Ermənistan tək Azərbaycan üçün deyil, bölgədə və dünyada sülhə təhdiddir

Ermənistan tək Azərbaycan üçün deyil, bölgədə və dünyada sülhə təhdiddir

19 Oktyabr 2020 11:09
Bəyəndim (0) Bəyənmədim (0)

Təkcə dostumuz olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındayıq. Azərbaycan tarix və beynəlxalq hüquq baxımından da haqlıdır.

Oxuməni.az xəbər verir ki, bu sözləri oktyabrın 19-da Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop Bakıda jurnalistlərlə keçirdiyi görüşdə bildirib.

M.Şəntop deyib ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində, Avropa Şurası və ATƏT-in qərarlarında Ermənistanın işğalçı olduğu əksini tapıb.

Ermənistanın Gəncəyə hücumunun müharibə cinayəti olduğunu qeyd edən TBMM-in sədri deyib:

“Müharibə cinayətləri törədənlərin bu gün, sabah da olmasa, başqa vaxt mühakimə olunduğu dünyada yaşayırıq. Ermənistan tək Azərbaycan üçün deyil, bölgədə və dünyada sülhə təhdiddir. Buna görə də Türkiyə haqlı mübarizəsində qardaş Azərbaycanın yanındadır. Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. Bizim dostluğumuz əbədiyyətə qədər davam edəcək”.

Dağlıq Qarabağın heç zaman Azərbaycandan ayrı olmadığını vurğulayan M.Şəntop bildirib:

“Dağlıq Qarabağ tarix boyu heç vaxt müstəqil olmayıb və bundan sonra da olmayacaq. Bütün beynəlxalq təşkilatlar da Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu və Ermənistan tərəfindən işğal edildiyini bildirir”.

Ermənistanın Azərbaycanın Gəncə şəhərində mülki əhalini atəşə tutmasını müharibə cinayəti adlandıran TBMM-in sədri deyib ki, vaxt gələcək, bunu törədən Ermənistan rəsmiləri məsuliyyətə cəlb ediləcək.

Oxuməni.az