Livan “Nissan”ın direktorlar şurasının sabiq sədrinin həbsi ilə əlaqədar İnterpoldan order alıb

Livan “Nissan”ın direktorlar şurasının sabiq sədrinin həbsi ilə əlaqədar İnterpoldan order alıb

4 Yanvar 2020 09:15
Bəyəndim (1) Bəyənmədim (0)

Livan “Nissan” şirkətinin direktorlar şurasının sabiq sədri Karlos Qonun həbsi ilə əlaqədar İnterpoldan order alıb.

Oxumeni.az Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Livanın Ədliyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Albert Əziz Sərxan məlumat yayıb.

Xatırladaq ki, “Nissan” şirkətində külli miqdarda maliyyə fırıldaqlarında ittiham olunan K.Qon girov müqabilində azadlığa buraxıldığı Yaponiyanı qeyri-qanuni tərk edərək Beyruta gedib.

A.Ə.Sərxan bildirib ki, ölkənin hakimiyyət orqanları İnterpolun xahişini nəzərə alaraq K.Qonu sorğu-sual edəcəklər. Nazir əlavə edib ki, K.Qon Livana əsl sənədlə gəlib və aeroportun təhlükəsizlik xidməti onun sənədlərinin qaydada olduğunu təsdiq edib.

Qeyd edək ki, Yaponiya ilə Livan arasında ekstradisiya haqqında müqavilə yoxdur. Yaponiya hökuməti ilə Livan qanunlarına əsasən əməkdaşlıq edəcəklərini qeyd edən nazir K.Qonun ekstradisiyası barədə aydın heç nə deməyib.

Bununla yanaşı, yanvarın 2-də K.Qon öz mətbuat katibi vasitəsilə bəyanat yayıb. Bəyanatda deyilir ki, müxtəlif KİV-lər onun həyat yoldaşı Kerolun və digər ailə üzvlərinin K.Qonun Yaponiyanı tərk etməsinə yardım göstərməsi barədə məlumat yayıblar. Bu şayiələrin heç biri həqiqətə uyğun deyil.

İstintaq orqanlarına yaxın mənbələrin bildirdiyinə görə, videonəzarət kameralarındakı kadrlar K.Qonun bazar günü günorta saatlarında Tokionun mərkəzindəki evini tərk etdiyini təsdiq edir. Həmin vaxt o, tək olub. Eyni zamanda, onun sonradan evə qayıtdığını təsdiq edən kadrların olmadığı da qeyd edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az