Macarıstan paytaxtında Budapeşt gettosunun azad edilməsinin ildönümündə Holokost qurbanlarının xatirəsi anılıb

Macarıstan paytaxtında Budapeşt gettosunun azad edilməsinin ildönümündə Holokost qurbanlarının xatirəsi anılıb

19 Yanvar 2020 08:27
Bəyəndim (1) Bəyənmədim (0)

Oxumeni.az xəbər verir ki, aksiya iştirakçıları İkinci Dünya müharibəsi illərində Budapeşt gettosunun mərkəzi sayılan Klauzal meydanında şam yandırıblar və həlak olanların xatirəsini bir dəqiqəlik sükutla anıblar.

Macarıstan Birləşmiş Yəhudi İcmasının baş ravvini Şlomo Keveş həmvətənləri tarixin dəhşətli səhifələrini unutmamağa, bununla belə, nifrətə nifrətlə cavab verməməyə çağıraraq deyib: “Bizim cavabımız bizim ləyaqətimiz olmalıdır”.

Keveş deyib: “Məsələ bu deyil ki, valideynlərimiz kim olub, məsələ budur ki, biz onların xatirəsinə necə yanaşırıq və bu faciənin bir daha təkrarlanmaması üçün nələr edirik. Gələcək nəsillərin sülh və təhlükəsizlik şəraitində yaşamasına görə üzərimizə böyük məsuliyyət düşür”.

İsrailin Macarıstandakı səfiri Yakov Hadas-Handelsman çıxışında deyib ki, Budapeşt küçələrindən keçib gettoya gedərkən qarşına çıxan divarlar onda bu hissləri doğurub: “Bu divarlar bizi ayaq saxlamağa və keçmişin dəhşətləri barədə düşünməyə vadar edir. Avropada antisemitizmin yenidən baş qaldırdığı və insanların dini və etnik mənşəyinə görə açıq hücumlara məruz qaldığı indiki dövrdə bu xatirələr xüsusilə əhəmiyyətlidir”.

Holokost dəhşətini yaşamış yazıçı Eva Fahidinin sözlərinə görə, o, elə bir nəslin nümayəndəsidir ki, bütün bunları daim dərin kədərlə xatırlayacaq. Göz yaşlarına boğulan yazıçı deyib: “O qədər il gəlib keçib, amma mənim, o balaca qızın nələr yaşamalı olduğunu hər dəfə xatırlayanda səsim titrəməyə başlayır. Bütün bunların zamanla müalicə olunması əsla mümkün deyil”. Yazıçının sözlərinə görə, dünyanın nifrət dolu üzü ona və doğmalarına tərəf çevriləndə, başlarına olmazın müsibətlər gələndə cəmi 11 yaşında olub. O, çıxışını bu sözlərlə bitirib: “Nifrət ən pis hissdir. Kim ki nifrət edir, özündə yenilməz güc hiss etsə belə, çox aciz biridir”.

Budapeştin 12-ci rayonunun meri Zoltan Pokorni nasist kollaborasionisti olan babasından danışarkən deyib: “Bu, öz əcdadımızla fəxr edə biləcəyimiz hal deyil”.

Xatırladaq ki, Budapeştdəki “böyük” gettonun sərhədlərini müəyyən etmiş sərəncam 1944-cü il noyabrın 29-da dərc edilib. Doxan, Nadyatadi Sabo (hazırda Kerteş), Kiray, Бanyi, Rumbax Sebastyan, Madaç İmre küçələrini, habelə Madaç İmre meydanının və Karoy bulvarının hüdudlarında yerləşən getto elə həmin il dekabrın 10-da tikanlı məftillərlə hasarlanıb.

Əvvəlcə sarı ulduz taxmağa məcbur edilmiş 40 min adam gettodakı 4513 mənzilə köçürülüb, sonra onların sayı sürətlə artaraq 1945-ci ilin əvvəlində 80 min nəfərə çatıb. Qırmızı Xaç Cəmiyyətinin səylərinə baxmayaraq, onlar ac saxlanılıb. Dekabrın sonunda sovet qoşunları Budapeşti mühasirəyə alanda vəziyyət daha da pisləşib. İnsanlar kütləvi surətdə qırılmağa başlayıb, hər gün 80-120 adam ölürmüş. Getto 1945-ci il yanvarın 18-də Qızıl Ordu tərəfindən azad ediləndə təkcə Klauzal meydanında 3 mindən çox meyit aşkar edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az