Üçüncü Qarabağ savaşı başlaya bilər? - “Qısa müddət ərzində...”

Üçüncü Qarabağ savaşı başlaya bilər? - “Qısa müddət ərzində...”

3 Mart 2021 22:14
Bəyəndim (1) Bəyənmədim (0)

44 günlük Vətən Müharibəsində məğlub olan Ermənistan hələ də özünə gələ bilmir. Ölkədaxili gərginlik, aksiyalar, etirazlar davam edir. Ermənistan ordusu tamamilə məhv olmuş vəziyyətdədir. Bu da onu deməyə əsas verir ki, Azərbaycan və Ermənistan arasında genişmiqyaslı bir müharibənin yenidən olması real deyil. Lakin israilli politoloq Mixail Finkel yenidən müharibənin başlaması ehtimalının çox olduğunu bildirib: "Ermənilər əvvəlcə silahlanmalı, yeni texnikalardan istifadəni öyrənməlidirlər. Zənnimcə, təxminən 5-10 ilə üçüncü Qarabağ savaşı başlayacaq”.

Bəs bu ehtimal nə dərəcədə doğrudur?

Oxuməni.az xəbər verir ki, mövzu ilə bağlı hərbi ekspert Ədalət Verdiyev qeyd edib ki, Azərbaycanın yerləşdiyi coğrafi ərazi son 30 ildə davamlı olaraq Ermənistanın qonşularına qarşı ərazi iddiaları çıxış etməsi səbəbindən, heç də qısa müddət ərzində sabitləşəcəyini iddia etməyimizə əsas vermir:

"Bugünkü Ermənistanda baş verən proseslər, gedən siyasi intriqalar onu deməyə əsas verir ki, müəyyən qüvvələrin iqtidarda olduğu müddətdə bir qədər sülhyönümlü fəaliyyətlər həyata keçirilə bilər. Halbuki bunların da siqnalları kifayət qədər ciddi və davamlı hesab oluna bilməz. Lakin gələcəkdə tutaq ki, indiki müxalifətdə olan 17 partiyadan hər-hansı birinin hakimiyyətə gəlməsi, Ermənistanın siyası kursunu yenidən əvvəlki, yəni 90-cı illərdə olduğu vəziyyətə qaytara da bilər. Odur ki, Azərbaycan bütün qonşuları ilə sülh şəraitində yaşamaq prinsiplərinə sadiq qalacağı kimi, mümkün gələcək təhdidləri də mütləq nəzərə almalıdır”.

Ekspert əlavə edib ki, Ermənistanın gələcək fəaliyyəti ilə bağlı israilli politoloq Mixail Finkelin dediyi “5-10 il sonra yenidən Qarabağ uğrunda müharibənin başlayacaq” proqnozu bir az erkən görünür: “Ermənistan ordusunun bu müddət ərzində bərpası çətin ki, mümkün olsun. Çünki düşmən müharibədə 4 milyard dollara yaxın bir vəsait itirib. Bu vəsait Ermənistan ordusunun yemədən-içmədən 7 illik büdcəsinin bütövlükdə silaha xərcləməsi deməkdir. Bu da mümkün deyil. Onlar bu vəsaitin 5-10 faizini silaha xərcləyə bilərlər. Başqa bir maliyyə qaynaqları da yoxdur ki, ordu quruculuğunu daha erkən bitirsinlər. Dümənə yalnız məğlubiyyət sindromunu çiyinlərindən atmaq üçün azı 5 il lazım olacaq. Revanşist fikirlər, bəyanatlar səslənə bilər. Lakin reallıqda yüksək mənəvi döyüş ruhuna malik Azərbaycan Ordusuna toparlanıb heç olmasa müqavimət göstərəcək Ermənistan ordusunun qurulması daha sonrakı müddətdə, məsələn 10 ildən sonra bəlkə mümkün ola bilər. İstənilən halda biz bütün bu təhdidlərin hamısını dəyərləndirib, onları öz hərbi büdcəmizdə, hərbi doktrinamızda və hərbi-texniki təchizatımızda nəzərə almalıyıq”.