Əsas məqsəd Azərbaycan ərazilərinin işğalına son qoymaq və ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdir

Əsas məqsəd Azərbaycan ərazilərinin işğalına son qoymaq və ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdir

28 Oktyabr 08:35
170
Bəyəndim (0) Bəyənmədim (0)

Əsas məqsəd Azərbaycan ərazilərinin işğalına son qoymaq və ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdir. Ermənistan bu əraziləri tutub və onları azad etməkdən boyun qaçırır. Biz bu münaqişənin dinc yolla nizamlanmasına dair 1992-ci ildən, yəni 28 il ərzində ATƏT-in himayəsi altında danışıqlar aparmışıq və həmişə bizim bu formata sadiq olduğumuzu vurğulamışıq.

Oxuməni.az xəbər verir ki, bunu Xarici İşlər naziri Ceyhun Bayramov Rusiyanın “Milli müdafiə” jurnalına müsahibəsində bildirib.

"Təəssüf ki, indiyə qədər Ermənistan tərəfindən konstruktiv yanaşma görməmişik. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini, ATƏT-in və digər təşkilatların qərarlarını rədd edib. Ermənistan rəhbərliyi danışıqlar masası arxasında artıq əldə edilmiş razılaşmalardan imtina edərək və münaqişə zonasında mütəmadi silahlı təxribatlar törədərək danışıqlar prosesini hər vasitə ilə uzadırdı. Bu vəziyyət əbədi davam edə bilməzdi.

Xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycanın Ermənistana ərazi iddiaları yoxdur. Biz sərhədləri pozmuruq, ona qarşı hərbi əməliyyatlar aparmırıq. Azərbaycan Silahlı Qüvvələri yalnız Azərbaycanın ərazisində, ölkəmizin beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində fəaliyyət göstərir. Bizim hərəkətlərimiz BMT Nizamnaməsinin özünümüdafiə hüququ haqqında 51-ci maddəsinə, beynəlxalq hüququn fundamental norma və prinsiplərinə əsaslanır.

Bir daha təkrar edirəm, Azərbaycan tərəfin başlıca prinsipi, başlıca məqsədi, BMT Təhlükəsizlik Şurasının qətnamələrində və ATƏT-in qərarlarında nəzərdə tutulduğu kimi, Azərbaycan Respublikasının suveren ərazilərinin işğalına son qoymaqdır. Əgər Ermənistan rəhbərliyi həqiqətən sülh istəyirsə, qoy öz qoşunlarını Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarmağa başlasın", - XİN başçısı vurğulayıb.

Oxuməni.az