Ermənistan rəhbərliyi diktator ölkə rəhbərləri kimi mülki insanları atəş hədəfinə çevirir

Ermənistan rəhbərliyi diktator ölkə rəhbərləri kimi mülki insanları atəş hədəfinə çevirir

21 Oktyabr 08:45
111
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ-ın nüfuzlu və milyonlarla dinləyici kütləsinə malik “Con Batchelor Şou” radio proqramında Ermənistanın ölkəmizə qarşı son hərbi təxribatı nəticəsində yaranmış gərginlik, humanitar sülh razılaşmaları və münaqişənin nizamlanması istiqamətində Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Vaşinqtona səfərləri, ABŞ dövlət katibi Mayk Pompeo ilə nəzərdə tutulan görüşləri ilə bağlı veriliş yayımlanıb.

Oxuməni.az xəbər verir ki, verilişdə müsahib qismində Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və Corctaun Universitetinin professoru Brenda Şeffer çıxış ediblər.

Əvvəlcə, səfir son gərginliklər fonunda Ermənistan və Azərbaycan arasında Rusiyanın vasitəçiliyi ilə iki dəfə humanitar atəşkəs əldə edildiyini, lakin hər iki halda bu atəşkəsin dərhal Ermənistan tərəfindən pozulduğunu qeyd edib. Ermənistanın substantiv danışıqlarda maraqlı olmadığını, bu məqsədlə davamlı olaraq atəşkəsi pozaraq, üçüncü ölkələri, xüsusilə də Rusiyanı münaqişəyə cəlb etmək niyyətini diqqətə çatdırıb. Atəşkəsin vacibliyi ilə yanaşı, danışıqların əhəmiyyətini vurğulayan səfir, ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri qismində münaqişənin həllinə göstərdiyi marağı müsbət qiymətləndirilib. O, Xarici İşlər nazirlərinin Vaşinqtona səfəri və burada keçiriləcək danışıqlardan gözləntilərin olduğunu qeyd edib.

Jurnalistin Ermənistanın Gəncəni raket hücumuna tutması barədə sualını cavablandıran E.Süleymanov bildirib ki, döyüş meydanında məğlub olan Ermənistan rəhbərliyi diktator ölkə rəhbərləri kimi mülki insanları atəş hədəfinə çevirir. Səfir keçmiş İraq lideri Səddam Hüseynin də Küveyti qanunsuz şəkildə işğalı zamanı İsraildə mülki əhalini atəşə tutmasını xatırladaraq, Ermənistan baş naziri Nikol Paşinyanı onunla müqayisə edib. Humanitar atəşkəsdən dərhal sonra münaqişə zonasından kənarda yerləşən Gəncəni atəşə tutmasına diqqət çəkən səfir bildirib ki, Ermənistanın atdığı mərmilər şəhərdəki ortodoks kilsəsinin 500, əsas məscidin isə 300 metrlik məsafəsində partlayıb. 10-dan çox həlak olan mülki əhalinin içərisində 10 aylıq körpənin və 1 gün sonra 5 yaşı tamam olacaq azyaşlının olmasını xüsusi qeyd edib.

Professor Şeffer Azərbaycan əsgərlərinin Araz çayının şimalında yerləşən Ermənistan tərəfindən işğal olunmuş torpaqları azad edərkən çayın qarşı tərəfindən İranda yaşayan azərbaycanlıların onları ürəkdən dəstəkləməsinə diqqət çəkib.

Səfir Azərbaycan xalqı üçün simvolik rəmzi olan Xudafərin körpüsünün azad olunmasının və orada Azərbaycan bayrağının dalğalandırılmasının xalqımız üçün olduqca həssas duyğular yaratdığını qeyd edib.

Oxuməni.az