Avstriyalıların 57 faizi yay tətilini vətəndə keçirmək niyyətindədirlər

Avstriyalıların 57 faizi yay tətilini vətəndə keçirmək niyyətindədirlər

21 May 11:44
3 123
Bəyəndim (0) Bəyənmədim (0)

Koronavirus pandemiyası dünyanın bir çox ölkəsində olduğu kimi, Avstriyada da əhalinin səyahət və tətil planlarına ciddi təsir göstərib.

Oxuməni.az-ın verdiyi xəbərə görə, tanınmış “Qallup“ İnstitutunun apardığı sorğuda rəyi soruşulanların 36 faizi bu il yay tətilində səyahətə gedəcəklərini bildiriblər. Respondentlərin 31 faizi isə tətil arzusunda olduqlarını, lakin haraya səfər edəcəkləri ilə bağlı qərarı epidemoloji vəziyyətə əsasən qəbul edəcəklərini söyləyiblər.

Sorğuda iştirak edənlərin 57 faizi yay tətilini vətəndə keçirmək niyyətində olduqlarını qeyd ediblər. Bunun üçün əsas səbəb kimi ənənəvi tətil ölkələrində infeksiya riskinin yüksək olması, səfər imkanlarının məhdudlaşması və həmçinin bu il səyahət büdcəsi üçün az vəsaitin nəzərdə tutulması göstərilib. Avstriyanın müxtəlif turizm regionlarında endirim kampaniyaları da yay tətilini ölkə daxilində keçirmək istəyini artırıb.

Rəyi soruşulanların 40 faizi həmçinin qeyd ediblər ki, bu il yay tətilini ölkə daxilində keçirməklə böhran dövründə yerli turizm müəssisələrini dəstəkləmək niyyətindədirlər.

Daxili turizm üçün ən sevilən regionlara Karintiya federal əyaləti başçılıq edir. Sonrakı yerlərdə isə Ştiriya və Zaltsburq əyalətləri gəlir.

Ölkənin həm yay, həm də qış turizmində rəqibsiz lideri Tirol əyaləti ölkədə virusun ən çox yayılma ocaqlarından biri olduğuna görə, siyahıda dördüncü yerdə qərarlaşmalı olub.

Oxuməni.az