Respondentlərin 80 faizindən çoxu ölkədə ölüm hökmünün saxlanmasını dəstəkləyir

Respondentlərin 80 faizindən çoxu ölkədə ölüm hökmünün saxlanmasını dəstəkləyir

18 Yanvar 2020 08:35
Bəyəndim (1) Bəyənmədim (0)

Oxumeni.az xəbər verir ki, Yaponiya Nazirlər Kabineti 2019-cu ilin noyabrında ölkədə ölüm hökmünün tətbiqi ilə bağlı 18 yaşdan yuxarı 3000 nəfəri əhatə edən sorğu keçirib. Rəyi soruşulanlardan 81 faizi ölkədə ölüm hökmünün saxlanmasını dəstəkləyib, yalnız 9 faiz bunun əleyhinə olduğunu deyib.

Ölüm hökmünün saxlanmasını dəstəkləyənlərdən nəyə görə bu cür düşündükləri soruşulub və onlara bir neçə cavab variantı təklif edilib. Onların 57 faizinin qənaətinə görə, cinayətin qurbanı olmuş şəxslərin və ailə üzvlərinin hissləri başqa cəza müqabilində bərpa edilə bilməz. 54 faiz respondentin rəyinə görə isə cinayətkarlar törətdikləri çox ağır cinayətə görə həyatları ilə cavab verməlidirlər.

Respondentlər, həmçinin ölüm hökmünün ləğv olunacağı təqdirdə çox ağır cinayətlərin sayının artacağı barədə sualı da cavablandırıblar. Onların 58 faizi belə olacağı təqdirdə ağır cinayətlərin sayının artacağını, 14 faiz isə azalacağını güman etdiyini bildirib.

Sorğu zamanı rəyi soruşulanlar ölüm hökmü ilə yanaşı, ölkədə ömürlük cəzanın tətbiqinə də münasibət bildiriblər. Respondentlərin 52 faizi ömürlük cəza ilə yanaşı, ölüm hökmünün saxlanmasının lehinə olduğunu bildirib, 35 faiz bu cəzaların ləğv edilməsini istəyib.

Əlavə olaraq bildirək ki, Yaponiyada ölüm hökmü asılma yolu ilə həyata keçirilir. Hazırda Yaponiya həbsxanalarında təqribən 100 cinayətkar haqlarında çıxarılmış ölüm hökmünün icrasını gözləyir. İl ərzində ölkədə bir neçə dəfə ölüm hökmü icra edilir, qalanları isə növbəti dəfə hökmün icra olunmasını gözləyirlər. Ötən il Yaponiyada ölüm hökmü avqust və dekabr aylarında icra edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az