İran Rusiya və Belarusla ticarət əlaqələrini Azərbaycan üzərindən həyata keçirir

İran Rusiya və Belarusla ticarət əlaqələrini Azərbaycan üzərindən həyata keçirir

5 İyun 2020 12:23
Bəyəndim (0) Bəyənmədim (0)

İranla Avrasiya İqtisadi Birliyinə (AİB) üzv dövlətlər arasında ticarət dövriyyəsi artaraq 2,11 milyard dollara çatıb.

Oxuməni.az xəbər verir ki, bu barədə İranın Baş Gömrük İdarəsinin rəhbəri Ruhulla Lətifi deyib. O qeyd edib ki, 2019-cu ilin oktyabrında İranla AİB arasında ticarət sahəsində əməkdaşlıq haqqında saziş imzalandıqdan sonra tərəflər arasındakı ticarət dövriyyəsində artım müşahidə edilir.

Qeyd edək ki, İran AİB-ə daxil olan Rusiya və Belarusla ticarət əlaqələrini Azərbaycan üzərindən həyata keçirir. Qurumun iqtisadi baxımdan fəal dövlətləri hesab edilən Rusiya və Belarus İranla geniş iqtisadi əlaqələrə malikdir və bu əlaqələri daha da genişləndirmək niyyətindədir.

Hazırda İran Rusiya və Belarusdan tikinti materialları, ağac, taxta, taxıl, kənd təsərrüfatı texnikası və digər ərzaq və qeyri-ərzaq məhsulları idxal edir. İxraca gəldikdə isə İran ilboyu sitrus meyvə, xalça və neft məhsulları göndərir. Bütün bu əməliyyatlar Astara(Azərbaycan)-Astara(İran) dəmir yolu vasitəsilə reallaşdırılır. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas tərkib hissəsi olan Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xətti tam olaraq istifadəyə verildikdən sonra İranın adıçəkilən dövlətlərlə ticarət dövriyyəsi 2 dəfədən çox artacaq ki, bu da Azərbaycanın tranzit gəlirlərinin də artımına səbəb olacaq.

Hələlik Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolunun Qəzvin-Rəşt hissəsi istismara buraxılıb. Rəşt-Astara hissəsində inşaat işləri davam edir. Ölkəmiz Prezident İlham Əliyevin təşəbbüsü ilə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşması prosesinə qoşulduqdan sonra İranla dəmir yolları sisteminin birləşdirilməsi istiqamətində mühüm addım atılıb. İlk növbədə Astara(Azərbaycan)-Astara(İran) şəhərləri arasında 8,5 kilometrlik dəmir yolu xətti çəkilib və iki ölkənin dəmir yolları birləşib. Rusiya və Belarusla Azərbaycanın hələ SSRİ dövründən dəmir yolu əlaqəsi mövcud idi.

İranın Ticarətin Təşviqi Təşkilatının sədri Həmid Zərbudi bildirib ki, ölkəsi ilə AİB arasında 862 növ məhsul idxal və ixrac olunur. Yaxın gələcəkdə idxal-ixrac məhsulların çeşidi və həcmi daha da artacaq.

Nəzərə çatdırmaq lazımdır ki, AİB-ə daxil olan Rusiya və Belarus ticarət əlaqələrini yalnız İranla məhdudlaşdırmayacaq. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi bu dövlətlərə Körfəz ölkələri ilə yanaşı, həm də Cənub-Şərqi Asiya ölkələri və Hindistan ilə ticarət və iqtisadi əlaqələri qurmaq, genişləndirmək imkanı verir. Yüklər Hindistanın Mumbai limanından İranın Bəndər-Abbas limanına daxil olacaq buradan isə Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu vasitəsilə Rusiya, Belarus və Avropanın digər ölkələrinə daşınacaq.

Oxuməni.az