Prezident İlham Əliyev Türkiyənin xarici işlər və milli müdafiə nazirlərini qəbul edib

Prezident İlham Əliyev Türkiyənin xarici işlər və milli müdafiə nazirlərini qəbul edib

8 Noyabr 18:11
195
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 8-də Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunu və milli müdafiə naziri Hulusi Akarı qəbul edib.

Oxuməni.az xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev deyib:

-Xoş gəlmisiniz, əziz qonaqlar.

Bildiyiniz kimi, bu gün xalqımız üçün çox əziz bir gündür, tarixi bir gündür. Bu gün Şuşa şəhərinin azad edilməsi günüdür. Belə bir gündə bizimlə bərabər olmağınız xüsusi önəm daşıyır. Bu, növbəti qardaşlıq nümunəsidir, növbəti qardaşlıq təzahürüdür. Hər zaman olduğu kimi, yaxşı günlərdə də, ağır günlərdə də biz bir yerdəyik. Bu hadisə bir daha onu göstərir ki, bizim xalqlarımız bir-birinə nə qədər yaxındır, Türkiyə və Azərbaycan bir-birinə nə qədər doğmadır.

Türkiyənin Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan son bir ay ərzində, ondan da çox bir müddət ərzində Azərbaycana dəfələrlə öz dəstəyini göstərmişdir, öz açıq ifadələri ilə siyasi, mənəvi dəstək verməklə bizə əlavə güc vermişdir. Eyni zamanda, siz – hörmətli müdafiə naziri, bizim digər qardaşlarımız dəfələrlə Azərbaycanın yanında olduğunuzu qeyd edirdiniz. Qeyd edirdiniz ki, Türkiyə Azərbaycanın yanındadır. Əlbəttə ki, bu açıqlamalar, bu siyasi və mənəvi dəstək bu münaqişənin həlli üçün də önəmli rol oynamışdır.

Şəhərlərimizin, kəndlərimizin işğaldan azad edilməsi və bu gün Şuşa şəhərinin, qədim Azərbaycan şəhərinin azad edilməsi, əlbəttə ki, böyük tarixi hadisədir. Bu hadisəni bizimlə birlikdə belə canlı şəkildə qeyd etmək üçün Azərbaycana gəlməyiniz bizi çox məmnun edir.

Bir daha sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Bu müddət ərzində bir daha bütün dünya, bizi istəyənlər və istəməyənlər gördülər ki, birliyimiz sarsılmazdır və əbədidir. Bu, belə də davam edəcək. Bir daha sizə təşəkkürümü bildirirəm, sizə “Xoş gəlmisiniz!” deyirəm.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib:

-Bizi qəbul etdiyiniz üçün çox təşəkkür edirik, cənab Prezident. Biz hər zaman Bakıda və Sizin qəbulunuzda olmaqdan böyük məmnunluq hissi keçiririk. Amma bu gün xüsusilə çox məmnunuq. Çünki qəhrəman Azərbaycan Ordusu Ali Baş Komandan, Zati-alinizin rəhbərliyi ilə qədim Şuşa şəhərini işğalçı Ermənistandan geri alıb. Beləliklə, qəhrəman Azərbaycan Ordusunu, Ali Baş Komandan olaraq Sizi və bu çətin günlərdə, xüsusilə də Ermənistanın atdığı raketlərə baxmayaraq, ayaqda dayanan, Ali Baş Komandanının və onun qəhrəman ordusunun arxasında dayanan qardaş Azərbaycan xalqını cani-qəlbdən təbrik edirik.

Hörmətli Prezidentimizin də salamlarını xüsusilə çatdırmaq istəyirəm. Belə bir əlamətdar gündə - Bayraq Günündə burada, Bakıda olmaqdan xüsusilə məmnunuq.

Bizi qəbul etdiyiniz üçün təşəkkür edirik. Bir daha təbrik edirik, cənab Prezident.

Prezident İlham Əliyev: Çox sağ olun. Əziz qardaşıma, hörmətli Prezidentə mənim də salamlarımı çatdırın. Bildiyiniz kimi, biz daim təmasdayıq, dünən də telefonla söhbət etdik. Yəni, daim əlaqədəyik və bu şəxsi əlaqələr, bizim aramızdakı bu dostluq, qardaşlıq əlaqələri ölkələrimiz arasındakı əlaqələrə də müsbət təsir göstərir. Bir daha təşəkkür edirəm.

Oxuməni.az