Erməni cəmiyyətində qarşıdurma dərinləşir

Erməni cəmiyyətində qarşıdurma dərinləşir

2 İyul 2012 14:45
Bəyəndim (0) Bəyənmədim (0)
Dünənki terrora cəhd hadisəsi buna sübutdur

Dünən Ermənistan ordusunun podpolkovniki Vardan Samvelyan əlində çamadan "Arsnakar" restoran kompleksinə gələrək binanı partladacağını bildirib. Tert.am-ın məlumatına görə, hadisə yerinə çağırılan əməliyyat-istintaq qrupu onunla 3 saat danışıq aparıb. Nəticədə, podpolkovnik polisə təslim olub.

Xatırladaq ki, 17 iyun günü İrəvanın Açaryan 29 ünvanında yerləşən "Arsnakar" restoranında mühafizə xidmətinin əməkdaşları Ermənistan ordusunun mayoru, mərkəzi hospitalın şöbə müdiri Vaqe Avetyanı (əslən qarabağlı), hərbi həkim Artak Bayadyanı (əslən qarabağlı) və milli ordunun baş leytenantı Qarik Soqomyanı (əslən qarabağlı) xüsusi qəddarlıqla döymüşdülər. Nəticədə 29 iyun günü mayor hospitalda vəfat etdi.

Qeyd edək ki, hər iki insidentin baş verdiyi restoran Ermənistanın iqtidarda olan "Respublika" partiyasının deputatı, ölkə futbol federasiyasının prezidenti Ruben Hayrapetyana məxsusdur.

Ermənistanın "168 jam" qəzeti məlumat verir ki, artıq ölkədə iqtidarın özbaşınalığına qarşı ictimai səs ucalmaqdadır. Mövcud terror aktına cəhd cəmiyyət tərəfindən pislənilsə də, onun səbəbləri daha çox qınaq obyektinə çevrilməkdədir. Ziyalılar, QHT-lər, hüquq müdafiəçiləri, hətta sadə vətəndaşlar da oliqarxların özbaşınalığına son qoyulmasını tələb edirlər.

Ermənistanın "Qraparak" qəzetinin xəbərində bildirilir ki, mövcud hadisə cəmiyyətdə uzun illər hökm sürən, son zamanlar daha da dərinləşən parçalanmanın fəsadıdır. Belə ki, Serj Sarkisyan komandası ilə sabiq prezident Robert Koçaryanın tərəfdarları, yəni Qarabağ klanı arasında qarşıdurma güclənməkdədir. Bu baxımdan əslən qarabağlı olan hərbçilərin İrəvanda döyülməsini təsadüf adlandırmaq olmaz.

Serj Sarkisyan özünü qarabağlı deyil, zəngəzurlu saydığı üçün onu iqtidara gətirən qüvvənin təsirindən azad olmağa çalışır. Bu isə son nəticədə Qarabağ klanının parçalanmasına, o cümlədən Serj Sarkisyanın siyasi səhnədən getməsinə səbəb olacaq.

Bəzən pis və daha pis arasında birincini seçməli olursan...

Aqil Hüseynov

O.M.