Ermənilər Kəlbəcəri talaya- talaya və hər yerə od vuraraq gedirdilər- Rusiyalı jurnalist

Ermənilər Kəlbəcəri talaya- talaya və hər yerə od vuraraq gedirdilər- Rusiyalı jurnalist

15 Noyabr 2020 10:54
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri arasında əldə edilmiş üştərəfli razılaşmanın şərtlərinə əsasən Kəlbəcər rayonu noyabrın 15-i, saat 00.00-dan etibarən Azərbaycanın nəzarətində olmalıdır. Hələlik Müdafiə Nazirliyindən və digər rəsmi strukturlardan bu barədə rəsmi açıqlama verilməyib, amma xarici jurnalitlər gcə saatlarından belə Kəlbəcərdə vaxtilə qanunsuz məskunlaşmış ermənilərin Ermənistana köçünün davam etdiyini xəbər verirdilər. Və bu torpaqlarda onillərdir qanunsuz yaşadıqları, onun sərvətlərini taladıqları yetmirmiş kimi indi də gedərkən əllərinə nə keçdi talayıb aparırlar.

Oxuməni.az xəbər verir ki, rusiyalı jurnalist Andrey Krasnoşekov dünən gecədən etibarən Azərbaycanın nəzarətinə verilməli olan ərazilərdən reportaj hazırlamaq üçün Rusiya sülhməramlı qüvvələrinin müşaiyəti ilə Kəlbəcərə daxil olub.

“Gündüz saatlarında və gecə qaranlığında dağ aşırımı ilə mebellərlə, iri bağlamalarla və digər ev əşyaları ilə yüklənmiş sovet ZİL-ləri hərəkət edir. Onların ardınca Ermənistan ordusunun”KamAZ”ları döyüşlərdə vurulub dağıdılmış topları yedəyə alıb Vardenisə tərəf aparır. Kəlbəcərdən üzü o yana gecə qaranlığında yüzlərlə maşının faralarının işıqları görünür. Bunlar Qarabağ torpaqlarını həmişəlik və ya ola bilsin çox uzun müddətə tərk edənlərdir”,-jurnalist “Ridus” layihəsi üçün reportajında yazır.

Krasnoşekov yazır ki, ermənilər Kəlbəcərdən yük maşınlarının kuzovuna və qoşqularına yerləşən nə varsa hamısını daşıyır. “Hətta yol boyu tələm-tələsik ağacları da kəsib onsuz da ağzına qədər yüklü olan maşınların kuzovuna yükləyirlər”,-o bildirir.

Erik adında erməni zabiti yol qırağındakı kafenin qalıqlarını göstərib kədərlənir, qaranlıqda əlini yelləyib deyir ki, “o da evinə od vurub”.

“Mən ona qulaq asıram və başımda belə fikirlər dolaşır: “axı azərbaycanlıları da bir vaxtlar qovmuşdular”. Axı onlar da öz evlərindən qovularkən bu yollarla getmişdilər. Bu nə bəladır ki, onlliklər sonra Qarabağda yenidən dövr edir?”,-jurnalist qeyd edir.

Krasnoşekov daha sonra yol boyu artilleriya zərbələrindən dağılmış hərbi maşınların qalıqlarını, yol kənarlarında ermənilərin Kəlbəcəri tərk edərkən dağıdıb getdikləri kafeləri, kəndlərdə alov bürüyən evləri təsvir edir.

“Bu yolla sonuncu dəfə gedirəm. Əlbətdə, biz bilirdik ki, müharibə qaçılmazdır, amma gözləmirdik ki, bu tezliklə başlayar”,-Kəlbəcərin işğalından sonra orada azərbaycanlılardan birinin evini zəbt edib orada yaşamış və indi çıxıb rədd olan Arut adlı sürücü deyir.

Krasnoşekov qeyd edir ki, Kəlbəcərdən Ermənistan istiqamətinə gedən yol boyu Rusiya sülhməramlıları öz postlarını qururlar.

Xatırladaq ki, Kəlbəcər rayonu 1993-cü ilin aprelində Ermənistan tərəfindən işğal edilib. Ermənistan ordusu Kəlbəcəri işğal edərkən çoxsaylı dinc sakinləri qətlə yetirib, qadınları, qızları əsir götürüb, hansı ki, onların bir çoxunun taleyi hələ də məlum deyil. İşğalçılar rayonun kəndlərini, Kəlbəcər şəhərini də talayıb yandırmışdılar.

Daha sonra Ermənistan bu ərazilərdə qanunsuz məskunlaşma həyata keçirməyə və Kəlbəcərin yeraltı sərvətlərini talamağa başladı. İkinci Qarabağ müharibəsi başlayana qədər Kəlbəcərdə 3500-ə yaxın erməninin qanunsuz yaşadığı bildirilirdi.

Oxuməni.az