Avstriya Bağdaddakı səfirliyini bağlayıb

Avstriya Bağdaddakı səfirliyini bağlayıb

6 Yanvar 2020 22:36
Bəyəndim (1) Bəyənmədim (0)

Avstriya Xarici İşlər Nazirliyi son günlərdə Yaxın Şərqdə yaranmış gərginliyi nəzərə alaraq Bağdaddakı səfirliyini bağlayıb. Nazirliyin yaydığı məlumata görə, bu addım təhlükəsizlik səbəbindən atılıb və konsulluq məsələlərini müvəqqəti olaraq ölkənin Əmmandakı səfirliyi icra edəcək. İraq ərazisində konsulluq xidmətlərindən yararlanmaq istəyən Avstriya vətəndaşları hazırda bu imkandan məhrumdurlar və yalnız Əmmandakı səfirliyə müraciət etməlidirlər. Eyni zamanda, Avstriyanın qonşu ölkələrdəki (İordaniya, Türkiyə, İran, Səudiyyə Ərəbistanı və Küveyt) səfirlikləri öz vətəndaşlarına yalnız müvafiq ölkənin sərhədini keçdikdən sonra yardım edə biləcəklər.

Avstriya XİN hazırkı vəziyyətlə əlaqədar bütün İraq ərazisi üçün ən yüksək səyahət xəbərdarlığı (6-cı təhlükəsizlik pilləsi) elan edib. İranla bağlı sərhəd bölgələrinin 3-cü, ölkənin digər ərazilərində isə 2-ci təhlükəsizlik pilləsi müəyyən edilib. Hazırda İraqda iki yüz, İranda isə üç yüz Avstriya vətəndaşının olduğu ehtimal edilir və bu ölkələrə səfər edənlər qohumlarına baş çəkən Avstriya vətəndaşlarıdır.

Avstriya XİN, həmçinin vətəndaşları xüsusi ehtiyac yaranmadığı təqdirdə İranın sərhədyanı Sistan-Bəlucistan, Kürdistan və Xuzistan ostanlarına da səfərlərdən çəkinməyə çağırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az