Azərbaycanla  Erməistan arasında qızıl yatağına görə silahlı toqquşma vəziyyəti yaranıb-VİDEO

Azərbaycanla Erməistan arasında qızıl yatağına görə silahlı toqquşma vəziyyəti yaranıb-VİDEO

27 Noyabr 2020 09:47
346
Bəyəndim (0) Bəyənmədim (8)

Azərbaycan, Ermənistan və Rusiya Silahlı Qüvvələrinin nümayəndələri xüsusi vasitələrdən (GPS) istifadə edərək Kəlbəcər rayonu ərazisində Azərbaycan və Ermənistan dövlət sərhədində demarkasiya işlərinə başlayıblar.

Oxuməni.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sərhədin tam və dəqiq müəyyənləşdirilməsi sərhədin bu və ya digər hissəsinin mülkiyyəti ilə bağlı mübahisələrin və mümkün təxribatların aradan qaldırılması baxımından vacibdir. Demarkasiya işlərindən sonra Ermənistan və Azərbaycan Silahlı Qüvvələrinin hərbi bazalarının göstərilən sərhədlərdə yerləşdiriləcəyi qeyd olunub.

Qeyd edək ki, dünən 250 Azərbaycan hərbçisinin, o cümlədən yüksək rütbəli zabitlərin Zod (Söyüdlü) qızıl mədəninin ərazisində peyda olduqları ilə bağlı erməni mətbuatı məlumat yaymışdı. Hətta bununla bağlı video da paylaşılmışdı. Qeyd olunurdu ki, Azərbaycan əsgərləri erməni hərbçilərindən mədənin ərazisini tərk etməyi tələb ediblər.

"Bura bizim ərazimizdir, rədd olun burdan", - Azərbaycan Ordusunun zabiti deyib.

Erməni tərəfinin təmsil edənlər məsələni aydınlaşdırmaq üçün vaxt istəyiblər. İki saata yaxın davam edən danışıqlardan sonra Azərbaycan Ordusunun əsgərləri sabaha qədər onlara vaxt verib:

"Onlar (Azərbaycan əsgərləri - red.) gedərkən deyiblər ki, sabah gələndə sizi burda görməyək. Yoxsa bilirsiniz nə edəcəyik!"

Ermənistan parlamentinin deputatı Taqui Tovmasyan Kəlbəcərlə sərhəddə Geqarkunik vilayətində yerləşən erməni ordusunun korpus komandiri ilə danışıb. Komandir bu məlumatı təsdiqləyib və bildirib ki, düşmən darvazanı Ermənistan ərazisinə yaxınlaşdırmaq istəyir. Deputat bunu rüsvayçılıq adlandırıb, “Sputnik Armeniya” bildirir.

"Düzünü desəm, mən başa düşmürəm ki, bəyanatın (barışıq haqda – red.) ikinci və ya üçüncü tərəfi haradadır. Mənə, sadəcə, aydın deyil. Mən ordunu Geqarkunik sakinlərinin yanında olmağa və onların təhlükəsizliyini qorumağa çağırıram", - o deyib.

Lakin bundan sonra Ermənistan Müdafiə Nazirliyi bəyanat yayaraq bildirib ki, Azərbaycan hərbçilərinin qızıl mədəni ərazisinə girməsi və çalışanlardan ərazini tərk etməyi tələb etməsi barədə müxtəlif KİV-də yayılan informasiya həqiqətəuyğun deyil.

Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfinin təsvir etdiyi vəziyyəti şərh etmir.

Oxuməni.az