Vüqar Rəhimzadə: Prezident İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi gənclərin qoşulduqları fəaliyyətə yeni nəfəs gətirəcək

Vüqar Rəhimzadə: Prezident İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi gənclərin qoşulduqları fəaliyyətə yeni nəfəs gətirəcək

8 Yanvar 2020 15:42
Bəyəndim (2) Bəyənmədim (0)

Məlum olduğu kimi, könüllülük öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən fəaliyyət növüdür. Hazırda dünyada ictimai və cəmiyyət maraqları naminə təmənnasız əmək sərf edən və sözün bütün mənalarında, dünyanı gözəlləşdirməyə çalışan insanların sayı on milyonlarladır. Könüllü fəaliyyətin təşkilatçısı və həyata keçirilməsi qismində həm dövlət orqanları, həm dövlət büdcəsindən maliyyələşən təşkilatlar, həm yerli özünüidarə orqanları, həm də qeyri-hökumət təşkilatları iştirak edə bilərlər. Könüllülük fəaliyyəti insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlir”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə söyləyib.

Baş redaktor bildirib ki, Prezident İlham Əliyev çıxışlarında həmişə gənclərimizin milli vətənpərvərlik ruhunda tərbiyə olunmalarının vacibliyini önə çəkir. Azərbaycanda könüllülük hərəkatının indiki səviyyədə inkişaf etməsi məhz həmin vətənpərvərlik ruhunun, vətəndaşlıq mövqeyinin, milli təəssübkeşliyin parlaq örnəyi olduğunu deyən V.Rəhimzadə bildirib: “Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2020-ci ilin “Könüllülər ili” elan edilməsi bu hərəkatın daha mütəşəkkil xarakter almasını təmin etməklə yanaşı, gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli şəkildə faydalanmaq məqsədlərini də özündə ehtiva edir. Bu Sərəncam bir daha Azərbaycan gəncliyinə göstərilən böyük etimad, gənclərimizin potensialına olan tükənməz inamın göstəricisi, eyni zamanda, könüllü gənclərimizin fəaliyyətinə verilən ali dəyərdir”.

“Sözügedən Sərəncamda vurğulanır ki, könüllülük fəaliyyətinin təşviqi məqsədilə dövlət tərəfindən zəruri addımlar atılaraq normativ hüquqi baza təkmilləşdirilib və dövlət dəstəyi mexanizmləri formalaşdırılıb”, - deyən baş redaktor əlavə edib ki, dövlətimizin başçısı könüllülük fəaliyyətinə həmişə xüsusi əhəmiyyət verib.

Azərbaycanın son illərdə bütün dünyada könüllülər hərəkatının mərkəzinə çevrildiyini deyən Vüqar Rəhimzadə vurğulayıb: “Prezident İlham Əliyevin Sərəncamı bu il gənclərimizin yeni ideyalarının daha geniş vüsət alması, ölkə həyatının bütün sferalarında yeni nəfəs və innovativ düşüncənin bərqərar olması üçün yaradılan şans, əlverişli fürsətdir. Çünki könüllü kimi fəaliyyətə başlayan hər hansı gənc gələcəyin uğurlu kadrı hesab edilir. Vaxtilə könüllülük fəaliyyətinə başlayan gənclərin çoxu hazırda dövlət idarəçiliyində müxtəlif vəzifələrdə çalışır. Həmin gənclər hələ könüllü ikən onların qarşısında duran əsas məqsədin Azərbaycan dövlətinin müstəqilliyinin qorunması və daha da möhkəmləndirilməsi olduğunu bilərək, hazırda müxtəlif dövlət vəzifələrində də məhz bu amalla fəaliyyət göstərirlər”.

“Könüllülük cəmiyyətdə insanlar arasındakı sosial əlaqələrin mükəmməl şəkildə formalaşmasında, yeni ali dəyərlərin meydana gəlməsində, qarşıya çıxan problemlərin fərqli çözüm yollarının ortaya çıxmasında çox mühüm rol oynayır”, - deyən Vüqar Rəhimzadə onu da söyləyib ki, ölkə həyatının bir çox sferalarında özünü doğruldaraq ümummilli hərəkata çevrilməyi bacaran könüllülük cəmiyyətimizin bütün təbəqələrinə nüfuz edərək gənclərin yaşam tərzi kimi diqqəti çəkir.

“Azərbaycanda “Eurovision” Mahnı Müsabiqəsi, I Avropa Oyunları, Formula 1 yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsində könüllü gənclərin fəaliyyəti əvəzsiz rol oynayıb. Bu gün isə onlar ASAN, “Regional İnkişaf” İctimai Birliyi, “Bir” Tələbə könüllülüləri və digər könüllü hərəkatları yaradaraq mərkəzi və yerli icra hakimiyyətləri orqanlarında on minlərlə gəncin birləşdiyi könüllü qrupları qismində ölkəmizin inkişafına öz töhfələrini verirlər. Düşünürəm ki, Prezident İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi gənclərin qoşulduqları fəaliyyətə yeni nəfəs gətirəcək”, - deyə baş redaktor bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az