Milad bayramı Gürcüstanda “Alilo” yürüşü ilə qeyd olunub

Milad bayramı Gürcüstanda “Alilo” yürüşü ilə qeyd olunub

7 Yanvar 2020 16:27
Bəyəndim (2) Bəyənmədim (0)

İsa peyğəmbərin mövlud günü – Milad bayramı Gürcüstanda da təntənə ilə qeyd olunur.

Oxumeni.az xəbər verir ki, yanvarın 6-da gecə saat 00:00-dan başlayaraq pravoslav məbədlərində bayram mərasimi keçirilib.

Pravoslav xristianların Milad bayramı yanvarın 7-də “Alilo” adlı mərasimlə davam edib.

Tbilisidəki Respublika meydanından başlayan ənənəvi “Alilo” yürüşü Müqəddəs Troitsa kilsəsində başa çatıb. Yolboyu din xadimləri, üzərində xaç şəkli olan ağ köynək geyinmiş, əllərində bayraqlar tutmuş gənc və yeniyetmə oğlan və qızlar müxtəlif dini ayinlər icra edib, dualar oxuyublar. Eyni zamanda, müxtəlif heyvanlar qoşulmuş arabalarda yerli istehsal məhsulları nümayiş etdirilib.

Rustaveli prospektində, parlamentin və Tbilisi meriyasının binası önündə dövlət və hökumət üzvləri, deputatlar yürüş iştirakçılarını salamlayıb, hədiyyələr təqdim ediblər. Rustaveli prospektində, Azadlıq meydanında, Barataşvili körpüsünün üstündə, küçələrdə uzun yol keçən yürüş iştirakçılarına yerli əhali və şəhərin qonaqları da hədiyyələr, şirniyyatlar veriblər. Toplanılan yardımlar kimsəsiz, tənha və köməyə ehtiyacı olan insanlara paylanacaq.

Gürcüstanın Katolikos-Patriarxı Müqəddəs Troitsa kilsəsində iştirakçıları salamlayıb, onlara xeyir-dua verib. İştirakçılar Patriarx II İliyaya şirniyyat təqdim ediblər.

Bununla da Gürcüstanda Pravoslav xristianların bayram tədbirləri başa çatıb.

Qeyd edək ki, “Alilo” bayramı Gürcüstanda XIV əsrdən qeyd olunur. Lakin bir müddət bu bayramın qeyd edilməsi qadağan olunmuşdu. Gürcü xalqı 2000-ci ildən yenidən bu bayramı təntənə ilə qeyd edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az