-cü ildə Dağıstan Respublikasının "Daqestanskiye Oqni" stansiyası yaxınlığında "Moskva-Bakı" sərnişin qatarı partladılmış, 6 nəfər həlak olmuş, 3 nəfər yaralanmışdır.


03 iyul 1994-cü ildə Bakı metropoliteninin "28 May" və "Gənclik" stansiyaları arasında qatarda baş vermiş partlayış nəticəsində 13 nəfər həlak olmuş, 42 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır.


Göründüyü kimi, ermənilər tərəfindən qətlə yetirilən sıravi vətəndaşların ümumi sayı 1065 nəfərdən artıq, müxtəlif dərəcəli bədən xəsarəti alanların sayı isə 1181 nəfərdən çox olmuşdur. Ölənlərin və yaralananların çoxluğunu, həmçinin hadisə şahidlərinin keçirdikləri mənəvi sarsıntıları nəzərə alsaq, fiziki və mənəvi terrorun miqyasının çox böyük olduğunu görə bilərik. Bir daha nəzərinizə çatdıraq ki, hadisə qurbanları silahlı hərbçilər deyil, sıravi, dinc vətəndaşlar olmuşlar.



YUXUDAN OYANAN DÜNYA


09 sentyabr 1999-cu ildə Moskvada Quryanov küçəsində çoxmərtəbəli bina partladıldı. Nəticədə 87 dinc sakin həlak oldu. Həmin ilin 13 sentyabr günü Kaşirski şosesində törədilmiş partlayışda 121 günahsız vətəndaş qətlə yetirildi. Buynaksk və Volqodonskda 300 nəfərin ölümünə səbəb olan terakt həyata keçirildi. 2004-cü ilin 06 fevralında Moskva metropoliteninin "Avtozavodsk" "Poveletskaya" stansiyaları arasında baş vermiş partlayışda 41 nəfər vətəndaş həyatı ilə vidalaşdı. 2004-cü ilin 01 sentyabr günü isə terrorçular Şimali Osetiyanın Beslan şəhərində 334 günahsız insanın ölümünə səbəb oldular. Yalnız bu hadisələrdən sonra Rusiya terrorizmin nə qədər vahiməli bir güc olduğunu anladı.

11 sentyabr 2001-ci ildə ABŞ-da törədilən silsilə terror hadisələri nəticəsində 2974 nəfər dünyasını dəyişdi. Bu supergüc də terrordan əməlli-başlı silkələndi və sözün hərfi mənasında qəflət yuxusundan oyandı.


Müxtəlif dövrlərdə terrorizmdən əziyyət çəkən ölkələri saymaqla bitmir. Lakin müqayisə üçün onu demək istərdik ki, erməni terrorizmi miqyasına, uzunömürlülüyünə və qurbanlarının sayına görə dünyada birinci yerdə durur. Biz sizə onların cəmi 5 il ərzində azərbaycanlıları hədəfə almış cinayətlərini təqdim etdik. Bu sıraya 19-cu əsrdən müasir dövrə qədər erməni təşkilatlarının dinc vətəndaşlara qarşı həyata keçirdikləri yüzlərlə terror aktını əlavə etsək görərik ki, erməni terrorizmi dünyada ən miqyaslı və təhlükəli terrorizmdir.

Murad Şahməmmədov

O.M.

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb