Çində yayılan naməlum xəstəliyin koronavirusun yeni növü olduğu müəyyənləşib

Çində yayılan naməlum xəstəliyin koronavirusun yeni növü olduğu müəyyənləşib

9 Yanvar 2020 07:59
Bəyəndim (0) Bəyənmədim (0)

Çində yayılan və sətəlcəmin bilinməyən növü olduğu güman edilən xəstəliyin koronavirusun yeni növü olduğu müəyyənləşib.

Oxumeni.az xəbər verir ki, həkimlər və mütəxəssislər karantin nəzarətinə alınmış xəstələrdən götürülmüş nümunələrin analizləri nəticəsində belə qənaətə gəliblər. Onlar virusun genetik sıralanmasını müvəffəqiyyətlə müəyyən ediblər və həkim nəzarətinə alınanların 15 nəfərin də məhz bu xüsusi virusa yoluxduğunu təsdiqləyiblər. Araşdırmaların növbəti mərhələsində virusun etiologiyası və onun klinik simptomları öyrəniləcək. Koronavirus tənəffüs yolları və qarın boşluğu xəstəliklərinə səbəb ola bilər.

Qeyd edək ki, dekabrın son günlərində Çinin Uxan şəhərində 59 nəfərin sətəlcəmin naməlum növünə yoluxması barədə məlumatlar yayılmışdı. Onlar xəstəxanaların infeksion xəstəliklər şöbəsində ətraf mühitlə təcrid olunmuş vəziyyətdə müalicəyə cəlb olunublar. Xəstəliyə yoluxanlarla yaxın ünsiyyətdə olan 163 nəfər müəyyənləşdirilərək həkim nəzarəti altına alınıb. Müayinələr zamanı bu kəskin respiratorlu virusun quş qripi, “bənövşəyi ölüm” adlanan SARS virusu, Yaxın Şərq ölkələrində respirator koronovirusu (MERS) olmadığı müəyyən edilmişdi.

Uxan səhiyyə komissiyasının məlumatına əsasən, artıq 8 pasiyent müalicəni başa vuraraq evə buraxılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az